Modern.az

Əhalinin siyahıya alınmasının yekun hesabatı bu ilin sonunda elan ediləcək

Əhalinin siyahıya alınmasının yekun hesabatı bu ilin sonunda elan ediləcək

Ölkə

7 Oktyabr 2010, 14:04

Azərbaycanda əhalinin sonuncu siyahıya alınmasından il yarım vaxt ötsə də, onun yekun nəticələri tam olaraq hələ açıqlanmayıb. Dövlət Statistika Komitəsi tərəfindən aparılan siyahıyaalma 2009-cu il aprel ayının 13-dən 22-dək davam edib. Bu tədbirdə əhalidən müvafiq məlumatların toplanmasını 24 min nəfərdən ibarət xüsusi işçilər aparıb. Sorğu anketinə 35 sual daxil edilib. Sualların 29-u vətəndaşın özü, 6-sı isə onun mənzil şəraiti ilə bağlı olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanova Modern.az saytına bildirib ki, siyahıyaalma anketləri ötən il mayın ikinci yarısından başlayaraq DSK-nın Mərkəzi Aparatında toplanıb.Anketlərdə əksini tapan sualların cavabları 200 nəfər işçi tərəfindən elektron formatda olan xüsusi məlumat bazasına salınır.
Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan 120 min erməninin sayı da avtomatik olaraq siyahıyaalmanın yekunları ilə bağlı sənədlərə daxil ediləcək.
DSK sözçüsü deyib ki, əhalinin siyahıya alınması zamanı toplanan məlumatlar üzrə yekun hesabat 2010-cu ilin sonundək tam hazır ediləcək və 31 dekabradək onun təqdimatı olacaq.

Siyahıyaalmanın yekunlarına dair ümumi ölkə üzrə 1 ədəd kitab çap olunacaq.

Xatırladaq ki, Azərbaycanda əhalinin siyahıya alınması hər 10 ildən bir keçirilir. Siyahıyaalmanın keçirilməsində əsas məqsəd əhali ilə bağlı uçot məlumatlarının dəqiqləşdirilməsidir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon 47 min nəfər təşkil edib. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır