Modern.az

Bir özünüzə, bir ətrafiniza baxin, nə gündəsiz!

Bir özünüzə, bir ətrafiniza baxin, nə gündəsiz!

Ölkə

2 Noyabr 2010, 13:56

VƏ YA 15-ci DAİRƏNİN NAMİZƏDİNƏ 15 SUAL

Parlament seçkilərinə sayılı günlər qalır. Seçki yarışı nəzərləri bu günlərdə İctimai TV-yə yönəldib. Təbiidir: hamı maraqla deputatlığa namizədlərin 4 dəqiqə ərzində özlərini seçicilərə necə təqdim etmələrini izləyir.

Pulsuz efir vaxtından hərə öz bacardığı kimi, bir çox hallarda isə xüsusi bacarıqsızlıqla istifadə edir. Kim siyasətdə hələ də piyada, kim süvaridir, açıq şəkildə ortaya çıxır. İctimai TV bu günlərdə elektron KİV-dən daha çox, sanki  bir güzgü rolunu oynayır. Medianı güzgüyə bənzədənlər yanılmayıb: eybəcər və göyçək, sevimsiz və sevimli  simalar oradan bizə sarı boylanır. İntellektlə, siyasi hazırlıqla, xarizmatik üstünlüklərlə cəhalət, siyasi səbatsızlıq və savadsızlıq üz-üzə dayanıb.

Bu debatlar içərisində 15 saylı 1-ci Yasamal seçki dairəsindən deputatlığa namizədlərin çıxışları, yəqin razılaşarsız ki,  xüsusilə maraq doğurdu. Bir səbəb iddialıların siyahısıydısa - İsa Qəmbər, Əli Əliyev, Etibar Hüseynov, Rasim Nəbiyev, Nemət Pənahlı və s. – digəri namizədlərin hədəfləri düzgün seçə bilməməsi, məqsədin müəyyənləşdirilməməsi, “güllə”lərin bir çox hallarda, boşa getməsiydi.

Siyasət - müdafiəçilərdən daha çox hücumçuları sevir. Rəqibləri o debatda  İsa Qəmbərə tutarlı cavab verə, layiq olduğu həmləni edə bilmədilər. Daha doğrusu, İ.Qəmbər eşitməli olduqlarının heç birini eşitmədi. N.Pənahlı yazdıqlarını üzündən oxuya bilmədi, E.Hüseynov əllərinin əsməsi, rabitəsiz mükaliməsi ilə opponentinin qarşısında həyəcanlı olduğunu büruzə verdi. R.Nəbiyevin ümumiyyətlə, nə barədə danışması anlaşılmadı.  Bir sözlə, polemika alınmadı. 

Amma məncə, İ.Qəmbərə demək olardı ki,

1. Özünü “ana müxalifət” adlandıran,  ölkəni dəyişdirmək gücündə olduğunu iddia edən, insanlara indi yaşadıqlarından daha yaxşı perspektiv, daha gözəl gələcək vəd edən bir siyasi təşkilatın rəhbəri nəyə görə 2008-ci ildə prezident seçkilərində iştirakdan imtina edir, 2010-cu ilin parlament seçkilərində isə həvəslə mandat uğrunda mübarizəyə qoşulur?
Bu boyda  partiyanın başqanının iddiası və istəyi bir deputat mandatıdırsa, neçə illərdir insanlara verilən yalan vədləri, absurd bəyanatları necə başa düşək?

2. İsa Qəmbər əgər 2005-ci ildə seçkiləri gerçəkdən udmuşdusa, niyə ona səs verən insanların üstünə qayıtmadı. Niyə ərklə yenə onlardan səs istəmədi? Bu, onun təsdiqi demək deyilmi ki, qosqoca Müsavat Partiyasının başqanı  Adil Əliyevə - keçmiş polis rəisinə ötən seçkilərdə uduzmuşdu və bu dəfə dairəsini dəyişməklə uduzduğunu etiraf etmiş oldu? Belə olmasaydı, Müsavat başqanının da sorağı Avropa İnsan Haqları Məhkəməsindən gəlməzdimi?

3. 2003-cü ilin prezident seçkiləri ərəfəsində insanları meydanlara çağıran, “Qələbə”yədək siz gəlin, oradan Qələbəyə sizi özüm aparacağam” deyən başqan niyə az sonra tərəfdarlarını meydanlarda tək qoydu, insanların əzablı günlərində o, hardaydı? Niyə ona inananların yanında deyildi?  Daim bütün aksiyalarda insanların önündə gedən Elçibəydən liderliyi öyrənmək bu neçə ildə çoxmu çətiniydi?

4. 2003-cü ilin prezident seçkilərindən sonra  Müsavat Məclisinin ilk toplantısında “Uduzacağımızı əvvəlcədən bilirdim” etirafını necə yozaq? Uduzacağını bilən bir lider nə məqsədlə tərəfdarlarının incidilməsinə, döyülməsinə, həbsxanalara doldurulmasına razı ola, şərait yarada bilər? Məntiqlə o, sadəlövhcəsinə ona inanan, onu lider kimi qəbul edən insanları qorumalı deyildimi? Onun sıravi müsavatçılara “qurbanlıq” kimi baxmağa nə haqqı vardı? Niyə təhlükənin qarşısına özünü atmayıb onları göndərirdi? Başqan Müsavat Məclisinin elə həmin toplantısında “ya biz tezliklə  özümüz hakimiyyətə gələcəyik, ya da müsavatçılıq ideyalarını hakimiyyətə gətirəcəyik” bəyanatını  da vermişdi. Aradan yeddi il vaxt keçəndən sonra soruşuram: özünüz  hakimiyyətə gələ bilməmisiniz, aydındır, müsavatçılıq ideyalarını necə, hakimiyyətə gətirdinizmi, gətirə bildinizmi?

5. “Azad və ədalətli” seçki tələb edən İsa Qəmbər rəhbərlik elədiyi təşkilatda niyə şəffaf və ədalətli bir seçki nümunəsini bu neçə ildə ortaya qoya bilmədi? Müsavat Məclisinə son seçkilər zamanı yol verilən saxtakarlıqları biz unutmamışıq. Özü necə, unutmayıb ki?..

6. Müsavat Partiyası 1992-ci ildə təsis edilib, İsa Qəmbər təşkilatın başqanı seçilib. İndi 2010-cu ili yola salmağa hazırlaşırıq. İsa Qəmbər hələ də Müsavat başqanıdır. Ağızdolusu  mədh etdiyiniz, başqalarından tələb etdiyiniz demokratiya anlayışı ilə bir araya sığırmı bu? 18 il bir partiyaya eyni adamın sədrlik etməsi  demokratiya, insan haqları ilə bağlı bəyanatların nə qədər saxta, nə qədər  yalan olduğuna dəlalət etmirmi? Müsavatın sonuncu qurultayında başqanlıq müddətinin iki dəfəyə endirilməsi ilə bağlı qərardan sonra da başqanlıq postunu əldən verməmək qərarlara və dəyərlərə etinasızlıq deyilmi? Partiyada İsa Qəmbəri əvəz edəcək birisi yoxdursa, çox pis. Varsa, buna şərait yaradılmırsa, ”padşahlıq” həvəsi hər şeydən üstündürsə, ondan da pis.

7. Partiyada ölkənin ictimai-siyasi həyatında sözünün çəkisi, nüfüzu, proseslərə təsiretmə gücü olan neçə gəncin, neçə qadının adını çəkmək olar? Çəkə bilmirik, çünki yoxdu. Yetişməyib, yetişdirilməyib. Özünə azacıq hörmət edən nə gənc, nə qadın qalmaq istəməz o təşkilatda və qalmır. “AXCP-Müsavat” blokunun namizədlər siyahısına nəzər salmaq vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir: 3 qadın 2 gənclə haracan gedə bilər  “ana” müxalifət?

8. Müttəfiqləri ilə münasibətlərini bizə necə anlada bilər, cənab İsa Qəmbər? 2000-ci ilin “satqın və xain”i adlandırılan Əli Kərimli aradan uzun müddət keçmədən, İsa Qəmbərin, ona yaxın olan mətbu orqanların ittihamlarından asanca qurtularaq necə təmizə çıxa bildi, necə “ən radikal” müxalifət liderinə çevrildi? Nə baş verdi ki, Müsavat  başqanı  “hakimiyyətlə işbirliyi, müxalifətə xəyanəti” heç kəsdə şübhə doğurmayan Ə.Kərimli ilə yenidən bir masa arxasında əyləşdi, yenidən dost-qardaş oldu, yenidən “birgə mübarizə”nin konturları cızıldı? O halda belə çıxır ki, 2000-2001 və ondan sonrakı yaxın illərdə Ə. Kərimliyə şər atırdız, onun haqqında deyilənlər,  yazılanlar böhtanıydı? Yox, əgər deyildisə, nə baş verdi ki, Ə.Kərimlinin xəyanətləri “unuduldu”?  Yoxsa yenə  “Sem dayı”nın göstərişiyləmi “AXCP-Müsavat – bir yerdə qoşa qanad” oldu?

9. 2005-ci ilin parlament seçkilərindən sonra Lalə Şövkətin “kişi hərəkəti” kimi öyülən, gerçəkdən də AXCP-Müsavat cameəsində heç bir kişinin cəsarət etmədiyi mandatdan imtinası – sözə və imzaya hörmət kimi hörmətəlayiq addımını niyə üçüncü çağırış Azərbaycan parlamentinin müddəti hələ başa çatmamış gözdən düşürdüz? Hansı mənəvi haqla Lalə xanımı – bir qadını  “agent” adlandıra bildiniz? Bu da Qərbin “tələb və təklifi” deyildi ki? Hamının və hər kəsin üstündən asanlıqla xətt çəkə bilən birinə sizcə, ölkənin taleyini etibar etmək olarmı?

10. VİP sədri Əli Əliyevin “qələmini qırmaq” hansı dairələrin göstərişiydi? Bəlkə İ.Qəmbərdə “öncəgörənlik”, “insanların ürəyini oxuma” və s. kimi gizli magik qabiliyyətlər varmış, indi üzə çıxır? Onun İnternet saytlarında əlində kitabça, dəhşətli bir sirrin üstünü açırmış kimi, tənəli baxışlarla və obrazlı ifadələrlə Əli Əliyevi ittiham edən rolikini yəqin, çoxları izləyib. Bəzi reket jurnalistləri kimi, üzədurma “sərt”liyi vardı başqanın çöhrəsində. İkrahdoğuran səhnəydi...

11. Bəs Elçibəyin vəfatından sonra Xalq Cəbhəsi Partiyasının böyük bir qanadını Müsavatın yanına gətirən, İ.Qəmbərə “ikinci nəfəs” verən Mirmahmud Mirəlioğlu niyə çıxdaş edildi, küncə itələndi? 2000-ci ilin parlament seçkilərində qalib gələn, amma Müsavatla müttəfiqliyi qorumaq naminə mandatdan imtina edən Mirəlioğlunun “suçu” çoxmu böyüküydü, onun adı niyə “qara siyahı”ya salındı? Zaman-zaman Müsavat başqanının müavinlərinin, müşavirlərinin də müxalifət düşərgəsinə xəyanətləri, hakimiyyətiçi qruplarla separat danışıqlara getmələri barədə informasiyalar siyasi gündəmin müzakirə mövzusuna çevrilir. Müsavat başqanı o müzakirələrə niyə heç bir halda qatılmır, niyə söylənənləri təsdiq və ya inkar etmir, magik qabiliyyətlərini niyə işə salmır? Yalandırsa, niyə susur? Doğrudursa, niyə susur?

12.  Maraqlıdır, lazım gələndə müttəfiqlərinin “satqınlığını” çox rahatca  “faş” edə bilən, bunu qəzet səhifələrindən, sosial şəbəkələrdən “fədakarlıqla” bəyan edən başqanın özünün üstünə niyə heç “toz” qonmur? Ə.Kərimli xəyanət edə bilir, Lalə Şövkət “qonşu dövlətin agenti” çıxır, Ə.Əliyevin bir tədbirdə dedikləri ilə bir kitabda yazılanlar arasındakı fərq araşdırılıb ortaya qoyulur, M.Mirəlioğlunun üstündən xətt çəkilir, İ.Qəmbər isə həmişə tərtəmizdir. “Sabitqədəm”dir. “Dəyişməz”dir. “Dönməz”dir. Başqan buna necə nail olur, bu “təmiz”liyi necə qoruyub saxlaya bilir? Azərbaycan xalqı buna görə nəyə və ya nələrə minnətdar olmalıdır, görəsən?

13. Biz hakimiyyətə gəlsək, hər şey yaxşı olar” deyən başqan, 17 il əvvəl hakimiyyətdə idiniz. Səhvlərinizdən yalnız birini xatırladacam: iqtidarda  ikinci adam olan İ.Qəmbər, hakimiyyəti qorumaq, möhkəmləndirmək, monolitliyə nail olmaq əvəzinə, müstəqillik yolunda kövrək addımlarını atan, ən önəmlisi, işğal altında olan torpaqları uğrunda müharibə aparan  bir ölkədə yeni bir partiya yaratmağa nə lüzum vardı? Hər bir siyasi təşkilatın başlıca məqsədi hakimiyyətə gəlməkdirsə, siz onsuz da hakimiyyətdəydiz, parlamentin rəhbəriydiz.  Müsavatı yaratmaqla qüvvələri parçalamaq, ölkəni siyasi baxımdan gücdən salmaq, zəiflətmək, iqtidarı yarımcan etmək kimin nəyinə lazım idi?

14. Nəhayət, Almaniyada erməni ümummilli hərəkatının rəhbərliyi ilə əməkdaşlıq haqqında bəyannaməyə imza atan Müsavat varisi, buna nə ad qoyaq? Necə adlandırırsız  adlandırın, bu addımın bəraəti yoxdur. Torpaqlarımız  işğal altında, qız-gəlinlərimiz, hətta şəhidlərimizin meyitləri girovluqda ola-ola  düşmənlə əməkdaşlıq barədə öhdəlik götürməyin bir adı var: rəzalət. Deyirsiz ki, dövlət rəsmiləri də düşmən ölkənin rəhbərliyi ilə danışıqlar aparır, bir masa arxasında əyləşir, bu, niyə xəyanət deyil. Dövlət rəsmilərimiz düşmən tərəflə məhz işğalda olan ərazilərimizi azad etmək üçün danışıqlar aparır, aparmaq zorundadır,  başqan. Ortada bircə məqsəd var: nə yolla olursa-olsun, Qarabağın azadlığına nail olmaq. Bunun üçünsə indiki mərhələdə silahımız – danışıqlardır,  sizin kimi, düşmənlə əməkdaşlıq sazişi bağlamaq yox. Reallıq da budur ki, Qarabağın taleyi ilə bağlı ciddi beynəlxalq təzyiqlərin olmasına rəğmən, hakimiyyət bu günədək  Azərbaycan dövlətinin və xalqının maraqlarının ziddinə olan heç bir sənədə imza atmayıb. Qarabağın itirilməsi ilə razılaşmayıb. Kim deyir ki, hakimiyyətdən də kimsə ermənilərlə  işbirliyinə getsə, bu, etiraz doğurmaz? Məsələ ondadır ki,  iqtidarın dövlət və xalq, o cümlədən beynəlxalq aləm qarşısında məsuliyyəti, vəzifələri, rolu başqadır, müxalifət partiyasınınkı başqa. Əgər ortadakı bu fərqi görmürsüzsə, görmək istəmirsizsə, 25 ildir siyasətdə saç-saqqal ağartmağa nə gərək vardı?

15. Ən nəhayət, 15 saylı dairədə seçicilərinizin  görüşlərininzdə iştiraka həvəs göstərməməsi, əksər hallarda açıqca bundan imtina etməsi bir siyasət adamı olaraq  sizi narahat etmirmi, düşündürmürmü? Sizə elə gəlmir ki, artıq insanlar sizə inanmır, iyirmi ildir vəd verib onları reallaşdıra bilməmək insanları yorub, usandırıb? Özünüz necə, hələ yorulmamısız? Bu cür etimadsızlıq şəraitində bütün sivil dünyada qəbul olunduğu kimi, siyasətdən getməyin vaxtı yetişməyibmi?

Bütün bunları İ.Qəmbərə demək lazımıydı. Demək lazımıydı ki, ittihamlara son ver, nə sən, nə də ətrafın ideal deyil, ideala yaxın da deyil! Düşmənçilik, cəmiyyəti bölmək, qütbləşməni daha da dərinləşdirmək, ətrafındakı insanları siyasi girovlara çevirmək siyasəti yaxşı heç nə vəd etmir. Düşmənçilik hissinin yerini sağlam rəqabət tutmadıqca cəmiyyətimiz yerində sayacaq. Azərbaycan hakimiyyətini  “düşmən” elan edib ermənilərlə əməkdaşlığa cəhd etmək sağlam zehniyyətin məhsulu sayıla bilməz! Haqqdan, ədalətdən danışa-danışa haqsızlıq edəni, ədalətsiz olanı Allah da bağışlamır.

Bax, bunları mütləq demək lazımıydı...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı