Modern.az

Arif Məlikov ad günündə ən böyük arzusunu açıqladı - ÖZƏL

Arif Məlikov ad günündə ən böyük arzusunu açıqladı - ÖZƏL

13 Sentyabr 2015, 17:29

 

“Bu gün 82 yaşım tamam olur. Şəhərin səs-küyündən baş götürüb bağa üz tutmuşam. Elə doğum günümü də burda keçirirəm”.

 Bunu Modern.az-a açıqlamasında xalq artisti, bəstəkar Arif Məlikov deyib.

Bəstəkar yaxın dostları ilə bir arada yaxşı vaxt keçirdiyi deyib. “Ən yaxın dostlarım bu dəqiqə yanımdadır. Bağda oturub çay süfrəsi arxasında doğum günümü qeyd edirik. Bu gün səhərdən çoxlu zəng edənlər oldu.

Almaniyadan, Türkiyədən məni təbrik etdilər, uzun ömür arzuladılar. Hətta, bu gün yanıma gəlmək istəyən çoxlu insanlar vardı. Amma bu görüşdən imtina etdim. Çünki həyat yoldaşım da, mən də bir az xəstəyik. Ona görə də təbrik edənlər sağ olsunlar”.

Bəstəkar ən böyük arzusundan da danışıb. “İndi 82 yaşındayam. Həyatda hər şeyə nail olmuşam. Bu yaşda pul, var-dövlət istəmirəm. Mənim bir nəvəm var. Həyatda ən böyük arzum o bir nəvəmi xoşbəxt görməkdir. Başqa heç nə istəmirəm”.

 Arif Cahangir oğlu Məlikov – Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1965), Azərbaycan Respublikasının xalq artisti (1978), professor (1979), SSRİ xalq artisti (1986), Dövlət mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001),həqiqi üzvü (akademik) (2014) .

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı.

1961-ci ildə S.M.Kirov adına məhşur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir.

Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.

Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirmklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

 

Namidə BİNGÖL  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır