Modern.az

Azərbaycanlı zəvvarlar Həccə AZAL-ın təyyarələrilə getmirlər

Azərbaycanlı zəvvarlar Həccə AZAL-ın təyyarələrilə getmirlər

Ölkə

3 Noyabr 2010, 15:28

Qafqaz Musəlmanları İdarəsi  Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil edən mərkəz olaraq, ziyarət səfərlərini Səudiyyə Ərəbistanının Həcc nazirliyi ilə imzalanmış protokol əsasında həyata keçirir. Bu barədə Modern.az-a QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.   
 
R. Dadaşova  bildirib ki, 2010-cu ildə Azərbaycandan Həcc ziyarətinə ölkəmiz üçün nəzərdə tutulan kvotaya uyğun olaraq 2 min  nəfər zəvvar yola düşür. Onlardan 1200 nəfəri avtobuslarla, 800 nəfər isə təyyarələrlə müqəddəs məkanlara səfər edir. Avtobuslar Azərbaycan - Gürcüstan - Türkiyə - Suriya - İordaniya - Səudiyyə Ərəbistanı marşrutu ilə, təyyarələr isə Bakı-Ciddə reysi üzrə hərəkət edirlər. Avtobusla gedən zəvvarlar 2, 3 noyabr tarixlərində 46 avtobusdan ibarət iki avtobus karvanı ilə artıq yola düşüb.
4 təyyarə ilə ziyarətə gedənlər 2, 3  4, 5 noyabr tarixlərində hər gün bir reys olmaqla səfərə yollanırlar.

Ziyarət səfərləri avtobuslarla 2 min 500 AZN, təyyarə ilə səfər edənlər üçünsə 3 min 500 AZN dəyərindədir. Bu məbləğə zəvvarların nəqliyyat, mehmanxana, viza xərcləri, torpaqbasdı vergisi, çadırların icarə haqqı, sığorta xərci və səfər müddətində gündə 2 dəfə qidalanma xərcləri daxildir.

Ziyarət səfəri zamanı zəvvarların təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər QMİ ilə Səudiyyyə Ərəbistanı hökuməti arasında imzalanmış protokolun müvafiq müddəalarına əsasən həyata keçirilir.

Zəvvarları səfər müddətində müqəddəs ziyarətin özəllikləri ilə bağlı məlumatlandıran qrup rəhbərləri, səhhətlərinə nəzarət edəcək həkim briqadaları müşayiət edir. Ümumilikdə, təşkilati məsələlərə nəzarət edən şəxslər, həkim briqadası, sürücülər və müşayiət edənlərlə birlikdə Azərbaycandan bu il Səudiyyə Ərəbistanına 2 min 300 nəfərdən ibarət missiya yola düşür.

Hal-hazırda Mədinə şəhərinin hava limanında aparılan təmir və genişləndirmə işləri ilə bağlı çarter reysi həyata keçirən təyyarələr əvvəlcədən nəzərdə tutulduğu kimi Mədinədə deyil, Ciddə aeroportunda enirlər. Buradan zəvvarlarımız avtobuslarla Mədinə şəhərinə aparılacaqlar. Buranı 3 gün ərzində ziyarət edən zəvvarlarımız Həcc əməllərini yerinə yetirmək üçün avtobuslarla Məkkəyə yollanacaqlar. Ümumilikdə, müqəddəs Həcc səfərinin müddəti  20-25 gündür. 

Səudiyyə Ərəbistanı dövlətinin qanunlarına görə, Həcc mövsümü müddətində təyyarə ilə səfər edən zəvvarlar uçuşa 8-12 saat qalmış hava limanında olmalıdırlar. İslam dünyasının çoxmilyonlu zəvvarlarının eyni günlərdə Ciddə Hava Limanında eniş-uçuş həyata keçirəcəklərini nəzərə alsaq, təyyarələrin uçuş vaxtlarında müəyyən gecikmələrin ola biləcəyi istisna edilmir. Azərbaycanlı zəvvarların çarter uçuşlarını AZAL-ın təyyarıləri deyil, Fransanın tanınmış hava nəqliyyatı şirkəti həyata keçirəcək.        

Mail  Ağaxanov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi