Modern.az

AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırır

AŞPA Ermənistanı azərbaycanlı hərbçilərin meyitlərini qaytarmağa çağırır

7 Oktyabr 2010, 10:50

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının üçüncü iş günündə Ermənistanı Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərini qaytarmağa çağıran bəyanat qəbul edilib.
AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı və yazılı bəyannamə şəklində tərtib olunmuş "Azərbaycan hərbçiərinin cəsədlərinin ölkələrinə qaytarılmasının vacibliyi" adlı bu sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb.

Sənədi AŞ -yə üzv olan müxtəlif ölkələrin millət vəkilləri imzalayıb. AŞ PA-nın qəbul etdiyi yazılı bəyannamədə bildirilir ki, 18 iyun 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan bölgələrindəkiı mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərinə hücumunun qarşısı alınarkən Azərbaycan ordusunun giziri Mübariz İbrahimov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib. Ermənistan tərəfi Mübariz İbrahimovun cəsədinin Azərbaycana qaytarmaqdan imtina edib, bir neçə gün sonra isə onun cəsədinin şəkillərini internet səhifələrində yerləşdiriblər. Həmin hadisədən bu günə qədər Ermənistan hökuməti Azərbaycan dövlətinin, Qızıl Xaç Cəmiyyətinin səylərinə baxmayaraq Mübariz İbrahimovun cəsədin geri qaytarmaqdan imtina edirlər.

Yazılı bəyannamədə Azərbaycan ordusunun digər bir şəhidi Fərid Əhmədovun adı da vurğulanır.

"4 sentyabr 2010-cu il tarixində Ermənistan Silahlı Qüvvələrinin işğal еtdikləri Azərbaycan bölgələrində  qurduqları mövqelərindən atəşkəs rejimini pozaraq Azərbaycanın mövqelərinə hücumunun qarşısını alarkən Azərbaycan ordusunun zabiti Fərid Əhmədov Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilib. Ermənistan dövləti onun da cəsədini bu güə qədər Azərbaycana qaytarmaqdan imtina edir"..

Sənəddə o da vurğulanır ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərinin onlarda olması faktını BQXK-nin rəsmilərinin regiona səfəri zamanı təsdiqləyib.

Yazılı bəyananmədə bu cür halların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə mənfi təsiri göstərdiyi qeyd olunur.

"Bu cür halların beynəlxalq konvensiyalara, beynəlxalq hüquq normalarına qidd olduğunu, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində davamedən çox həssas danışıqlar prosesinə mənfi təsir göstərməsini vurğulamaqla, AŞ PA Ermənsitanı Azərbayan ordusunun giziri  Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun cəsədlərini ölkəsinə qaytarmağa çağırır"..

AŞ PA-nın qəbul etdiyi bu yazılı bəyannamə qurumun iclasında sədr tərəfindən deputatlara elan olunub.

***
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 2005-ci ildə hərbi xidmətə cağrılıb. Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Xidməti zamanı çavuş rütbəsi alıb və xidmətini 2007-ci ildə bitirib. 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. O, gizir rütbəsi ilə cəbhənin Tərtər iatiqamətindəki N saylı hərbi hissədə qulluq edirdi. Bu il iyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər.
Azərbaycan Respublikası prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Milli Ordunun zabiti Fərid Gülağa oğlu Əhmədov 1986-ci il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub. Onun meyiti düşmənin nəzarəti altında olan ərazidə qalıb.
Fərid Əhmədov 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına ali məktəbə daxil olub. 2007-ci  ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi  almaq üçün kurs keçib və istəyinə nail olub. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il sentyabrın  4-də baş verən şiddətli döyüşdə şəhid olub.
 
Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir