Modern.az

Seçkinin taleyi ...

Seçkinin taleyi ...

Ölkə

4 Oktyabr 2010, 18:29

 

“Siz bu adı yaxşı tanıyırsınız...”
 

Tək bu şüarla Cef Conson adlı bir şəxs Amerikada konqresmen seçilməyi bacarıb. Hansısa xüsusi kampaniya, heç bir piar-dan istifadə etmədən, elə də çox xərc çəkmədən, bu adam Ağ Evə düşə bilib.

Söhbət məşhur kino süjetindən gedir. “Möhtərəm centlmen” filminin qəhrəmanı (Eddi Mörfi tərəfindən çox məharətlə ifa edilib) fırıldaqçı Cef eşidir ki, onun adaşı, uzun illərdir Floridadan konqresmen olan Cef Conson ölüb. Consonun beynində gözəl plan yaranır. İşi-gücü ancaq insanları aldatmaqdan ibarət olan Cef seçkiyə qatılır. Təbliğat kampaniyası dövründə  özünü heç kimə göstərmir, onun şəkilləri yayılmır. Seçicilər yalnız bu şüarı eşidirlər – “Siz bu adı tanıyırsınız – Cef Conson”.
Nəticədə həmin ada öyrəşmiş seçicilər ona səs verirlər...

Namizədlər seçkiyə çox gec başlayır

Düzdür, bu, film yaradıcılarının təxəyyül məhsuludur. Amma əslində hər il müxtəlif ölkələrdə müxtəlif seçkilər keçirilir. Hər yerdə də əhalinin spesifikasına  uyğun gələn seçki texnologiyalarından istifadə olunur. Bu texnologiyaların yayılması, əhaliyə istədikləri mesajı çatdırmaq üçün isə mediadan istifadə olunur. Bunu diletant, ya da peşəkarcasına həyata keçirən jurnalistlər olur.

“Azərbaycanda seçki dövründə medianın işini o qədər də çətin adlandırmaq olmaz. Çünki seçkiyə gedənlərin özləri belə verilən üstünlükdən istifadə etmirlər”.
Bunu Seçki Texnologiya İnstitutunun rəhbəri Şirzad Məmmədli deyir. Onun sözlərinə görə, bir çox ölkələrdə namizədlər seçkiyə çox-çox  əvvəldən hazırlaşırlar: “Azərbaycanda isə  namizədlər öz işlərini seçki keçirən rəsmi qurumların iş qrafiki ilə uyğunlaşdırırlar. Nə vaxt seçki elan olunursa, onda təbliğat-təşviqat, digər məsələlər yada düşür. Elə indinin özündə seçkiyə hazırlıq dövrü olsa da, cəmiyyətdə bu, hiss  olunmur. Bir çoxları var ki, hələ də namizəd olub-olmayacaqlarını bilmirlər”.

Şirzad Məmmədli: “Kənd ağsaqqalından daha çox etibarlı qəzetə inanırlar”

Şirzad Məmmədli deyir ki, namizədlər hazırlıq dövrünü passiv şəkildə yola versələr də, seçki kampaniyası elan olunduqdan sonra aktiv fəaliyyətə keçirlər. Və onlar bildikləri seçki texnologiyalarının hamısını tətbiq etməyə başlayırlar: “Bu zaman əsasən də bir-birilərini tənqid edir, özlərinin daha güclü olması haqında bəyanatlar verirlər. Məsələn, qəzetlərdən birində Nərimanovdakı seçki dairəsindən namizədliyini verən 2 nəfər müsahibə verir və hər ikisi qalib gələcəyini deyir. Məncə, qəzetin belə bir bəyanatı - sərhədləri keçən açıqlamaları verməsi düzgün deyil. Jurnalist namizədlərə  bu dərəcədə açıq məkan yaratmalı deyil. Axı indi təbliğat dövrü deyil və heç kim reklam üçün pul ödəmir”. 

Həmsöhbətim deyir ki, seçki texnologiyasından biri də namizədin jurnalistlərlə işini bacarıqla qurmasıdır. Və kim bu işə ağılla yanaşırsa, onun qələbəsi daha rahat olur. Çünki media vasitəsilə istədiyin mesajı ustalıqla çatdırmaq mümkündür. Amma bunun üçün onun ətrafında peşəkar jurnalist olmalıdır: “Bu elə jurnalist, elə bir qəzetdir ki, onun dünən, srağagün yazdığı yazı ajiotaj yaratmışdı, verdiyi proqnoz düz çıxmışdı. Təbii, cəmiyyət də bu cür medianın sözünə daha çox inanar, nəinki kənd ağsaqqalının dediklərinə”.

Ş.Məmmədlinin sözlərinə görə, əslində müstəqil kampaniyaları təmsil edən jurnalist bu cür təkliflərdən yan gəzməlidir. Çünki o, həm özünün, həm də şirkətin imicini qorumalıdır: “Eyni halda prosesdən də yazmalıdır. Deyilən bütün ağ və ya qara sözləri oxucuya çatdırmalıdır. Lakin daim onu fikirləşməlidir ki, atdığı addımlar, yaydığı materiallar sonrada onun imicinə, tirajına, dinləyici və tamaşaçı auditoriyasına ziyan vuracaq, yoxsa  xeyir gətirəcək?”

Bəxtiyar Sadıqov: “Barəmdə yazan 20 qəzetin heç biri Ağdama getmirdi”

Əslində, Azərbaycanda seçki texnologiyaları haqda biliklər hələ çox azdır. Ona görə ölkəmizdə bu texnologiyaları tətbiq edənlər də çox deyil. Tətbiq edənlər isə adətən peşəkarlara müraciət etmir, ortada olan “reketlər”ə üz tuturlar. Bu iddianı millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov səsləndirdi. Onun fikrincə, seçki prosesini işıqlandırmaq - mətbuatın hər gün gördüyü işlərdən biridir. Və seçki ilə əlaqədar hansısa xüsusi rejimə keçməyə ehtiyac yoxdur. Elə qanunlara və peşə davranış qaydalarına əməl etmək kifayətdir.

Deputat deyir ki, Azərbaycanda “qara piar” yox, “qarayaxma” kampaniyaları keçirilir. Hətta artıq bu işlə  məşğul olacaq qəzetlər də indidən müəyyənləşib. Bir namizəd öz təbliğatını aparmaq əvəzinə olan-qalan pulunu verib kimisə tapır və rəqibi haqqında ağlına gələni yazdırır. Amma bu işi də ağılla görmürlər. Məsələn, ötən dəfəki parlament seçkisində onun özü barədə 20-yə yaxın qəzetdə 60-a  yaxın məqalə yazılıb: “Amma bir maraqlı məqam vardı ki, o qəzetlərdən heç biri seçildiyim Ağdam rayonuna gedib çıxmırdı. Onda nəyə görə bu qədər xərc çəkib yazı yazdırıblar?”

“Kimisə təsadüfən reklam edə bilmərik”

“Azərbaycan”a gəlincə, sırf dövlət qəzeti olduğundan, onun əməkdaşları seçki vaxtı çox diqqətli davranmağa məcburiyyətindədir. B.Sadıqovun sözlərinə görə, onlar hər şeyi dəqiqliklə hesablayırlar: “Mümkün deyil ki, namizədlərin birini təsadüfən işıqlandıraq. Qəsdən isə buna heç kim gedə bilməz. Biz gizli reklam da verə bilmərik. Bilirik ki, ölkə mətbuatının monitorinq aparılanda ilk olaraq bizim qəzeti izləyirlər. Amma digər qəzetlər indidən bu cür fəaliyyətə başlayıblar”.

Rəşid Hacılı: “Media namizədin əleyhinə kampaniyada iştirak edə bilər”

Bəs jurnalist seçki dövründə davranışında nəyə diqqət yetirməlidir? Media Hüququ İnstitutu Rəşid Hacılı deyir ki, bu haqda qanunlarda xüsusi göstəriş yoxdur. Qadağalar yalnız reklam vaxtı və yerinin ayrılması ilə bağlı mövcuddur: “Əslində istənilən şəxs bir namizəddən əleyhinə kampaniya apara bilər, bunun üçün mediadan istifadə edə bilər.  Bu zaman medianın bir öhdəliyi yaranır – digər tərəfin cavab vermək hüququ. Bu öhdəlik onsuz da həmişə media üçün var. Media bunu etməsə, onda tərəfsizliyi və peşəkarlığı baxımından problemlər yaranır”.

Televiziyanın təsiri hələ də böyükdür

Sirr deyil ki, seçicilər namizəd haqqında informasiya əsasən televiziyadan alır. İndiyə qədər bir çox ölkələrdə aparılan araşdırma və sorğular bunu təsdiqləyib. İnformasiya texnologiyalarının yüksək səviyyədə inkişafına baxmayaraq, Amerikanın özündə belə namizədlər televiziya reklamlarına daha çox pul xərcləyirlər. Məsələn, 2004-cü ildə ABŞ-dakı prezident seçkilərində  bu məqsədlə 1,6 milyard dollar xərclənmişdi.

Azərbaycanın seçki qanunvericiliyində televiziyadakı reklamla bağlı xüsusi göstərişlər var. Xüsusilə də pulsuz debatların təşkili ilə əlaqədar. Qanuna görə, təşkil edilən debatlarda hər tərəfə eyni vaxt verilməlidir. Ümumiyyətlə, nə qədər yeni media vasitəsi yaransa da, hələ də teledebatlar ən maraqlı seçki texnologiyası hesab olunur. Amerikanın CQ şirkətinin apardığı geniş sorğunun nəticələrindən bəlli olub ki, bu ölkədə seçicilərin 70 faizi namizəd haqqında əsas informasiyanı məhz debatlardan toplayır. Bu baxımdan, amerikalı ekspertlər ABŞ-da da pulsuz efir vaxtının tətbiqini vacib sayırlar. Prezident Barak Obamanın seçki kampaniyasında media ilə işəyən xanım Jaklin Karpenter deyir ki, Amerikada bu cür təcrübə yoxdur: “Bu da pulu az olanların efirdən kənarda qalmasına səbəb olur. Nə qədər təcrübəli siyasətçi olsan belə, pulun yoxdursa, seçilə bilməzsən. Çünki özünü kütləyə tanıda bilməyəcəksən”.

Xanım Karpenter Azərbaycanda 2 il əvvəl keçirilən seçkilər zamanı aparılan araşdırmanın nəticələrinə istinad edərək deyir ki, yerli televiziyalar seçki kampaniyalarını məhdud işıqlandırıblar, hakimiyyətin nümayəndəsinə daha çox yer ayırıblar: “AzTV hökumətə tərəfliliyini göstərib, vaxtın 94 faizini hakimiyyət təmsilçisinə ayırıb. Son bələdiyyə seçkiləri zamanı heç bir TV özəl kanal siyasi vaxt ayırmayıb”. J.Karpenter hesab edir ki, Azərbaycanda seçkinin demokratikliyini təmin etmək üçün ilk növbədə, namizədlərin hamısına bərabər kampaniya imkanları tanıdılmalıdır.

Pyotr Fyodorov: “Müsahibdən konkret cavab almalısan ki, səndən istifadə etməsin”

Bəzi ölkələrdə teledebatlar seçkinin taleyini tam olmasa da, qismən müəyyənləşdirir. Bu baxımdan, deməli, debatı aparan jurnalistin də üstünə böyük vəzifə düşür. Müzakirələrin daha maraqlı, cəlbedici alınması və daha ədalətli keçməsi üçün aparıcı səy göstərməlidir. Amma tərəflilik nümayiş etdirə bilməz. “Euronews” kanalının redaktoru Pyotr Fyodorov bizə müsahibəsində bildirib ki, teledebatlarda aparıcı jurnalistin tam tərəfsiz olmasından çox şey asılıdır: “Bu, həm də kanalın müstəqilliyinə, imicinə böyük təsir göstərir. Axı seçki zamanı televiziya həm də gizli reklam, teledebat telemüraciətlər, tok-şoularda iştirak istifadə olunur. Xüsusilə də dövlət kanallarının mövcud olduğu ölkələrdə hakimiyyət nümayəndələri mümkün qədər bu resursdan öz xeyirlərinə istifadə edirlər. Odur ki, seçki debatlarında sualları elə seçmək lazımdır ki,  onlara yalnız “Hə” və “Yox” cavabları ala biləsən. Yoxsa, hansısa sual verəndə müsahibin ölkədəki iqtisadi durumdan, siyasi vəziyyətdən danışmaqla konkret cavabdan yayınacaq. Onda da tamaşaçı öz təsəvvüründə bu namizəd haqqında obyektiv fikir formalaşdırmaqda çətinlik çəkəcək. həm də namizəd səndən, televiziyadan öz xeyrinə istifadə edib ictimaiyyətdə yanlış fikir aradacaq”.

Nuşirəvan Məhərrəmli: “Pulsuz efir vaxtı çoxunu narazı salacaq”

Azərbaycanda isə seçki dövründə televiziyalarda hansısa müzakirədə reqlamentinin qorunub-qorunmamasına MSK nəzarət etməlidir. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyir ki, bu sahədə onların işi daha azdır: “Adətən reklam haqqında qanunvericiliyə nəzarət MTRŞ özü həyata keçirir. Amma seçki dövründə bu işi MSK görür. Ola bilər ki, hansısa kanalda reklam pulunun əvəzin təhqir etsin, qarayaxma kampaniyası aparsın. MTRŞ bu hala qarışa bilməz”.

N.Məhərrəmli hesab edir ki, Azərbaycanda siyasi partiyalarının əksəriyyəti sayı çox olmasaydı, indi televiziya efirində onlara düşən vaxt da çox olardı: “Seçki yaxınlaşdıqca, daha çox problemlər, narazılıqlar yaranacaq. Axı pulsuz efir axıt yalnız İTV-də təqdim olunur. Ən doğrusu seçki təbliğatının ödənişli əsaslarla aparılmasıdır”.

“Jurnalistin seçkiyə hazırlığı rejimin demokratik olub-olmamasından asılıdır”

Uzun illərdir Türkiyədə işləyən azərbaycanlı jurnalist Mais Əlizadə isə jurnalistlər üçün seçki standartlarının heç də hər yerdə eyni olmadığını hesab edir. Onun iddiasına görə, əgər seçki demokratik bir ölkədə keçiriləcəksə, onda jurnalistlərin nədənsə ehtiyat etməsinə ehtiyac yoxdur. Çünki demokratik ölkədə seçkiyə hazırlıq dövrünü izləyən bir jurnalist  öz  xəbər və şərhlərini siyasi partiyaların seçki ərəfəsindəki plan və proqramlarının maksimum  dərəcədə  obyektiv və bitərəf şəkildə xalqa çatdırılması üzərində qurur: “Həmçinin, siyasi partiyalara və onların namizədlərinə bərabər məsafədə durulması prinsipini əsas götürür. Bu prinsiplər seçkinin keçirildiyi ölkənin demokratik strukturu  ilə ahəngdarlıq təşkil etdiyinə görə, jurnalistin nələrdənsə ehtiyat edərək özünün peşə fəaliyyəti ilə bağlı  narahatlıq keçirməsinə də səbəb vermir”.

Amma seçki anti-demokratik ölkələrdə baş tutursa, tamam başqa mənzərə yaranır. Çünki bu cür sistemlər şəffaf  seçki keçirmək üçün yox, onun imitasiyasını yaratmaq üçün çalışırlar. Həmsöhbətim deyir ki, bu cür ölkələrdə seçkiləri izləyən jurnalistlərin həyat və fəaliyyəti heç bir şeylə sığortalanmır. Seçki ərəfəsində bu ölkələrdəki  jurnalistlər adi bəhanələrlə polis nəzarətinə alına, hətta qısa müddətli  həbs cəzasına məruz qoyula bilərlər. Yaxud da onlar iqtidarın “qara piar”ının hədəfinə çevrilə bilərlər. Ona görə də müstəqil  jurnalistlər  anti-demokratik ölkələrdəki seçkiləri işıqlandırarkən “kəfəni bəri başdan geyib” vəzifələrini yerinə yetirməyə çalışan insanlardır”.

Bir qədər də tarix

Tarixdə seçki texnologiyalarının uğurlu tətbiqinə dair müxtəlif maralı misallar var. Məsələn, tanınmış İsveç yazıçısı Astrid Lindqren bir dəfə hakim partiyanın vergi siyasətin tənqid edən satirik hekayə dərc etdirir. Bu hekayə o qədə güclü debatlara səbəb olur ki, həmin ilki seçkilərdə Sosial Demokratik Partiyasının nümayəndələri əvvəlki illərə nisbətən daha az səs toplayır. Yazıçının bu cür kəskin reaksiyasına səbəb isə  onun gəlirlərindən 102 faiz vergi tutulması haqda göstəriş idi...

Gülmək də olar

Yazının sonunda oxucuları seçkiyə dair bir lətifəni çatdırmaq istəyirəm. Məncə, bu, istənilən yerdə, istənilən rejimdə keçirilən seçkinin mahiyyətini gözəl açıqlayan bir lətifədir:

“Seçki debatlarında qızğın müzakirə gedir.  Deputatlığa namizədlərdən biri rəqibinə deyir:

- Namizəd öz seçki kampaniyasını maliyyələşdirmək üçün min cür vasitədən istifadə edə bilər. Bu min yoldan ancaq biri vicdanlı yoldur.
- Bu, hansı yoldur ki? -  rəqibi soruşur.
- Mən ümid edirdim ki, o yolu siz bilərsiniz...”

Fərəh SABİRQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü