Modern.az

Elşad Paşasoy: “Ramiz Mehdiyevin köməkçisi baş vermiş qanunsuzluqlardan xəbərdardır”

Elşad Paşasoy: “Ramiz Mehdiyevin köməkçisi baş vermiş qanunsuzluqlardan xəbərdardır”

Media

16 Oktyabr 2010, 15:08

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən jurnalist Elşad Paşasoyun (Paşa Elşad Əlhüseyn oğlu) MSK-ya ünvanladığı şikayət rezonans doğurub. E.Paşasoyun Modern.az-a verdiyi məlumata görə, MSK-ya müraciət etdikdən sonra namizəd olduğu DSK-dan bu şikayətin guya təmin olunmayacağı ilə bağlı məlumatlar  yayılıb.

Dairədəki hakimiyyət nümayəndəsi bildirib ki, E.Paşasoyun DSK-nın qərarının ləğv edilməsi ilə bağlı MSK-ya verdiyi şikayətinin heç bir faydası olmayacaq. Mənbə iddia edib ki, E.Paşasoyun qeydə alınmaması üçün son iki həftə ərzində çalışan dairələr hətta MSK-nın məsələni araşdıran bəzi nümayəndələrinə də çıxış imkanı əldə ediblər.

E.Paşasoyun sözlərinə görə,  qeydə alınmamağını DSK-ya sifariş verən dairələr indi də başqa planlara əl atıblar və nə yolla olursa-olsun MSK-nın mənfi qərar çıxarmasına nail olmaq istəyirlər.
“Ancaq mən MSK kimi ciddi qurumun hansısa saxtakar dairələrin sifarişini yerinə yetirəcəyinə və Yardımlıda bütün ictimaiyyətin gözü qarşısında baş verən seçki cinayətlərinə göz yumacağına inanmaq istəmirəm. Xüsusilə də prezidentə müraciətimdən sonra özbaşınalıqların davam edəcəyinə inanmağım gəlmir”.
Jurnalist həmçinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin köməkçisi ilə telefon əlaqəsi saxlayıb və Yardımlıda üzləşdiyi qanunsuzluqlar barədə məlumatları təqdim edib.

“İki gün əvvəl özüm də MSK-da oldum və barəmdə çıxarılan qərarın qeyri-qanuniliyini sübut edən digər faktları da təqdim etdim. Söhbət etdiyim MSK üzvlərindən biri MSK sədri Məzahir Pənahovun bütün şikayətləri diqqətlə araşdırmaq tapşırığını verdiyini, ədalətsizliyə yol verilməyəcəyini bildirdi. Ekspert qrupunun son toplantısında özümün də iştirak etmək istədiyimi çatdırmışam”.

Qeyd edək ki, E.Paşasoy 72 saylı dairədə üzləşdiyi qanunsuzluqlar, namizədliyinin sifariş əsasında qeydə alınmaması, icra strukturlarının prezident sərəncamına məhəl qoymayaraq seçkiyə müdaxilə etməsi ilə bağlı ölkə prezidenti İlham Əliyevə də müraciət edib.
“Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elşad Paşasoy Müsavat Partiyasının Məclis üzvüdür və seçkilərə müstəqil şəkildə qatılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı