Modern.az

Etimad İsmayılov Saakaşviliyə görə həbs olunub?

Etimad İsmayılov Saakaşviliyə görə həbs olunub?

3 Noyabr 2010, 12:56

İlyas İsmayılov: “Mənim kiçik oğlumun gürcü prezidenti ilə tanışlığı var”

Rusiyanın Çelyabinsk məhkəməsi tərəfindən həbs edilərək 8 illiyə azadlıqdan məhrum olunan  azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun cinayət işində siyasi motivlərin olması ilə bağlı iddialar yer alıb. Bir sıra mənbələr iddia edir ki, Etimada qarşı belə sərt mövqenin sərgilənməsi onun Gürcüstan prezidenti Mixail Saaakaşvili ilə dost olması səbəb olub.

Modern.az bununla bağlı iş adamının atası, millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılova müraciət edib. İ. İsmayılov məlumatın həqiqətə uyğun olmadığını deyərək qeyd edib ki, bu məsələdə siyasi motiv axtarmaq yersizdir.

Etimad İsmayılovun Gürcüstan prezidenti ilə heç bir tanışlığının olmadığını deyən millət vəkili vurğulayıb ki, məhkəmə qanunsuz olaraq oğlu barədə hökm verib.

“Saakaşvilinin bura heç bir aididyyatı yoxdur. Mənim ABŞ-da yaşayan kiçik oğlumun Gürcüstan prezidenti lə müəyyən tanışlığı var. Amma bu, sadəcə tanışlıqdan o tərəfə getməyib”-deyə İ.İsmayılov bildirib.

Millət vəkilinin sözlərinə görə, oğlu qeyri-qanuni olaraq həbs edilib və onun azadlığa çıxması üçün lazım olan bütün tədbirlər görülür. Oğlunun işi ilə bağlı dövlət başçısına müraciət etmədiyini deyən İ.İsmayılov bildirib ki, belə məsələlərə görə prezidentə müraciət etməyi lazım bilmir.
“Bu hökmün qeyri-qanuni olduğunu sübüt edəcəyik. Mənim oğlumun heç bir günahı yoxdur. Lazım olarsa, Avropa Məhkəməsinə qədər çıxarıq”-deyə İ.İsmayılov bildirib.     

Qeyd edək ki, 2 ildən artıq gedən bu məhkəmə prosesinin kökündə Etimad İsmayılovun rəhbəri olduğu “Avrasiya” MMC-nin Çelyabinsk vilayətinin kənd təsərrüfatı müəssələrinə dizel yanacağı ilə təmin etməklə bağlı imzalanmış müqavilə durur. Bununla bağlı “Ərzaq Korporasiyasyı”adlı dövlət müəssisinin rəhbəri Şvadçenko ilə dəyəri 207 milyon rubl ( 1 milyon dollar) olan müqavilə imzalanıb. Pul bütünlüklə əvvəlcədən ödənilib. Şvadçenko bu pulu qondarma firmanın hesabına köçürüb və bununla da qalmaqal başlanıb. Etimad İsmayılov qətiyyətlə iddia edir ki, Şvadçenko onu aldadaraq pulu Çelyabinsk qubernatorunun himayəsi ilə mənimsəyib. Lakin məhkəmə bütün detalları araşdırmadan hökm verib. Bu qaranlıq məsələlərdən biri də 207 milyon rublun hara yoxa çıxmasıdır. Bunu məhkəmə də etiraf edib. Məhkəmə hökm çıxararkən Federal Təhlükəsizlik Xidmətinə rəsmi iradlarını da əlavə edib. Belə ki, FTX-nın yerli bölməsi cinayəti aşkar etsə də, nədənsə mənimsənilən dövlət pulunun hara köçürüldüyünü müəyyən edə bilməyib. Qaranlıq qalan məsələlərdən biri də budur.
Məhz Etimad İsmayılov da onun aldadıldığını deyir və burada Çelyabinsk şəhər rəhbərliyini ittiham edir.  

Rusiya prokurorluq sistemində böyük hörməti olan Azərbaycanın keçmiş baş prokuroru, hüquq elmləri doktoru İlyas İsmayılov Moskvada və Sankt-Peterburqda yaxşı tanınır. Onun oğlu ilə bağlı məsələdə mövqeyi bəlli olsa da, Rusiya hüquq-mühafizə strukturlarının bu məsələdə özlərini kənarda saxlaması bir sıra suallar da yaradır...

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir