Modern.az

Tanınmış jurnalist Vəfa Allahverdiyeva: “Övladlarıma görə hələ mətbuata qayıda bilmirəm...”

Tanınmış jurnalist Vəfa Allahverdiyeva: “Övladlarıma görə hələ mətbuata qayıda bilmirəm...”

1 Noyabr 2010, 12:57


Modern.az
saytı Azərbaycan mətbuatında tanınmış imza sahibləri olan və uzun müddətdir KİV-də imzası göranməyən jurnalistlər barədə məlumatları oxuculara çatdırmaqda davam edir. Bu dəfə müsahibimiz imzası hamıya tanış olan,  amma 5-6 ildir mətbuatdan uzaqlaşan Vəfa Allahverdiyevadır. V.Allahverdiyevanı həmkarlarımız siyasət yazarı kimi yaxşı xatırlayırlar.
Vəfa xanım jurnalist, hazırda Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayevlə ailə həyatı qurub.

V.Allahverdiyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Hürriyyət”, “Şərq”, “Yeni Yüzil”, “Mərkəz”, “Cümhuriyyət” qəzetlərində müxbir işləyib.
Keçmiş həmkarımız deyir ki, “Hürriyyət” jurnalistikanı praktiki müstəvidə ona mükəmməl səviyyədə öyrətdiyinə görə o qəzetə minnətdardır: “Çünki həmin qəzet universiteti bitirdikdən sonra ilk iş yerim, ilk təcrübəm idi və başlıcası orada əlverişli yaradıcılıq mühiti, səviyyəli kollektiv formalışmışdı. Bu, 1996-97-98-ci illərin əvvəllərini əhatə edən dövr idi.
“Şərq” qəzetinə miinətdarlığım jurnalistikada dinamik fəaliyyətim və mütəmadi çalışmaq imkanı nəticəsində ictimai rəydə bir qədər də geniş tanınmağıma görədir. 1998-1999, 2000-2001-ci illərdə bu qəzetdə işləmişəm. Ayrı-ayrı vaxtlarda “Yeni Yüzil”, “Mərkəz”, “Cümhuriyyət” qəzetlərində çalışmalı olmuşam, sonra yenidən 2003-2004-cü illərdə “Şərq” qəzetinə qayıtmışam”.

- Vəfa xanım, siz vaxtilə mətbuada imzası tanınan jurnalistlərimizdən biriydiniz. Sonra  “Vəfa Allahverdiyeva” imzası yoxa çıxdı. Aktiv jurnalistikadan getməyiniz ailə qurmağınızla bağlı oldu, yoxsa başqa səbəblər də var?

- Mən ailə qurandan sonra da işləmişəm. Birinci övladımın dünyaya gəlməsindən sonra demək olar ki, çalışmağımı dayandırdım. Lakin vaxt tapdıqca evdə yazdım, internet vasitəsilə “Şərq”ə yazılarımı göndərirdim.

- Mətbuatın içindən çıxmısınız və uzun müddətdir kənardan müşahidələriniz olub. Qıraqdan mətbuat necə görünür?

- Həm zəif, həm güclü, həm peşəkar, həm də qeyri-peşəkar. Zəif ona görə ki, mətbuatın maddi durumu qənaətbəxş deyil, ikincisi mətbuat öz fəaliyyətini problemlərin qaldırılması, onları yaradan səbəblər, səbəbkarların tənqidi üzərində qura bilmir.
Güclü ona görə ki, mətbuatı heç kim sıradan çıxarmır, əksinə hamı onun yaşamasını istəyir-yeni nəşrlər açılır, köhnələrin inkişafına tədricən dövlət dəstəyi artır. Stimul kimi təcrübəli yazarlar mükafatlandırılır, adlar alır.
Peşəkar ona görə ki, peşəkarlar az da olsa hələ da meydandadırlar, onlar öz səviyyələri ilə mətbuatın peşəkarlığını qoruyub saxlayırlar.
Qeyri-peşəkar ona görə ki, açıq qapı kimi mətbuata o qədər insanlar doluşur ki, onların fəaliyyəti nəticəsində mətbuatımız təəssüf ki, bəzən qeyri-peşəkar da görünür.

- Jurnalistikaya qayıtmaq barədə fikirləşmisinizmi? 

- Sözsüz. Bu gün belə bir imkan yoxdur. Övladlarımın mənə ehtiyacı var, çünki onlar hələ kiçikdirlər. Digər tərəfdən, onları etibarlılıq baxımından tapşıra biləcəyim kimsə yoxdur.

- Mətbuatla əlaqələri birdəfəlik kəsmisiniz? Keçmiş həmkarlarınızdan kimlərləsə əlaqələrinizi saxlayırsınızmı? 

- Əslində əlaqələri tamam kəsmək də demək olmaz. Vaxtım olarsa, evdəki imkanımın köməyi ilə mətbuatda görünə bilərəm. Həmkarlarla əlaqələrə gəldikdə, məni axtaran insanlara da, axtarmayanlara da diqqətliyəm. Onların həm yaradıcılığını izləyirəm, həm də telefon vasitəsilə tapıb, vəziyyətləri ilə maraqlanıram. Demək olar ki, səmimi şəkildə qazandığım yoldaşların, dostların yanındayam, onlar da mənim yanımdadır.

- Deməli hazırda evdarlıqla məşğulsunuz?

- Bəli, evdarlıqla, uşaqlarımın qayğıları ilə məşğulam.

-  Sonuncu dəfə mətbuat üçün yazını nə vaxt yazmısınız?

- Qeyd etdim ki, evdə otursam da, yazmaq imkanım olub. Sonuncu yazımı səhv etmirəmsə, 2009-cu ilin aprel-may aylarında yazmışam. O vaxtdan bu yana heç bir yazım olmayıb. Çünki sonuncu övladım dünyaya gəldi və indi də vaxtımın çoxunu balaca olduğuna görə məhz o, alır.

- Heç jurnalistika üçün darıxmırsınız ki? Olurmu ki, hərdən içinizdən nəsə yazmaq gəlsin?

- Jurnalistika çox geniş ünsiyyət, əlaqə müstəvisidir, müxtəlif insanlarla çalışırsan, onları dinləməli, dünyagörüşlərini öyrənməli olursan. Digər tərəfdən, jurnalistika hər gün informasiya, hər gün hadisə deməkdir. Bu mənada darıxmamaq olmur. Nəzərə alsaq ki, dünyadakı hadisələr öz maraqlılığı ilə daxildəki prosesləri kölgədə qoyur, bu baxımdan beynəlxalq aləmdə baş verən olaylar yazmaq üçün daha cəlbedici görünür. Qeyd edim ki, beynəlxalq siyasətə xüsusi marağım yaranıb, əgər jurnalistikaya qayıda bilsəm, bu yöndə də yazılar yazmağa meylim var.

-  İndi hansı mətbuatı izləyirsiniz?

- Demək olar ki, bütün mətbuat orqanlarını. Yəni öz populyarlığını qoruyub saxlayan qəzetləri və yeni çıxan, diqqət çəkən bir sıra qəzetləri.

- Yəqin sizi tanıyan keçmiş həmkarlarınız üçün də maraqlı olar, Vəfa xanımın neçə övladı var, onlar hansı yaşdadılar...? 

- İki oğlum, bir qızım var. Cavidan 6 yaşında, Tuncay 4 yaşında, Fidan isə 1 yaş 5 ayındadır.

Əfqan Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?