Modern.az

“YAP-ın əsl siyahısı elə budur, başqa bir siyahı yoxdur”

“YAP-ın əsl siyahısı elə budur, başqa bir siyahı yoxdur”

1 Oktyabr 2010, 11:53

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısını açıqlaması və üstündən cəmi bir həftə keçməmiş bu siyahıda qəfil dəyişikliklər etməsi gündəmi məşğul edən ən aktual mövzularındandır. Bəs hakim partiyanın öz namizədlər siyahısına yenidən əl gəzdirməsi nəylə bağlıdır?
YAP-ın namizədlər siyahısı açıqlanarkən onun əsl, həqiqi siyahı olmaması ilə də bağlı fikirlər səslənirdi və son günlər siyahı ətrafında baş verənlər bəzi dairələrdə bu fikirlərin heç də əssasız olmadığı qənaətini gücləndirməkdədir. Bununla yanaşı, onu da qeyd edək ki, hakim partiyanın budəfəki namizədləri arasında xeyli tanınmayan qadın və gənc namizədlər çoxluq təşkil edir.
YAP-ın bu taktikası onun seçkilərdə növbəti dəfə uğurunu təmin etmək gücündədirmi?
Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, YAP-ın namizədlər siyahısı və bu siyahıda dəyişikliklər edilməsi məsələsi ətrafında yaradılan hay-küyə, ajiotaja heç bir əsas yoxdur.
“YAP öz siyahısını açıqlayıb, öz mövqeyini ortaya qoyub. İndi YAP-ın öz siyahısına dəyişikliklər etməsi, öz namizədləri ilə bağlı hansısa yeni qərarlar verməsi də onun öz haqqıdır, daxili məsələsidir. YAP öz namizədlərinin hansı dairələrdən irəli sürülməsi, seçilməsi məsələsini özü dəqiq müəyyən edir və qeyd edim ki, həmin namizədlər də açıq seçki mübarizəsində öz mövqelərini ortaya qoyaraq qalib gələ biləcəklər”, - deyən R.Aslanovanın sözlərinə görə, ümumiyyətlə, YAP-ın namizədlər siyahısı uğurlu və uğura hesablanmış bir sıyahıdır:
“Ona görə bu siyahı əsl siyahıdır, yaxud əsl siyahı deyil kimi fikirlərin səsləndirilməsi, böhtandan başqa bir şey deyil. Hər şeyi zaman göstərəcək”.
R.Aslanovanın qeyd etdiyinə görə, YAP-ın namizədləri cəmiyyətin tanıdığı insanlardır: “Bu insanların hər biri cəmiyyət tərəfindən tanınır. İndi belə olan halda bu insanların qələbəsinə şübhə salmaq da düzgün deyil. Bir daha qeyd edirəm, YAP-ın əsl siyahısı elə bu siyahıdır, başqa bir siyahı yoxdur. Başqa bir siyahının olmasına heç kim inanmasın. Bir sözlə , bizim kim olduğumuzu hər kəs çox gözəl bilir”.

Yeri gəlmişkən, konstruktiv və radikal müxalifət adlandırılmasından asılı olmayaraq, hazırda müxalifət cinahında beş seçki bloku formalaşıb. Belə olan təqdirdə, hakim partiya bu seçki bloklarından hansını özünə daha ciddi rəqib görür?

YAP təmsilçisinin dediyinə görə, əgər bu bloklar öz namizədlərini irəli sürüblərsə, qeydiyyatdan keçiblərsə, onların hamısına normal rəqib kimi yanaşırlar və yanaşmaq lazımdır: “Bu seçki kampaniyasıdır, bu seçki mübarizəsidir və bu baxımdan, bu məsələni də çox normal, təbii qarşılayırıq. Kimliyindən asılı olmayaraq, həmin blokları və o bloklardan namizədliyi irəli sürülənlərin hər birisini rəqib kimi qəbul edirik. Ancaq biz öz qüvvəmizə də, öz sosial bazamıza da inanırıq. Əgər rəqibdirlərsə, onlara uyğun olaraq da öz qüvvələrimizi səfərbər edəcəyik, öz mübarizəmizi aparacağıq. Bunun son nəticəsini isə Azərbaycan cəmiyyəti də, beynəlxalq ictimaiyyət də görəcək”.

R.Aslanova qeyd edib ki, bütövlükdə hər bir mübarizədə rəqibi zəif kimi qəbul etmək, yəni, onun qüvvəsini düzgün qiymətləndirməmək məğlubiyyətə aparan bir məqamdır.
“Biz hesab edirik ki, rəqib bitərəfmi, yaxud hansısa siyasi qüvvənin təmsilçisimi olsun, fərqi yoxdur, o, düzgün qiymətləndirilməlidir. Rəqibi zəif kimi qiymətləndirmək bəzən uğursuzluğa gətirib çıxara bilər. Ancaq bununla belə bir daha qeyd edirəm, rəqiblərimizlə açıq seçki mübarizəsində öz qüvvələrimizi ortaya qoya biləcəyik və inanıram ki, qələbə də çalacağıq. YAP-ın irəli sürdüyü namizədlər kifayət qədər güclü namizədlərdir. Yaxşı olardı ki, bizim namizədlərə rəqib olan insanlar da öz qüvvələrini yenidən səfərbər, götür-qoy etsinlər və görsünlər bu insanlarla açıq seçki mübarizəsində onlara qələbə çalmağa gücləri çatacaqmı?”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?