Modern.az

Deputatlığa namizəd: “Kimisə qorxutmaq, dava-davaş salmaq mənim stilim deyil”

Deputatlığa namizəd: “Kimisə qorxutmaq, dava-davaş salmaq mənim stilim deyil”

Reportaj

21 Oktyabr 2010, 12:47

"Mənim Prezidentim, cənab İlham Əliyev əgər Zəngəzurun, İrəvanın davasını aparacam deyirsə, mən bu davada onun əsgəriyəm"

"Hansı rayonun deputatısansa, sən o rayondakıların anası, bacısı, qızı olmalısan"

"Millət vəkilliyini savab, axirətini qazanmaq üçün bir şans sayıram"

Oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədi, Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Xətai rayon Mədəniyyət Mərkəzində seçicilərlə izdihamlı görüş keçirdi. Yüzlərlə seçicinin iştirak etdiyi görüşü G.Əhmədovanın vəkili, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açdı.

Onun təklifilə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. İ.Ağayev görüşün açıq, səmərəli diskussiya şəklində olmasını, seçicilərin istək və arzularını, millət vəkilindən görmək istədiklərini birbaşa namizədlərinə demələrini arzu etdiyini bildirdi: "Azərbaycan dövlətinin qurucusu, Ulu Öndərimiz Heydər Əliyev "Qara şəhər Azərbaycanın gözəl bir güşəsinə çevriləcəkdir…" demişdi. Qara şəhər Xətai rayonunda yerləşir. Son illər, ələlxüsus da Razim Məmmədov bu rayona icra başçısı təyin edildikdən sonra əminliklə deyə bilərəm ki, Xətai rayonu, onun "Qara şəhər" adlanan hissəsi həqiqətən də "Ağ şəhər"ə çevrilib. Hesab edirəm ki, Gülər xanım özünün işgüzarlığı, intellekti, bacarığı, kifayət qədər məhsuldar fəaliyyəti ilə "Ağ şəhər"ə yaraşan bir millət vəkilidir. Gülər xanım gözəl ana olmaqla bərabər, milli məfkurəmizə çox güclü şəkildə bağlı olan ictimai-siyasi xadimdir. 94 il bündan öncə Türkiyə dövlətinin ölüm-dirim məsələsi olan Çanaqqala savaşında şəhid olan 500 min insanın 3 mini azərbaycanlı idi. Məhz Gülər xanımın səyi nəticəsində həmin şəhidlərin xatirəsinə 94 ildən sonra orada xatirə lövhəsi ucaldıldı. Məhz Gülər xanımın maddi və mənəvi dəstəyi nəticəsində Beynəlxalq Diaspor Mərkəzi Avropa ölkələrində Leyla xanım Əliyevanın təşəbbüsü olan "Xocalıya Ədalət" kampaniyası çərçivəsində ali məktəblərdə bir sıra tədbirlər keçirdi. Mən əminəm ki, sizin hər biriniz bu anları yaşayaraq noyabrın 7-də ailə üzvlərinizlə barəbər seçki məntəqələrinə gələrək, millət vəkili Gülər Əhmədovaya səs  verəcəksiniz".

"Üç nöqtə" qəzetinin baş redaktoru, ATV telekanalının "Sən tək deyilsən" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı hər bir seçicinin səsinin önəmli olduğunu bildirərək, iştirakçıların seçki günü ən layiqli namizədə səs verəcəklərinə inandığını vurğuladı: "İnanıram ki, siz Gülər xanıma səs verəcəksiniz. Ona görə ki, şəxsən mən Gülər xanımın gördüyü müsbət işlərin şahidiyəm. Belə deyərdim ki, mənimlə bərabər, son 7 ayda Gülər xanım da "Sən tək deyilsən" verilişində işləyib. Bəlkə də siz onu bir-iki dəfə bizim verilişdə görmüsünüz. Amma kadr arxasında onun bizə çox böyük köməyi dəyib. Onun köməyi sayəsində biz neçə-neçə insanı qocalar evinə, xəstəxanalara yerləşdirmişik, neçə-neçə insan əməliyyat olunub. Bunların bəzilərini efirdə göstərmişik, bəzilərini göstərməmişik. Tam səmimi deyirəm; bu işlərin hamısında mənə Gülər Əhmədova kömək edib. Əgər bu xanım bir çox şeylərdən keçərək, işini-gücünü ataraq, Masallıdan, Biləsuvardan və ya digər ucqar bir rayondan olan bir insana kömək edirsə, vətəndaşlıq borcunu yerinə yetirirsə, niyə mən bu gün onun yanında olmayım? Niyə mən ona sizlərdən dəstək istəməyim? Bu da mənim bir vətəndaşlıq borcumdur. Mən düşünürəm ki, parlamentdə ən layiqli, ədalət hissi yüksək, bizim səsimizi lazımi ünvanlara çatdıran insanlar əyləşməlidir. Bu gün onlardan biri sizin qarşınızdadır. Mən ümid edirəm ki, siz noyabrın 7-də öz dəyərli səsinizi Gülər xanıma verəcəksiniz".

Xalq artisti, "Şöhrət" ordenli, bəstəkar Şəfiqə Axundova bu günün onun üçün ən fərəhli günlərdən biri olduğunu vurğuladı: "Mən çox fəxr edirəm ki, Azərbaycanda belə gözəl, olduqca fədakar, xeyirxah xanımlar var. Onlar hər an Vətən üçün canlarını qurban verməyə hazırdırlar. İnsanlara hər zaman kömək əllərini uzadırlar. Mən sizin Gülər xanıma səs verəcəyinizə əminəm və buna görə sizə bəri başdan təşəkkürümü bildirirəm".

Azərbaycan Vətənpərvərlər Cəmiyyətinin sədri, 20 Yanvar əlili, Qarabağ müharibəsi veteranı, İçkeriya-Çeçen Respublikasının ilk fəxri vətəndaşı və milli qəhrəmanı Arif Məhərrəmov G.Əhmədovanı 20 Yanvar faciəsi zamanından tanıdığını qeyd etdi: "20 Yanvar faciəsi zamanı bu xanımın yaralılara necə kömək etməsi, hətta onların sarğılarını sarımağı özünə borc bilməyi mənim gözlərimin önündədir. Həmin vaxt dedim ki, bu xanım tibb bacısıdırmı? Dedim İlahi, bu insanın insanpərvərliyinə bax. Həmin vaxt mən həbs olunanda Moskvada artıq ikinci gün idi ki, işgəncələrə məruz qalırdım. Məni elektrik stuluna əyləşdirərək tələb edirdilər ki, "Vremya" proqramına çıxıb xalqımı, onun mübarizəsini satam. Bu ərəfədə mənə bir məktub gəldi. Gülər xanım bir neçə xanımın imzası ilə mənə bir məktub göndərmişdi. O müraciətdə yazılmışdı ki, sən dözməlisən, dözməyə də məhkumsan. Mən dözəndə məhz o məktubu xatırlayıb dözürdüm".
A.Məhərrəmov bu cür vətənpərvər xanımlara səs verməyin vacib olduğunu vurğuladı: "Mən canımı, qanımı o şəxsə halal edirəm ki, o, məni qoruyan, mənə ürək-dirək verən, daha böyük fədakarlıq göstərməyə çağıran Gülər xanıma səs versin".

Özündə 5200 nəfəri birləşdirən Xətai rayon Veteranlar Cəmiyyətinin sədri Nəcibə Məhərrəmova, təşkilatın sədr müavini, Böyük Vətən müharibəsi veteranı, polkovnik-leytenant Seyfi Dadaşov, Ziyəddin Abbasov, şəhid ailəsinin üzvü Rübabə Bədəlova seçiciləri millət vəkili G.Əhmədovaya səs verməyə çağırdılar.

Millət vəkili G.Əhmədova bütün seçiciləri salamladı, görüşdə iştirak edən hər kəsə minnətdarlığını çatdırdı, onların problemlərinin nədən ibarət olduğunu bildiyini söylədi. O qeyd etdi ki, millət vəkilinin bilavasitə vəzifəsi yol çəkməkdən, digər kommunal problemləri həll etməkdən ibarət deyil:
"Amma millət vəkili bu işlərin arxasınca gedərək, məmurların öz funksiyalarını yerinə yetirməsinə nəzarət edə bilər. Məsələn, Yasamal rayonunda beş metr arası olan köhnə binaların həyətində hündür mərtəbəli binalar tikirdilər. Mən çox gözəl başa düşürdüm ki, "İçərişəhər"i xatırladan bu binaların tikilməsi ürək, əsəb, şəkər və digər xəstəliyi olan insanların tədricən dünyalarını dəyişməsinə gətirib çıxaracaq. Mən onu da başa düşürdüm ki, bu binaların tikilməsinə qarşı çıxmaqla özümə qarşı düşmən qazanıram. Amma mən cənab Prezidentə hər zaman inanmışam və daim onun siyasətini dəstəkləyən bir insanam. Çünki mən siyasətə ümummilli lider Heydər Əliyevin imzası ilə gəlmişəm. Mən cənab Prezidentə müraciət etdim və iki binanın sərəncamını ləğv etdirməyə nail oldum. Həmin yerdə mənim təşəbbüsümlə bir hektar əraziyə malik böyük park salındı. Əlbəttə, parkı mən salmadım. Parkı Yasamal Rayon İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfat Birliyi saldı. Sadəcə, mən bu məsələni bu insanların qarşısında doğru-dürüst qoya bildim. Onları inandıra bildim ki, siz bu işi görsəniz "çox sağ ol" eşidəcəksiniz. Odur ki, millət vəkili seçicilərinin problemlərini dinləməyi, onların fikirlərini ümumiləşdirib lazımi instansiyalara çatdırmalı, izah etməyi bacarmalıdır. Çünki kimisə qorxutmaq, dava-davaş salmaq mənim stilim deyil. Məsəl var, "ho var dağa qaldırar, ho var dağdan endirər". Təvazökarlıqdan uzaq olmasın, amma yəqin mənim 10 ildir Yasamal rayonunda gördüyüm işlərin nəticəsidir ki, bu gün Yasamal camaatı əzizlərimdən, dostlarımdan, sinif yoldaşlarımdan niyə yenə bu rayondan namizədliyimi vermədiyimi soruşurlar".

G.Əhmədova qeyd etdi ki, millət vəkili yaşından asılı olmayaraq böyüklük, ağsaqqallıq etməyi, sülh yaratmağı bacarmalıdır: "Əgər hardasa xoşagəlməz bir hal varsa, insanların əsəbləri tarıma çəkilirsə, anlaşılmazlıq yaranıbsa, millət vəkili ora gedib elə şərait yaratmalıdır ki, həm işlər düzəlsin, həm də necə deyərlər, "nə şiş yansın, nə kabab". Mən 10 il bu cür işləmişəm. Qismət olsa, Allahın köməkliyi ilə yenə də belə işləyəcəm. Çünki biz Azərbaycan Respublikasında cəmi 9 milyonuq. Biz bir-birimizi sevməsək heç bir işimiz düzəlməz. Əgər mən küçə ilə gedən bir qadını qucaqlayıb, onu anam kimi bağrıma basıramsa, demək mən həm savab qazanıram, həm də digərlərinə nümunə göstərmiş oluram. Mən millət vəkilliyini savab, axirətini qazanmaq üçün bir şans sayıram. Allah-Təalanın böyük lütfü mənə 10 ildir belə bir imkanı yaradıb. Sizlərə paylanan bukletlərdə digər məsələlərlə yanaşı, bir məsələ də var; əxlaqlı və mehriban yaşayaq. Hər bir müsəlman hansı savab işləri görməlidirsə, mən ötən fəaliyyətim dövründə o işləri görmüşəm. Yeri düşəndə park saldırmışam, yeri düşəndə imkansız insanları Həccə yola salmışam, övladı xəstə olanlara həyan olmuşam. Hər halda Yasamal uzaq bir yer deyil. Soruşa, öyrənə bilərsiniz. Əgər mənim qismətimdə varsa, indiyədək gördüyüm işləri davam etdirəcəm".

Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini seçicilərə deyilməsi ən vacib olan məsələ adlandırdı: "Şərəf, namus məsələsi mənim üçün dünyada özümdən də, övladlarımdan da öndədir. İllər uzunu qazanılan addan savayı hər şeyi geri qaytarmaq mümkündür. Mən bir azərbaycanlı qadın kimi, 10 ildir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun üzvüyəm. Erməni əsirliyindən geri qayıdan, qayıdıb özünü asan gözəl-göyçək gəlinlər, qızlar görmüşəm. Bu gün mənim ən böyük arzum torpaqlarımızın azad olunmasıdır. Şəhidlər Xiyabanında uyuyan, toy-düyün görməyən, arzuları ürəklərində qalan o gənclərin intiqamını biz almalıyıq. Heç olmasa, işğaldan azad olunmuş torpaqlarımızda bir daşın üstünə onların adlarını yazmaqla, ruhlarını şad etməliyik. Mən buna nail olmaq üçün İsmayıl müəllimlə birgə Avropanın universitetlərini addım-addım gəzmişəm. Xəritəni əyani vasitə kimi əlimə götürüb orta məktəb müəllimi tək, görüşdüyümüz insanlara Qarabağ həqiqətlərinin nədən ibarət olduğunu bir-bir başa salmışam. Mən bu işi millət vəkili olsam da, olmasam da görəcəm. Çünki mən millətimin üstündə bu ləkənin qalmasını istəmirəm. Mənim Prezidentim, cənab İlham Əliyev əgər Zəngəzurun, İrəvanın davasını aparacam deyirsə, mən bu davada onun əsgəriyəm".

G.Əhmədova seçiciləri seçkidə fəal iştirak etməyə, istədikləri namizədə səs verməyə çağırdı: "Yəqin mənim qəbulumda ona görə heç vaxt növbə olmur ki, mən daim insanların arasındayam. Hesab edirəm ki, hansı rayonun deputatısansa, sən o rayondakıların anası, bacısı, qızı olmalısan. Bu amalla, bu arzu ilə yaşayırıq və bizim hamımızın ibrət götürəcəyimiz bir xanım var. Bu Mehriban xanım Əliyevadır. Mehriban xanım da məhz bu cür düşünən insandır. Biz Ulu Öndər Heydər Əliyevin siyasətini qadınlar arasında davam etdirən Birinci Xanımımızın arxasınca gedirik. İnşallah, bu siyasətin davamı daha da gözəl olacaq". Millət vəkili Azərbaycanın qazandığı uğurların xeyli böyük olduğunu vurğuladı: "Başa düşürəm ki, bəzi insanlar hər bir məsələnin öz həllini tez tapmasını istəyirlər. Amma 20 yaşında dövlətin görə biləcəyi işlə, 200 yaşı olan dövlətin görə biləcəyi işi müqayisə etmək düzgün olmazdı. Əsas məsələ odur ki, bizim ölkəmiz xeyli sürətlə inkişaf edir. Mən bir sıra ölkələrdə oluram və bu zaman müqayisə aparıram. Maşallah olsun, bizim inkişafımız göz qabağındadır".

Namizəd seçicilərin problemlərinin həlli üçün artıq əməli fəaliyyətə başladığını da söylədi: "Artıq bu məsələlərin hər birinin həlli üçün müvafiq qurumlarla danışmışam. Binaların istilik probleminin həllinə nail olmaq üçün ekspertiza qrupları yaratmışıq. Bunun üçün "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə, yolların bərpası üçün isə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinə xahişlə müraciət etmişəm".
Qeyd edək ki, millət vəkilinin çıxışı dəfələrlə sürəkli alqışlarla qarşılandı. Sonda millət vəkili problemlərdən əziyyət çəkən seçicilərin şikayətlərini bir-bir dinlədi. Onların həllinə yardımçı olmağa çalışacağına söz verdi.

 
Seçki qərargahı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?