Modern.az

Məmur bürokratiyası Azərbaycan vətəndaşları üçün “Avropaya qapını” necə açır?

Məmur bürokratiyası Azərbaycan vətəndaşları üçün “Avropaya qapını” necə açır?

Ölkə

4 Oktyabr 2010, 11:34

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizlə bağlı çıxartdığı qərarları bizim məhkəmələr də verə bilərdi

İnsan Haqları üzrə Avropa Məhəkəməsi bu günə qədər Azərbaycanla bağlı 15 iş üzrə qərar çıxarıb. Modern.az-ın məlumatına görə, bu barədə Avropa Məhkəməsinin rəsmi saytında qeyd edilib. Sonuncu belə qərar bir neçə gün öncə elan edilib. Avropa Məhkəməsi xalq artisti Flora Kərimovanın 2005-ci ilin parlament seçkisi ilə bağlı şikayətini təmin edib. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan dövlətinin müğənniyə ümumən 59 min 100 avro təzminat ödəməsinə qərar verib.

Avropa Məhkəməsinə gedib çıxmış işlər barədə vaxtaşırı məlumatlar gəlir. İctimai kəsim daha çox bu məhkəmə proseslərinin siyasi işlərlə bağlı olduğunu düşünür və yanılmır da. Amma Avropa Məhkəməsinə gedib çıxmış işlərin heç də hamısının siyasi yükü olmayıb, bir sıra hallarda sadəcə məmur bürokratiyası, qeyri-peşəkar məhkəmə ucbatından müraciətlər ortaya çıxıb.

Modern.az saytı son 10 ildə Avropa Məhkəməsində Azərbaycanla bağlı işləri araşdırarkən bunun şahidi olub. Qeyd edək ki, Flora xanımdan əvvəl də bir bir sıra tanınmış şəxslərlə bağlı Avropa Məhkəməsi qərarlar çıxarıb. Bunlardan biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bağlıdır.

Məhkəmənin 11 yanvar 2007-ci il tarixli qərarı ilə Azərbaycan dövləti ADP sədrinə ərizəçiyə mənəvi ziyanla bağlı 10.000 (on min) avro, xərclər və məsrəflərə görə 1817 (min səkkiz yüz on yeddi) avro məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul edib. ADP sədri 2003-cü il parlament seçkiləri zamanı keçirilən mitinqlərin təşkilatçısı kimi həbs edilib.
Modern.az-a açıqlamasında S. Cəlaloğlu bildirib ki, hökümət ona 10.000 avro təzminatı ödəyib. 

Azərbaycan digər şikayətçi, jurnalist Şeyda Nəsibli barədə çıxarılmış qərarı da icra edib. Ş.Nəsibli iddia edib ki, təsisçisi olduğu ictimai birliyin dövlət qeydiyyatında əhəmiyyətli gecikmələr onun birləşmək azadlığı hüququnu pozub, daxili məhkəmələr müstəqil olmayıb və qərəzli münasibət tutublar. “Jurnalist Araşdırmaları Mərkəzinin” rəhbərinə qərarda göstərilimiş 3000 avro ödənilib.

İsmayıl Əsgər oğlu İsmayılovun Azərbaycana qarşı verdiyi şikayəti də bu qəbildəndir. İş 30 dekabr 2003-cü ildə başlanıb. Ərizəçi iddia edib ki, təsisçisi olduğu ictimai birliyin dövlət qeydiyyatında əhəmiyyətli gecikmələr onun birləşmək hüququnu pozub, daxili məhkəmələr müstəqil və qərəzsiz olmayıb.
Bu şəxs  6 sentyabr 1999-cu ildə təsis edilən «İnsan və Mühit» adlanan birliyintəsisçilərindən biri olub. Avropa Məhkəməsi qərara alıb ki, dövlət tərəfindən İsmayıi İsmayılova 1000 avro (min avro) ödənilsin.

Digər bir qərar “Əhrar” Partiyasının sədri Vaqif  Hacıbəylinin Azərbaycana qarşı verdiyi şikayət üzrə 18 aprel 2005-ci ildə başlanııb. Vaqif bəy iddia edib ki, ona qarşı cinayət araşdırmaları əsassız olaraq davamlı olub, o, polis tərəfindən pis rəftara məruz qalıb, onun hərəkət etmək azadlığı məhdudlaşdırılıb və siyasi baxışlarına görə təqib olunub.
Avropa Məhkəməsi Azərbaycan manatı ilə üstünə gələ bilən hər hansı vergi hesablanmaqla Vaqif Hacıbəyliyə 1.500 avro (min beş yüz avro) ödənilməsi barədə qərar qəbul edib.

Azərbaycan Respublikasının dörd vətəndaşı - Nabat Ramazanova, Emin Zeynalov, Zərifə Qənbərova və Eldar Əlizadə tərəfindən Azərbaycan Respublikasına qarşı verilmiş şikayət üzrə  iş 22 noyabr 2002-ci ildə başlanıb. Bu ərizəçilər də ictimai birliyin dövlət qeydiyyatının gecikdirilməsi ilə bağlı şikayət ediblər. Məhkəmə müəyyən edib ki, 2006-cı ilin dekabrına kimi nə daxili məhkəmələr, nə də hər hansı başqa dövlət orqanları ərizəçilərin Konvensiya hüquqlarına müdaxilə olunmasını açıq-aşkar təsdiq edib.

Məhkəməyə görə, dövlət qeydiyyatı prosesində özbaşına gecikmələr ictimai birliyin təsisçiləri kimi ərizəçiləri məyus edib.  Məhkəmə bu məbləğə hesab edilməli olan hər hansı vergi məbləği üstünə gəlməklə mənəvi zərərə görə ərizəçiyə 4.000 avro ödənilməsini qərara alıb.

Strasburq məhkəməsinin 17 yanvar 2008-ci ildə Natlya Onufriyevna Rəhimova haqqında çıxardığı qərar sırf mənzil məsələsi ilə bağlı olub. Qonşuluqda olan mənzilin sakinlərinin təqsiri ucbatından 18 noyabr 1999-cu il tarixdə baş vermiş yanğına görə onun mənzilinə zərər dəyib. Qonşuluqdakı mənzil polis zabitinın mülkiyyətində olub. Ərizəçiyə görə, onun mənzili yaşamaq üçün yararsız vəziyyətə düşüb, ailəsi köçməyə və müvəqqəti yaşamaq yerini tapmağa məcbur olub. 

Natalya xanım 15 yanvar 2001-ci ildə polis zabitinə qarşı onun mənzilinə dəymiş zərərə görə 10.000 ABŞ dolları maddi zərərin ödənilməsinə dair Sabunçu rayon Məhkəməsində iddia qaldırıb.  Sabunçu rayon Məhkəməsi bir neçə il ərzində bir neçə dəfə məhkəmə iclasının vaxtını təyin edib bu iclasların hər biri ya cavabdehin gəlməməsi səbəbindən, ya digər göstərilməyən səbəblərdən təxirə salınıb.

Bundan sonrası maraqlıdır.

Məhkəmə araşdırmalarının vaxtında yekunlaşdırılmamasından şikayətlənərək ərizəçi 2003-cü ilin 12 avqust və 29 sentyabr tarixlərində iki oxşar məktubu Sabunçu rayon Məhkəməsinin sədrinə ünvanlayıb. Daha Sabunçu rayon Məhkəməsi tərəfindən onun işinə baxılmaması barədə Ədliyyə Nazirliyinə və Ombudsmana şikayət edib.

Sonra məsələ lap qəlizləşib. 16 fevral 2005-ci ildə o, birinci instansiya məhkəməsində məhkəmə araşdırmasının ləng olması barədə prezidentə, baş prokurora, Ali Məhkəmənin sədrinə, Apellyasiya Məhkəməsinin sədrinə, Milli Məclisin sədrinə və digər hakimiyyət orqanlarına məktub ünvanlayıb. Beynəlxlq Məhkəmə isə müəyyən edib ki, onun məktublarına cavabların alınması məsələsi aydın deyil.

Nəticədə Avropa Məhkəməsi 2004-cü ilin avqust ayında qeyri-müəyyən tarixdə Sabunçu rayon Məhkəməsindən yanğına görə ərizəçinin mənzilinə dəyən zərərlə bağlı ekspert rəyi alıb. Bu rəyə görə zərər 500 Azərbaycan manatı dəyərində müəyyənləşdirilib.
10.000 dollar tələb edən ərizəçi ödənilməsi qət olunmuş məbləğin çox az olmasını və real zərəri əks etdirmədiyini iddia edərək, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi 13 iyul 2005-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Ərizəçinin kassasiya şikayətinə əsasən 6 oktyabr 2005-ci il tarixdə Ali Məhkəmə aşağı məhkəmələrin qətnamələrini qüvvədə saxlayıb. Beləliklə “Avropaya qapı” açılıb.

Beynəlxalq Məhkəmə işin xarakterinə aid belə qənaətə gəlib ki, o, mürəkkəb olmayıb.  Hakimiyyət orqanlarının davranışını araşdıran məhkəmə bildirib ki, apellyasiya və kassasiya icraatları, hər biri ayrılıqda, həddindən artıq davam edən kimi qiymətləndirilmədiyinə baxmayaraq, məhkəmə araşdırmalarının birinci instansiya mərhələsində əhəmiyyətli ləngimə olub.  
Məhkəmə hesab edib ki, hazırkı işdə məhkəmə araşdırmalarının davamiyyəti həddən artıq olub və «ağlabatan müddət» tələbinə cavab verməyib.

Yerli məhkəmənin süründürməçilyi və səriştəsizliyi Azərbaycanın adının bu mötəbər qurumda yer almasına səbəb olub.

Digər bir iddianın Avropaya necə gedib çıxmasına baxaq.

Bəhram Bəy oğlu Tarverdiyevin Azərbaycana qarşı verdiyi şikayət üzrə iş 29 iyul 2003-cü ildə başlanılıb. Bəhram bəy meşələrin idarə olunmasına cavabdeh dövlət hakimiyyəti orqanı olan «Azərmeşə» İstehsalat Birliyinə tabe şirkətdə — İsmayıllı Meşə Təsərrüfatında müdir işləyib. 2001-ci ilin may ayında o, qısa müddətə xəstələnib və 2001-ci ilin 21 may tarixindən 7 iyun tarixədək xəstəxanada yerləşdiriıb. Ərizəçi xəstəxanada olarkən 23 may 2001-ci il tarixdə «Azərmeşə» İstehsalat Birliyinin əmri ilə işdən azad olunub. Ərizəçinin işdən azad edildiyi gün, yəni 23 may 2001-ci il tarixdə Azərbaycan

Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması barədə prezidentin sərəncamı ilə «Azərmeşə» İstehsalat Birliyi ləğv olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin («Ekologiya Nazirliyi») prezidentin 18 sentyabr 2001-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Əsasnaməsi ona səlahiyyət verirdi ki, o, meşələrin istifadəsi, bərpası, yaradılması və qorunması sahələrində fəaliyyəti həyata keçirsin.

Nazirlər Kabinetinin 16 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, əvvəllər ləğv olunmuş «Azərmeşə» İstehsalat Birliyinin tərkibində olan şirkət və təşkilatlar, o cümlədən İsmayıllı Meşə Təsərrüfatı Ekologiya Nazirliyinə verilib. Eyni zamanda, ərizəçi işdən çıxarılmasının qanunsuz olmasını hesab edərək, «Azərmeşə» İstehsalat Birliyinin hüquqi xələfi kimi Ekologiya Nazirliyinə qarşı iddia qaldırıb.  Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə müvafiq olaraq, dövlət tərəfindən zəruri tədbirlərlə 20 avqust 2001-ci il tarixli qətnamənin icra olunmasını təmin edilməli olmasını qərara alıb.

Belə... Bir çox işlərin mahiyyəti üzrə araşdırdıqda bəlli olur ki, əslində bu işlərə Azərbaycanda rahat şəkildə qanuna uyğun qərarlar çıxarmaq o qədər də çətin deyil. Beynəlxalq Məhkəməyə çıxarılan işlərin məsuliyyəti bir çox hallarda yerli məhkəmələrin  üzərinə düşür. Hər halda bu işləri araşdırarkən məlum olur ki, milli məhkəmə sisteminin peşəkarlığı və şəffalığı indika halda vacib məsələyə çevrilib.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü