Modern.az

Şeyxülislam titulu verilmir...

Şeyxülislam titulu verilmir...

6 Noyabr 2010, 14:56

İslamda Şeyxülislamlıq təsisatının tarixi çox-çox qədimlərə gedib çıxır. «Şeyxülislam» ərəb sözü olub mənası «İslam rəhbəri» və ya «İslamın ağsaqqalı» deməkdir. Təqribən X əsrdən başlayaraq mötəbər din adamları şeyxülislam titulunu daşıyıblar. Şeyxülislam titulu verilmir, daha doğrusu, İslamda bu titulu verən elə bir təsisat yoxdur. İslam aləmində sözü keçən, fikirləri qəbul edilən mötəbər şəxsin nüfuzu etiraf edildikdən sonra o, şeyxülislam sayılır.

Ərəb ölkələrində müfti şeyxülislamdan yüksək titul sayılır. Iranda molla və müctəhidlərdən ibarət şəriət məhkəməsinin sədri şeyxülislam adlanır. Belə məhkəmələr hər bir böyük şəhərdə fəaliyyət göstərə bilər.
Türkiyədə şeyxülislam titulu İstanbul müftisinə aid edildikdən sonra şöhrət tapıb. Qardaş ölkədə şeyxülislam adı ilk dəfə 1424-cü ildə Molla Fənariyə verilib. Türkiyədə Şeyxülislamlıq təsisatı 498 il fəaliyyət göstərib və 175 şeyxülislam olub. 1922-ci ildən Türkiyədə Şeyxülislamlıq institutunu Dəyanət İşləri Başqanlığı əvəz edir. 

Azərbaycanda da şeyxülislam titulu və şeyxülislamlıq vəzifəsinin böyük tarixçəsi var. XIX əsrin ortalarına qədər Cənubi Qafqazda şeyxülislam şiə-müsəlmanlar arasında şəriət məhkəməsinin başçısı sayılıb. Həmin vaxt artıq bölgədə öz mövqelərini möhkəmlətmiş rus çarizmi başqa sahələrdə olduğu kimi, din sahəsində də müstəmləkəçilik siyasəti yeritməyə başlayır. Bu siyasətin mühüm tərkib hissələrindən biri müsəlman ruhanilərini-din adamlarını ələ almağa, onları hökumətə loyal münasibət bəsləməyə və tabe etməyə imkan verən bir İslam dini qurumu yaratmaqdan ibarət idi. Nəticədə 1823-cü ildə Tiflis axundu Məhəmməd Əli Hüseynzadə Qafqazın şeyxülislamı təyin edildi. Şeyxülislamlığın iqamətgahı isə Tiflis şəhərində yerləşirdi.

Çar hökuməti bu təyinatla müsəlman ruhanilərini yenidən təşkilatlandırmağa və dini icmaları mərkəzləşdirməyə çalışırdı. Nəzərdə tutulurdu ki, bölgənin bir şeyxülislamı olmaqla müsəlmanların dini işləri və rəhbərliyi bir mərkəzdən gerçəkləşdiriləcək.

Şeyxülislam vəzifəsinin bu şəkildə təsisatı Qafqaz üçün yeni hadisə idi. Çünki o vaxtadək bir neçə şeyxülislam mövcud olsa da, bütün bölgədə tanınan və bölgə səviyyəsində dini nüfuz sahibi kimi həm müsəlmanlar, həm də dövlət tərəfindən qəbul edilən, mötəbər sayılan vahid mənəvi lider, vahid şeyxülislam olmamışdı. Məhz bu baxımdan, mütəşəkkil və mərkəzləşdirilmiş qurum olaraq Qafqazda Şeyxülislamlıq təsisatının yaranma tarixini 1823- cü ildən hesablamaq olar.

Axund Məhəmməd Əli Hüseynzadənin şeyxülislamlıq fəaliyyəti yeni tarixi şəraitdə nəinki Qafqazın müsəlman ruhanilərinin mütəşəkkilliyinin təmini, həm də bölgə müsəlmanlarının dini işlərinin tənzim edilməsi ilə bağlı səciyyəvi xüsusiyyətləri müəyyən etdi. Sonrakı şeyxülislamlar öz fəaliyyətlərində bu xüsusiyyətləri qoruyub saxlamağa çalışıblar. 
Tətbiq edilən yenilikdən İslam daha çox faydalanırdı, onun cəmiyyətdə statusu daha da möhkəmlənirdi. Odur ki, hökumət yeni təcrübəni sünni müsəlmanlara da tətbiq etmək məqsədilə «parçala və hökm sür» siyasətini işə saldı.
1832-ci ildə Qafqazın müftisi vəzifəsi təsis edildi və Kazan tatarı Tacəddin Mustafin ilk Qafqaz müftisi təyin edildi. Uzun müddət bölgənin müsəlmanları arasında etibar qazana bilmədiyi üçün 1842-ci ildə onu azərbaycanlı- görkəmli şair Molla Vəli Vidadinin oğlu, dinə dair bilikləri və ləyaqəti ilə seçilən din xadimi, Qazax müftisi Osman Əfəndi Vəlizadə əvəz etdi.

Beləliklə, XIX əsrin 40-cı illərində Tiflisdə Qafqaz müsəlmanlarının iki idarəsi şeyxülislamın başçılıq etdiyi şiə ruhani idarəsi və müftinin rəhbərlik etdiyi sünni ruhani idarəsi fəaliyyət göstərirdi. İdarələrdən hər birinin tərkibi 1 sədr, 3 üzv, 1 katib və 2 kargüzar, 1 tərcüməçi, 1 mirzə, 1 arxivarius olmaqla 10 nəfərdən ibarət idi. Hər bir idarəyə hüquqi cəhətdən tabe olan 4 məclis - Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı məclisləri vardı. Qazılar və baş qazı da idarələrə tabe idilər. Şiə idarəsinin 20, sünni idarəsinin 16 qazısı var idi.

Qafqazın müsəlman ruhanilərinin təşkilatlanması ilə bağlı iş davam edirdi. 1847-ci ildə axund Fazil İrəvani, 1862-ci ildə isə axund Əhməd Hüseynzadə şeyxülislam təyin edildilər. Tədricən şiə və sünni ruhani idarələrini bir idarədə birləşdirmək fikri güclənirdi. Dövrünün tanınmış şəxslərindən olan və dini bilikləri ilə seçilən Şeyxülislam Əhməd Hüseynzadə bu istiqamətdə müəyyən işlər görürdü. Lakin bu ideyanın gerçəkləşməsinə qarşı müəyyən qüvvələrin müqaviməti də güclü idi. Nəticə etibarilə, 1872-ci il aprelin 5-də imperator II Aleksandrın fərmanı ilə Qafqazda iki müsəlman ruhani idarəsi-şiə müsəlmanlarının Ruhani İdarəsi və sünni müsəlmanlarının analoji qurumu yaradıldı.

Nəzərdən keçirilən dövrdə müsəlman ruhaniliyi və liderlərinin hakimiyyət dairələri tərəfindən təzyiq və əsassız təqiblərə, həbs təhdidlərinə məruz qalmalarına, ciddi nəzarət altında fəaliyyət göstərməyə məcbur edilmələrinə baxmayaraq, şeyxülislamlar və müftilər öz müstəqilliklərini qoruyub saxlamağa nail olurdular.
Digər tərəfdən, şeyxülislamlıq və müftilik İslamın təbliği, din elmlərinin və dini təhsilin inkişaf etdirilməsi ilə bağlı fəal iş aparırdı. Qafqazın növbəti şeyxülislamları Əbdüssəlam Axundzadə (1894-1907), Məhəmmədhəsən Mövlazadə Şəkəvi (1883-1913) olub.

1917-ci ildə Bakı ruhanilərinin təşəbbüsü ilə «İsmailliyyə» binasında Qafqazın müsəlman ruhanilərinin I qurultayı keçirildi. Üç gün davam edən qurultayda Qafqazın müsəlmanlar yaşayan əksər bölgələrinin nümayəndələrinin iştirakı ilə mühüm məsələlər müzakirə edildi. Sonuncu gün Təzəpir məscidində şeyxülislam və müftinin iştirakı ilə camaat namazı qılındı.

1918-ci ildə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu və ölkə siyasi müstəqilliklə yanaşı, din sahəsində də müstəqillik əldə etdi. Həmin ilin avqustunda Şeyxülislam Məhəmməd Pişnamazzadə (1913-1918) və müfti Mustafa Əfəndi Əfəndizadə Gəncəyə gəldilər. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq «Məşixə» deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Məşixəyə şeyxülislam və müfti ilə birlikdə 31 ruhani-16 şiə və 15 sünni qazısı daxil oldu. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu.

O zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərir.
1918-ci il dekabrın 11-də Qafqazın şeyxülislamı Məhəmməd Pişnamazzadə istefa verdi və onun səlahiyyətlərini axund Ağa Əlizadə (1918-1920) öz üzərinə götürdü.

1920-ci ildə hakimiyyətə gələn bolşeviklər mayın 15-də Şexülislamlıq təsisatını ləğv etdilər. 1941-ci ildən başlayaraq Hitler rejiminə qarşı mübarizədə dindarların, o cümlədən, müsəlmanların rəğbətini qazanmağa ehtiyac duyan sovet hökuməti 1944-cü ildə Qafqaz müsəlmanlarının Ruhani İdarəsinin bərpa edilməsi haqqında qərar qəbul etdi. Mayın 25-28-də keçirilən qurultayda axund Ağa Əlizadə (1944-1954) yenidən Qafqazın şeyxülislamı seçildi, müfti İbrahim Əfəndi Əfəndizadə isə onun müavini oldu. Bununla şeyxülislamın seçilməsi ənənəsinin əsası qoyuldu. Sonralar bütün şeyxülislamlar- axund Mir Möhsin Həkimzadə (1955-1966), axund Əliağa Süleymanzadə (1968-1976), axund Mir Qəzənfər İbrahimov (1977-1979) müsəlmanların qurultaylarında seçiliblər.

Hazırkı şeyxülislam hacı Allahşükür Paşazadə bu vəzifəyə 1980-ci ildə Qafqaz müsəlmanlarının qurultayında seçilib və indiyədək dini rəhbər kimi fəaliyyət göstərir. Bu gün Qafqaz Müsəlmanları İdarəsi öz səlahiyyətləri çərçivəsində Azərbaycanda İslam dini icmalarına rəhbərlik edir, şəri qayda-qanunların düzgün yerinə yetirilməsinə nəzarət edir.

Hazırladı Adəm Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir