Modern.az

“Mən İnsanam – 2009” kino festivalı Cənubi Qafqazı qarış-qarış gəzib

“Mən İnsanam – 2009”  kino festivalı Cənubi Qafqazı qarış-qarış gəzib

Qarabağ

14 Oktyabr 2009, 18:10

Cənubi Qafqaz Sülh və İnsan Hüquqları kinofestivalı öz işini bu il də davam etdirib. “Mən İnsanam” adı ilə baş tutan tədbir Cənubi Qafqazda bu forma və məzmunda keçirilən ilk festivaldır. Festival çərçivəsində Cənubi Qafqazın şəhər və kəndlərində müxtəlif ölkələrlə bağlı sənədli filmlər nümayiş etdirilib. Bu filmlərə Azərbaycan tamaşaçısının baxmaq imkanı da olub. Filmlərin Bakı, Şəki, Mingəçevir, Gəncə və Balakən şəhərlərində nümayişi təşkil olunub. Layihə Gürcüstanın Açıq Cəmiyyət, Henrix Böll, Qara Dəniz, Avrasiya Əməkdaşlıq fondları və İsveçrənin Gürcüstandakı səfirliyi  tərəfindən dəstəklənib. Festivalın ideyası 2005-ci ildə “Gücüstanın - Açıq Cəmiyyət” Fondu və 2003-cü ildən Henrix Böll Fondunun (Almaniya)  partnyorları və dostları tərəfindən yaranıb. Təşkilatlar Cənubi Qafqazdan festivalın münsiflər heyəti üzvlüyünə təcrübəli mütəxəssislər dəvət ediblər. Heyətin tərkibi Cənubi Qafqazın regionlarının nümayəndələrindən, həm də filmşünaslar və hüquq müdafiəçilərindən ibarət tərkibdə balanslaşdırılıb. Təqdim olunan filmlər Praqa festivalında nümayiş olunub. Filmlərin seçimi Cənub Qafqaz, Çexiya və Almaniyadan olan kinomatoqraflar, filmşünaslar və içtimai təşkilatların nümayəndələri tərəfindən edilib. Münaqişələrin sülh yolu ilə həll olunması mövzusunda dünya səviyyəsində aktual filmlər seçilib. Filmlərin mövzusu müharibə dövründəki, müharibədən sonrakı həyatdan, insanların bu problemlərin öhdəsindən necə gəlməsindən bəhs edir. Ciddi beynəlxalq reputasiya qazanmış filmlər nümayişlərdə Azərbaycan dilində səsləndirilib.

Bu, müsabiqə xarakterli festival deyil. “Festival “təkərlər üzərindədir.  “Biz sizin yanınıza kinokomandamız, videotexnikamızla gəlirik!” şüarı ilə həyata keçirilən tədbirin təşkilatçıları səmimi, sadə sözlərlə insanlarla ünsiyyətə girib. İnsan haqları, sülh məramlı notlara köklənən festival şəhərlərə, qəsəbə və kəndlərə yollanıb. Təqdim olunan filmlər arasından qalib olmuş yerli təşkilatçılara təqdim olunan 10 filmdən 3 gün nümayiş etdirmək üçün 6-ı seçmək imkanı yaradılıb. 3 günlük proqram tərtib olunub, filmlərin nümayişindən sonra isə iştirakçılarla diskussiyalar təşkil olunub. Filmlər yarımmetrajlı və qısametrajlı olub. Festivala start verilməzdən əvvəl İstanbulda 25 müsabiqə qalibi və münsiflər heyəti üzvlərinin hazırlıq görüşü keçirilib.Görüşdə filmlərin və festival proqramının müzakirəsi aparılıb.

Festivalın fəlsəfəsi – Niyə sülh və müharibə, insan hüquqları problemlərinə aid əcnəbi sənədli filmlər nümayiş olunur? Bu suala biz Bakı şəhərində keçirilən film festivalın təşkilatçısı Mətanət Müslümqızı ilə cavab axtarmağa çalışdıq. Müsahibimiz bildirdi ki, belə səviyyədə, məhz bu səpkidə tədbirlərin Azərbaycanda keçirilməsi çox vacibdir: “Mən ilk dəfədir ki, film festivalda iştirak edirəm. İlk dəfə eşidəndə festival maraqlı tərəfləri və özünəməxsusluğu ilə diqqətimi cəlb etdi və tədbirlərə qatılmaq üçün müraciət etmək qərarına gəldim. Müraciətim müsbət qarşılandı və səmimi deyirəm ki, iştirakçı olmağımdan peşiman deyiləm. Təkcə ona görə ki,  mən bu filmləri izləmək imkanı əldə etdim. Filmlər doğrudan da, yüksək səviyyəli, aktual problemləri özündə əks etdirən, insanı düşündürməyə vadar edən, ciddi müzakirələr açmağa şərait yaradan sənət əsərləridir”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir