Modern.az

“Diffamasiya haqqında” Qanunun qəbulu üçün imzatoplama kampaniyası keçirilib

“Diffamasiya haqqında” Qanunun qəbulu üçün imzatoplama kampaniyası keçirilib

13 Oktyabr 2009, 16:23

“Diffamasiya haqqında” qanun layihəsi  hazırdır və artıq rəsmən parlamentə təqdim olunub. Bu barədə oktyabrın 13-də keçirdiyi mətbuat konfransında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev məlumat verib. Onun dediyinə görə, qanun layihəsi 4 millət vəkili – Sabir Rüstəmxanlı, Vahid Əhmədov, Fazil Qəzənfəroğlu və Cəmil Həsənlinin imzası ilə Milli Məclisin katibliyində qeydiyyatdan keçirilib. Bundan sonra prosedura uyğun olaraq Milli Məclisin sədri Oqtay Əsədov məsələyə baxılmasını müvafiq bildiyi komitəyə həvalə edəcək: “Layihənin sonrakı aqibəti artıq Milli Məclisdən asılıdır. Ümid edirik ki, bu qanunun qəbulu istiqamətində işlər başlayacaq. Biz layihənin olduğu kimi qəbul edilməsini israr etmirik. Sadəcə onu istəyirik ki, artıq bu proses başlasın”.

A.Əliyev deyib ki, “Yeni Nəsil”in təşəbbüsü ilə ərsəyə gələn bu layihə bir sıra tanınmış hüquqşünaslar, deputatlar və QHT nümayəndələrinin daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.

“Bu proses 3 il əvvəl başlayıb. Son vaxtlar isə şərəf və ləyaqətin ləkələnməsi iddiası ilə 6 jurnalistə qarşı iş başlanılıb. Ona görə də “Diffamasiya haqqında” qanunun qəbuluna ehtiyac olduğunu düşünürük”.

Arif Əliyev bu ilin may ayında 6 jurnalist təşkilatı rəhbərinin “Diffamasiya haqqında” qanunun qəbulu ilə bağlı parlamentə müraciət edildiyini də xatırladıb: “Ondan sonra biz jurnalistlər, media sahəsindəki təşkilatlar arasında imzatoplama kampaniyası keçirmişik Artıq bu qanunu qəbulunu istəyən 400-ə yaxın imza toplanılıb”. A.Əliyevin sözlərinə görə, deputatlar arasında da bu qanunun qəbuluna razı olanlar çoxdur. Onlar müzakirələr zamanı layihəni dəstəkləyəcəklərini deyiblər.

“Yeni Nəsil” JB-nin təşəbbüsü ilə yaradılan qanun layihəsi 3 fəsil, 18 maddədən ibarətdir. “Yeni Nəsil” bu qanunun qəbulu ilə yanaşı, jurnalistin yazısına görə həbsinə imkan verən 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrin Cinayət Məcəlləsindən çıxarılmasını, jurnalistin yalnız mülki məsuliyyət daşımasını istəyir. “Modern.az”

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı