Modern.az

Neft buruqları arasındakı qaza həsrət kənd...

Neft buruqları arasındakı qaza həsrət kənd...

19 Oktyabr 2009, 12:24

«Bərbad gündə, kölə kimi yaşayırıq. Kəndimizdə neft çıxır, amma biz qaz üzünə həsrətik. Qazın nə olduğunu kinolardan görmüşük.  Halbuki qulağımızın dibindən nefti çəkib qonşu rayonlara ötürürlər, hələ başqa ölkələrə də satırlar... Nə mədəniyyət göstəricisi sayılan yolumuz, nə də aydınlar yetişdirmək gücündə olan məktəbimiz var». Bunu bizimlə söhbətində Dəvəçi rayon Zeyvə kəndinin sakini Yasin Osmanov dedi. Kəndə baş çəkəndə burada problemlərin Yasin müəllimin sadaladıqlarından da qat-qat artıq olduğunu öz gözlərimizlə gördük... Zeyvəyə rayonun alayarımçıq tikilmiş avtovağzalından yola düşdük. Kənd sakinlərinin «alabaş» adlandırdıqları avtobus mənzil başına çatanacan zeyvəlilərin təbirincə desək, böyrəyimizdəki «daş»ı da saldı. 

Bu kənd turizm üçün ən yaxşı məkan ola bilər

Zeyvə əhalisinin 99,9 faizi tatlardan ibarətdir. Elə kənd də VII əsrdə İrandan qovulan tatların hesabına salınıb. Dəvəçi rayonundan təxminən 40, Bakı avtovağzalından 2 saat 20 dəqiqəlik məsafə ilə ayrılan kənd dağlar qoynunda yerləşir. Dağlardan gələn çayın iki hissəyə böldüyü Zeyvədə  turizm üçün əlverişli şərait olsa da, nədənsə kənd, sərmayəsini bu sahəyə yatıranların diqqətindən kənarda qalıb. Elə Mədəniyyət və Turizm Nazirliyinin də… Sakinlər vaxtilə Əbülfəz Qarayevin bu kənddə olduğunu və buranı turizm zonası kimi abadlaşdıracağına söz verdiyni bildirdilər. İndi onlar gözləyirlər.
Həmsöhbət olduğumuz zeyvəlilər ümid edir ki, burada turizm inkişaf etdirilsə,  kəndin yolları abıra düşər, əraziyə qaz da çəkilər. Sakinlərin dediyinə görə, kənddəki əfsanəvi Əmbil gölünü hansısa biznesmen alıb, turizm zonasına çevirmək  fikrindədir. Amma hələ ki, gölün də taleyi sual altındadır. Dağlar qoynunda yerləşən Əmbil gölünə gedib çatmaq üçün normal yol olmadığından,  kənd sakinləri orada nə vaxt olduqlarını xatırlamırlar. Amma biz yolumuzu Əmbil gölündən də saldıq. Hər tərəfdən ağacların əhatə etdiyi gölün suyu o qədər şəffaf idi ki, üzən balıqları açıq-aydın görmək olurdu. Sakinlərin dediyinə görə, göldə insanları özünə çəkən burulğan olduğundan orada çimmək olmaz. Amma zeyvəlilər indiyə kimi burada kiminsə boğulub-boğulmadığını xatırlaya bilmədilər.  

Qazancı Rusiyadan və ağacdan çıxanlar  

Yerli sakinlərin məşğuliyyətinə gəlincə, ailələrin təxminən üçdə bir hissəsinin çörəyi Rusiya bazarlarından çıxır. Bundan başqa, meşədən odun doğrayıb satmaqla da ailəsini dolandıranlar az deyil. Zeyvədən neft çıxdığından buruqlarda da az sayda kənd sakini çalışır. Burada sakinlərin əksəriyyətinin şəxsi təəsərrüfatı var. Amma kəndə turistlər gəlmədiyindən mal-qaradan əldə etdikləri süd məhsullarını ancaq özləri istifadə etməli olurlar. Bələdiyyə tərəfindən ayrılan pay torpaqlarında da əkdikləri tərəvəz özlərinə qismət olur. Meşədə alma, armud, əzgil, zoğal, alça, qoz, fındıq, böyürtkan  bol olsa da, söhbət etdiyimiz sakinlər deyirlər ki, yalnız qoz-fındığı şəhərdəki qohum-əqrəbaları vasitəsilə satıb qazanc əldə edə bilirlər. Bir də zoğaldan çəkib satdıqları araq qışda onların dadına yetir. Bundan başqa kənd sakinlərinin elə bir məşğuliyyəti yoxdur. Odur ki, Zeyvə cavanlarının çoxu işsizlikdən şikayətçidir. 

Dedilər ki, maşın düzəldən zavod bağlanıb” 

Kəndin ağsaqqalarının da giley-güzarını dinlədik. 10 uşaq böyüdüb ərsəyə gətirən 86 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı Hacıverdi Şıxəliyev indiyə kimi ona avtomobil verilməməsindən şikayətləndi: «5 il müharibədə iştirak etmişəm. Döyüşlərdə 4 dəfə yaralanmışam. Hətta axırıncı dəfə məni meyitxanaya aparıblar, ölüb, ölümlərdən qayıtmışam, nə qədər orden-medalım var. Amma nə fayda? 1982-ci ildən maşın növbəsində olsam da, indiyədək növbəm gəlib çatmayıb. Bundan ötəri Dəvəçi rayonunun «voyenkomatı»na da getmişəm, ötən il Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olmuşam. Nazirlikdən dedilər ki, maşın düzəldən zavod bağlanıb. Amma telekanallardan gündə birinə maşın verildiyini görürəm. Bu kənddə 14 nəfər İkinci Dünya müharibəsi əlili olub. Onların hamısı rəhmətə gedib, bircə mən qalmışam, yəqin mənim də ölümümü gözləyirlər…». 

“Siyasətçi şəhid deməkdir?”

Qeyd edək ki, zeyvəlilər ölkədə və dünyada baş verən yenilikləri yalnız televiziya vasitəsilə öyrənə bilirlər. Zeyvədə «dərmana qəzet axtarsan» kənd məktəbinə üz tutmalısan. Orda da «Xalq», «Azərbaycan Müəllimi», «Təhsil xəbərləri» kimi qəzetlərin ancaq köhnə nömrələrini tapmaq mümkündür. Söhbətləşdiyimiz gənclərin əkəsəriyyəti Azərbaycanda və dünyada baş verənlərdən xəbərsizdilər. Zeyvə gəncləri arasında maraqlı bir sorğu da apardıq. «Hansı siyasətçiləri tanıyırsınız?» sualı ilə müraciət etdiyimiz gənclər arasından yalnız bir neçəsi mərhum eks-prezident Heydər Əliyevin adını çəkə bildi. Sualımıza ən maraqlı cavabı isə 18 yaşlı Nərgiz verdi: «Siyasətçi nədir, şəhid deməkdir?».   

Zeyvədə sevgi azaddır 

Zeyvəni başqa ucqar kəndlərdən fərqləndirən bir neçə cəhət var ki, onlardan biri də burada qızları yetkinlik yaşına çatmamış məcburi ərə vermək kimi ənənənin olmamasıdır. Zeyvə qızları 19 yaşdan başlayaraq, hətta 23-25 yaşlarında belə ailə qururlar. Amma 25-i keçən qıza kənddə «yaşı ötmüş» kimi baxırlar. Öyrəndik ki, Zeyvədə belə bir ənənə də var ki, qızlar 15-16 yaşlarında könüllərini kimə verdilərsə, axıracan sevdiklərinin yolunu gözləyirlər. Valideynlər də çox vaxt gənclərin istəyinin qarşısında sədd çəkməyə çalışmırlar. Əks təqdirdə, sevgililər evliliyə qərar verib, bir-birinə qoşulub qaçırlar.

Mollasız kənd və zoğal arağı

Zeyvədə olduğumuz müddətdə kənd məscidinin qapısını qıfıllı gördük. Allahın evini ziyarət etmək istəyənlər məscidə nəzarət edən Bibican xaladan qapının açılmasını xahiş etməlidirlər. Biz də Bibican xalanın köməkliyi ilə məscidə daxil ola bildik. Divardan asılmış Türkiyə Diyanet İşləri Başkanlığının namaz vaxtını bildirən cədvəli də gözümüzdən yayınmadı. Məscidin türklərlə heç bir əlaqəsinin olmadığını deyən Bibican xala birldirdi ki, Ramazan ayında hər gün 5 dəfə azan verilirmiş, məscid də bütün günü açıq olurmuş. Amma indi məscidə gəlib-gedən olmadığından qapını bağlı saxlayırlar: «Bir də ki, heç mollamız da yoxdur ki, gündəlik burada otursun, namaz vaxtı azan versin. Bir nəfər cavan oğlan vardı, məsciddə uşaqlara dərs də verirdi. Polislər gündə gəlib onu bezdirdilər, axırda da qovdular».
Bibican xalanın sözlərinə görə, ümumiyyətlə, Zeyvədə Allaha ibadət edənlərin sayı çox deyil: «Sözdə hamı müsəlmandır. Amma tək-tük adam taparsan ki, namaz qılsın. Çox yaxşı olardı ki, məscidin qapısı həmişə açıq olsun, burada uşaqlara, gənclərə dini biliklər öyrədilsin. Belə olsaydı, kənd cavanları da içkiyə aludə olmazdı».
Yeri gəlmişkən, kənddə demək olar ki, hər evdə zoğaldan araq çəkildiyndən Zeyvə kişilərinin içki ilə arası pis deyil.

 

Lalə MUSAQIZI

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir