Modern.az

Xəzər Dəniz Gəmiçiliyinin liltəmizləyən gəmiləri Kürün deltasını tərk edib

Xəzər Dəniz Gəmiçiliyinin liltəmizləyən gəmiləri Kürün deltasını tərk edib

28 Sentyabr 2010, 12:08


Bu ilin aprel - may aylarında  yağan güclü yağışlar, Kür və Araz çaylarında yaranan bolsululuq Azərbaycanın ayrı-ayrı bölgələrində daşqınlara  səbəb olmuş, Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarında xeyli kənd su altında qalmış, yüzlərlə ev qəzalı vəziyyətə düşmüşdü. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hökumət komissiyası yaradılıb, dövlət büdcəsindən isə 300 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, təbii fəlakətin baş vermə səbəblərindən biri Kürqırağı ərazilərdəki köhnə bəndlərin uçub-dağılması, Kür çayının deltasına yığılan lilin illərlə təmizlənməməsidir. Təbiət şıltaqdır və sabah fəlakətin yenidən təkrarlanmayacağına təminat yoxdur.
Hazırda bəndatma işləri görülürmü, Kürün deltasında işlər başa çatıbmı?

“Melorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Su Anbarları və Su Qovşaqları İstismar İdarəsinin rəisi Əbdürrəhim Hacıyev Modern.az saytına açıqlamasında bildirib ki, əsas təhlükəli zona Saatlı, Sabirabad, Salyan, Neftçala rayonları olduqları üçün burda bəndqurma işləri aparılır.
“İş çoxdu, təhlükəli yerlərdə bu saat bəndlərin möhkəmləndirilməsi işi gedir, aprelə kimi vaxt var”.
Ə.Hacıyev onu da bildirib ki, payız-qış aylarında çayların daşma təhlükəsi yoxdu. “Payız qış aylarında Kürdə 2500 kubmetr su gəlmir, 2500 kubmetr su yalnız yazda gəlir. Qış aylarında 1000 kubmetrə qədər suyun axmasına heç bir təhlükə yoxdu”.

Xəzər Dəniz Gəmiçiliyinin (XDG) mətbuat xidmətinin rəhbəri Vüqar Sadıxov Modern.az- a bildirib ki,  onların liltəmizləyən gəmiləri artıq Kürün deltasında işləri başa çatdırıb. “Hazırda Kürün deltasında gəmimiz yoxdu. Kürün deltasında görüləsi iş çoxdu. Bizim qarşımıza qoyulan vəzifəni yerinə yetirdik. Kürun qolundan dənizə çıxış yox idi, su 70 sm - 1 metrə qədər dərinlikdə axırdı. Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri orda 2 ay müddətində işlədilər, gəmilər 5 metr dərinlikdə və 1 kilometr uzunluğda kanal qazdılar. İndi həmin qolla gəmilər Kürə sərbəst daxil ola bilirlər. Xəzər Dəniz Gəmiçiliyinin qarşısına vəzifə qoyulmuşdu ki, suyun axını təmin olunsun, bim gəmilər də bu işi həyata keçirdilər. Ondan sonra tapşırıq oldu və gəmilər gəldilər öz limanlarına”.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır