Modern.az

Gürcüstanın birinci prezidentinin ölüm işi bərpa edildi

Gürcüstanın birinci prezidentinin ölüm işi bərpa edildi

18 İyul 2015, 18:17


Gürcüstanın Baş Prokurorluğu 20 ildən sonra ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümü ilə bağlı araşdırmanı bərpa etmək qərarına gəlib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda prokurorluğun mətbuat xidmətinin əməkdaşı məlumat verib.

Qamsaxurdiya 1993-cü ilin dekabr ayında ölkənin qərbindəki Sameqrelo – Zemo Svaneti regionunun Djixaşkari kəndində naməlum şəraitdə ölüb. Bununla bağlı 1994-cü ilin fevral ayında cinayət işi qaldırılıb.

Gürcüstan hakimiyyətinin rəsmi versiyasına görə, o, özünü öldürüb. Birinci prezidentin ailəsi isə iddia dir ki, onu öldürüblər.

2009-2011-ci illərdə bu işlə bağlı parlament komissiyası fəaliyyət göstərib. Gürcüstan KİV-ləri Baş Prokurorluğa istinadən xəbər veriblər ki, sən demə, məhz “Öldürülmə” maddəsi ilə araşdırma artıq bir neçə aydır gedir. Bu səs-küylü işlə bağlı bir neçə ölkəyə sorğu göndərilib, dindirmələr aparılıb, Qamsaxurdiyanın ölüm şəraiti öyrənilib, eləcə də ölüm yeri təkrar müayinə olunub.

Bundan əlavə, xaricə hüquqi yardımlabağlı müraciət edilib, ancaq hələ ki bu ölkələrin adları açıqlanmır. İstintaqla əməkdaşlıq edən Qamsaxurdiyanın ailəsi iş üzrə materiallarla tam tanış ola bilir.

Birinci prezidentin oğlu Konstantin Qamsaxurdiyanın məlumatına görə, o və ailə üzvləri prokurorluğun nümayəndələri ilə görüşüb. Onun sözlərinə görə, prokurorluğun nümayəndələri qeyd ediblər ki, 1994-cü ildə aparılan istintaq tamamilə qənaətbəxş deyil.

Qamsaxurdiya Gürcüstanın dövlət başçısı postundan 1992-ci ilin yanvar ayında “Tbilisi müharibəsi” adlandırılan vətəndaş qarşıdurması nəticəsində devrilib.

Eks-prezidentin ölümündən iki ay sonra onun nəşi ailəsinin tələbi ilə Qroznıdan çıxarılıb. Çeçenistandakı hərbi əməliyyatlardan sonra Qamsaxurdiyanın qəbir yeri itib və yalnız 2007-ci ildə tapılıb.

2007-ci ilin mart ayında Rostovda aparılan məhkəmə-tibb ekspertizasından sonra Qamsaxurdiyanın qalıqları Gürcüstandan dəfn edilib. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir