Modern.az

Rəbiyyət Aslanova: «Azərbaycanda inqilab baş verə bilməz”

Rəbiyyət Aslanova: «Azərbaycanda inqilab baş verə bilməz”

4 Oktyabr 2010, 14:28

Məlum olduğu kimi, BMT Baş Assambleyasının sonuncu - 65-ci sessiyasında çıxışı zamanı ABŞ prezidenti Barak Obama qeyri-demokratik rejimləri özünün və ölkəsinin düşməni hesab etdiyini  bəyan edib. Bununla yanaşı, o, həmin rejimləri nəhayət, demokratik islahatlara, demokratik seçkilərə getməyə çağırıb.
Qeyd edək ki, Azərbaycanda da növbəti seçkilər prosesi yaşanır və bunu nəzərə alaraq ölkəmizdə fəaliyyət göstərən müxalif dairələr, bəzi mətbu orqanlar Obamanın bəyanatının 7 noyabr seçimlərindən yan keçməyəcəyi qənaətindədirlər.

İqtidar partiyasının nümayəndələri bu haqda nə düşünürlər?
Yeni Azərbaycan Partiyasından (YAP) növbəti dəfə deputatlığa namizəd olan  Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova bildirib ki,  Azərbaycan öz seçimini çoxdan edib və ölkəmiz demokratiya yolu ilə addımlayan bir dövlətdir. İkincisi, Azərbaycanın demokratiya yolunda irəliyə doğru atdığı addımlar hər hansı bir çağırışdan irəli gəlmir.

«Barak Obamanın BMT Baş Assambleyasının tribunasından dünya ictimaiyyətinə demokratiya ilə bağlı etdiyi çağışlar da təzə məsələ deyil. Bu, ABŞ-da keçirilən  sonuncu prezident seçkiləri zamanı onun seçki platformasının əsas məqamlarından biri olub» - deyən R.Aslanovanın fikrincə, növbəti dəfə BMT-nin ali kürsüsündən bu çağırışı səsləndirmək ABŞ prezidentinin haqqıdır və buna da normal baxılmalıdır.
Bununla yanaşı,  komitə sədri  onu da qeyd edib ki, demokratik yolla addımlamaq arzusunda olan dövlətlər bunu heç də ABŞ prezidentinin çağırışları ilə etmirlər:
«Bu, həmin dövlətlərin özlərinin seçdikləri demokratik prinsiplərin, insan haqları və azadlıqlarının bərqərar olması yolunda atdıqları addımlardır. Bunu indi  nəyləsə, hansısa xarici dövlətlərin təzyiqləri, çağırışları ilə əlaqələndirmək lazım deyil. Biz dünyəvi, demokratik, azad, müstəqil bir dövlətik, bu, bizim konstitusion hüquqlarımızdır və onları da gerçəkləşdirməkdəyik».

Komitə sədri bundan sonra Azərbaycanda rəngli inqilablar və çevrilişlərin də olmayacağı qənaətindədir. R.Aslanova qeyd edib ki, rəngli inqilablar dövrü artıq keçib gedib,  tarixinə arxivinə qovuşub: «Artıq  ötən müddət ərzində dünya, beynəlxalq ictimaiyyət də bir həqiqət anladı, bir reallığı qəbul etdi ki, rəngli inqilablar bəzi xalqların və dövlətlərin çox uğursuz cəhdləridir. Bu uğursuz cəhdlərin indi yenidən təkrarlanmasına da ehtiyac yoxdur və bu cəhdlərin təkrarlanması ehtimalı, ümumiyyətlə, sıfıra bərabərdir. Bu, dövr artıq çoxdan keçib və  iflasa uğrayıb».

R.Aslanovanın qeyd etdiyinə görə, indi bu cür ssenarilərin qurulması imkanları da mümkün deyil.
«Azərbaycan üçün isə ümumiyyətlə, bunlar qəbulolunan bir ssenari deyil» -deyə, komitə sədri fikirlərini  tamamlayıb.

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı