Modern.az

Müəllimlərin işə qəbulu başa çatdı

Müəllimlərin işə qəbulu başa çatdı

1 Oktyabr 2010, 15:36

 

Vakant yerlərin hamısı dolmayıb, əlavə müsabiqə olacaq


2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu başa çatdı. Modern.az saytına Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən məlumat verilib.
Bu il müəllimlərin işə qəbulu elektron vasitələr tətbiq olunmaqla 2 mərhələdə keçirilib.

I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilib. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilib.

Fiziki tərbiyə, gənclərin çağırışaqədər hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri incəsənət, musiqi və nəğmə fənlərindən vakant yerlərə işə qəbul nazirliyin müsabiqə komissiyası tərəfindən müsahibə formasında aparılıb, müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirmə olub və nəticələr kompüter proqramına daxil edilib. Müsahibə zamanı namizədlərə onların təhsilini, təcrübəsini, ixtisası ilə bağlı peşə bacarıqlarını müəyyənləşdirməyə imkan verən suallar verilib.

Digər fənlərdən (dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil), həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə test imtahanı yolu ilə aparılıb. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı verilib. Bu sualların cavablandırılmasına 40 dəqiqə vaxt ayrılıb. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Qiymətləndirmənin I və II mərhələlərinin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi kompüter proqramı vasitəsilə həyata keçirilib. Yekun qiymətləndirmədən sonra vakant yerlərə yerləşdirmə kompüter proqramı vasitəsilə ən yüksək bal toplamış namizəddən başlamaqla həyata keçirilib. Hər hansı ixtisas üzrə bir vakant yerə 2 və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticələrinə uyğun qərar qəbul edib.

Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə işə qəbul zamanı namizədlərin Bakıya qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınıb.

Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən bildirilib ki, 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərindən müsabiqəyə 288 vakant müəllim yeri çıxarılıb. Bunun 198-i Bakı məktəblərində, 90-ı isə 11 şəhər və rayondakı təhsil ocağında idi.
288 vakant yerdə işləmək üçün ümumilikdə 3171 nəfər elektron ərizə verib. Lakin onlardan 1815 nəfərin ərizəsi təsdiqlənib və onlar 288 vakant yerə qarşı müsabiqəyə qatılıblar.

Keçirilən müsabiqə nəticəsində 226 müəllim Bakının və ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərindəki vakant yerlərə işə qəbul olunub.  Müsabiqədə qalib gələn müəllimlər artıq yeni iş yerlərində fəaliyyətə başlayıblar.

Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən bildirilib ki, müsabiqə nəticəsində 288 vakant yerə qarşı 226 nəfər işə qəbul olunduğundan, 62 yer boş qalıb. Buna səbəb həmin yerləri seçənlərin az bal toplaması, eyni zamanda, vakant yerlərin olduğu məktəblərin uzaqlığı üzündən onları seçənlərin az olmasıdır. Həmin vakant yerlərə növbəti mərhələdə işə qəbulun həyata keçirilməsi nəzərdə tutulur.

Nazirliyin məlumatına görə, bu il ibtidai sinif müəllimi ixtisası, ingilis dili, dil-ədəbiyyat, riyaziyyat və b. fənlərdən vakant yerlərə daha yüksək müsabiqə vəziyyəti yaranıb.
Ümumilikdə orta hesabla bir boş yer uğrunda təxminən 6 iddiaçı mübarizə aparıb. Bəzi fənlər üzrə isə daha yüksək müsabiqə vəziyyəti yaranıb. Belə ki, ibtidai sinif müəllimi ixtisası üzrə 10-u Bakının, 10-u isə ölkənin digər şəhər və rayonlarının ümumtəhsil məktəblərində olmaqla cəmi 20 vakant yer olduğu halda, 361 nəfər müsabiqədə iştirak edib. İngilis dilindən 28 vakant yerə qarşı 340 nəfər, dil və ədəbiyyatdan 12 vakant yerə qarşı 266 nəfər, riyaziyyat  fənni üzrə 16 vakant yerə qarşı 201 nəfər mübarizə aparıb.

Təhsil Nazirliyi bəyan edib ki, ölkənin ümumi təhsil müəssisələrini daha keyfiyyətli kadrlarla təmin etmək üçün gələcəkdə tədris ili ərzində 2 dəfə (tədris ilinin əvvəlində və I yarımilin sonunda) işə qəbulun aparılması nəzərdə tutulub.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı