Modern.az

Vergilər Nazirliyi deputata məxsus klinikada yoxlamalara başlayıb

Vergilər Nazirliyi deputata məxsus klinikada yoxlamalara başlayıb

5 Noyabr 2010, 10:54


Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “Loğman Klinikası” MMC-də yoxlama apararaq müəssisəyə məxsus bütün sənədləri müsadirə edib. Modern.az-a daxil olan məlumata görə, dünən klinikanın direktoru Əlibala Kazımovu adıçəkilən idarəyə aparıb və 1 saat orada saxlayıblar. Bununla yanaşı, ona barəsində həbs-qəti imkan tədbiri seçilə biləcəyi də söylənilib. Verilən məlumatda adıçəkilən klinikanın vergidən yayınmaq üçün sənədlərdə maaşları və icarəhaqqını az göstərdiyi bildirilir.
Saytımıza daxil olan məlumatda o da qeyd olunur ki, “Loğman Klinikası” MMC 104 saylı Gədəbəy -Tovuz seçki dairəsindən deputatlığa namizəd, hazırda bu dairədən millət vəkili olan Nazim Məmmədova məxsusdur.

Modern.az saytı məsələ ilə əlaqədar Nazim Məmmədovla əlaqə saxlayıb. Deputat bizimlə söhbətdə bildirib ki, “Loğman” klinikası sənədlərdə onun həyat yoldaşının adınadır. Lakin klinikanı uzun müddətdir icarəyə veriblər.

”Loğman” klinikasının direktoru Əlibala Kazımov isə Modern.az saytına bildirib ki, o, ötən il dekabrın 21-də bu vəzifəyə təyin olunub. Az sonra-2010-cu il yanvarın 5-də Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən yoxlamalara başlanılıb. Bir neçə ay davam edən yoxlamadan sonra departament “Loğman Klinikası” MMC-ni vergidən yayınmaqda ittiham edərək akt tərtib edib. Sənəddə bildirilib ki, klinika vergidən yayındırdığı 18 min manat vəsaiti ödəməlidir. Direktorun sözlərinə görə, heç bir qanuni əsasa söykənməyən bu iddianı rədd ediblər və İqtisad Məhkəməsinə müraciət ünvanlayıblar: “Məhkəmə bizim xeyrimizə qərar çıxardı. Amma Vergilər Nazirliyinin müvafiq idarəsi məhkəmə qərarına nəinki məhəl qoydu, əksinə iki ay əvvəl yenidən bizim klinikada əsassız yoxlamalara başladılar”.
Əlibala Kazımov əməkdaşımızla söhbətdə bildirib ki, bu dəfə yoxlamanı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti başlayıb və onları yenə də vergidən yayınmaqda ittiham ediblər: “Bizi ittiham edirlər ki, vergidən yayınmısınız. Bu ilin yanvarından may ayınadək klinikada audit yoxlaması aparılıb. Yoxlama aparılan müddətdə biz necə vergidən yayına bilərik onu anlamıram”.
Direktorun sözlərinə görə, noyabrın 4-də departamenin əməkdaşları klinikaya gələrək bütün sənədləri müsadirə ediblər: “11 nəfər tökülüşüb klinikanı ələk-vələk edəndən sonra mənim evimə də gedib axtarış apardılar. Heç nə tapa bilmədilər. Amma başa düşə bilmirəm nə axtarırdılar. Daha sonra deputat Nazim Məmmədovun köməkçisi Şaiq Abdullayevin Bakıdakı evində yoxlama aparıblar. Dünən gecə məni Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə apardılar və gecə saat 1-də buraxdılar”.
Əlibala Kazımov deyib ki, bu yoxlamaların sifarişlə həyata keçirldiyini vergi müfəttişləri də etiraf ediblər və deyiblər ki, belə tapşırıq verilib, məsələ aşağı səviyyədə həll oluna bilməz.

Məsələ ilə əlaqədar Modern.az-a danışan deputat Nazim Məmmədov deyib ki, bu, ona qarşı bir təzyiq kimi qiymətləndirilə bilər. Deputatın sözlərinə görə, “Loğman Klinikası” MMC-də həyata keçirilən əsassız yoxlamalar dövlət siyasəti sayıla bilməz.
N.Məmmədovun sözlərinə görə, klinika artıq bir dəfə bu məsələ ilə əlaqədar məhkəməni udub. O, məsələylə bağlı vergilər nazirinin müavini Natiq Əmirovla telefon əlaqəsi saxladığını qeyd edib.
”Mən vergilər nazirinin özünə də müraciət edib bu işlərə əncam çəkilməsini istəyirəm”-deyə N.Məmmədov bildirib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı