Modern.az

Deputat köməkçisi Cəmilə Məhərrəmova: "Azərbaycanı Türkiyə və ya Misirdə səfir olaraq təmsil etmək arzumdur"

Deputat köməkçisi Cəmilə Məhərrəmova: "Azərbaycanı Türkiyə və ya Misirdə səfir olaraq təmsil etmək arzumdur"

19 Oktyabr 2009, 13:41

“Deputat köməkçisi” rubrukasının budəfəki qonağı millət vəkili Əkrəm Abdullayevin köməkçisi Cəmilə Məhərrəmovadır


- Cəmilə xanım, deputatların əksəriyyətinin köməkçisi kişilərdi. Siz kişi millət vəkilinin köməkçisisiniz. Müasir cəmiyyətdə yaşamağımıza baxmayaraq bir çoxları belə hallara o qədər də müsbət yanaşmır. Sizin bununla bağlı fikirləriniz necədir?
- Mən hər bir işə peşəkarcasına yanaşıram. Mənimçün heç bir zaman işin cinsi ayrımı olmayıb. İşdə gender ayrımının tərəfdarı deyiləm. Düzdür, bu işə gələn zaman bəzi çətinliklər yaşamışdım. Bir çoxları bunu qəbul etmək istəmir, məsələyə peşəkarcasına yanaşmırdı. Mənim Əkrəm müəllimin köməkçisi təyin olunmağım  hətta rezonansa səbəb olmuşdu. Onun ətrafında olan deputatlar öncə bunu qəbul etmək istəmirdilər. Lakin zaman keçdikcə, bu işlər hamısı öz axarına düşdü. İndi hər şey normaldı. Əkrəm müəllim gənc, müasir fikirli millət vəkilidir. O da işə peşəkar formada yanaşır. Kişilərin gördüyü işi özüm eləməyi xoşlayıram.
- Necə oldu ki, siz Əkrəm Abdullayevin köməkçisi oldunuz?
- 2003-cü ildə İslam Konfransı Təşkilatının böyük bir tədbiri keçirilirdi. Azərbaycandan bu tədbirə Gənclər və İdman Nazirliyi dəstək verirdi. O zaman Əkrəm müəllim Gənclər və İdman Nazirliyinin kadrlar şöbəsinin müdiri idi. Mən isə bir qeyri-hökumət təşkilatında tərcümə işlərilə məşğul idim. Həmin vaxt Əkrəm müəllim işimə ciddi diqqət yetirmişdi. Bundan sonra onunla müəyyən tanışlığımız yarandı. 2007-ci ilin mart ayında Əkrəm Abdullayev məni yanına çağıraraq deputat köməkçisi institutunun təsis edildiyini bildirdi, bu vəzifəni təklif etdi. Bu işin gələcəyimə müsbət təsir edəcəyini, qarşımda yeni üfüqlərin açılacağını nəzərə alaraq təklifi qəbul etdim.
- Danışarkən aradabir türk sözlərindən istifadə edirsiniz. Bu nədən irəli gəlir?
- İlk dəfədir siz mənə bu sualı verirsiniz. Özüm bunu hiss eləmirəm. Düzdür, müəyyən vaxtlarda Türkiyədə oxumuşam. Orada treninqlərdə, seminarlarda iştirak etmişəm. Dünya Türk Gəncləri Birliyilə bir ildir ki, sıx əlaqədəyik. Bəlkə də bundan irəli gəlir.
- Seçicilərlə iş prinsipiniz necədir?
- Əkrəm müəllim özü ayda üç dəfə seçicilərlə görüşür. Bir dəfə seçicilərimizi Bakıda qəbul edir, iki dəfə isə Salyana gedir. Bundan əlavə, mən özüm ayda iki dəfə Salayana gedərək, orada seçicilərimizlə görüşürəm. Rayona getməzdən öncə görüş barədə seçicilərə məlumat veririk. Əvvəllər bəzən seçicilərin hamısı deputatın onlarla görüşəcəyindən xəbər tutmurdu. Bunu aradan qaldırmaq üçün seçicilərimizin şikayətlərlə bağlı bizə məktub yazmalarını məsləhət gördük. İndi onlar görüşə gələn zaman öz şikayətlərini yazılı surətdə bildirirlər. Demək olar ki, seçicilərimizin bütün şikayətləri ayrı-ayrılıqda araşdırılır.
- Seçiciləriniz əsasən hansı problemlərdən şikayətlənirlər?
- Bu zonadan olmadığım üçün ilk zamanlar salyanlıların psixikası məni çox maraqlandırırdı. Onlarla işləməyin çətin və asan olacağını bilmirdim. Məhz elə ilk zamanlar onların psixologiyasını öyrənirdim. Başqa sözlə, ilk dəfə bu rayonda seçicilərimizlə görüşə gələndə onların «nəbzini yoxlamağa» çalışdım. Salyanlıların bir çox problemləri var. Hətta bəzi hallarda biz seçicilərimizin problemlərinin həllilə bağlı layihə hazırlamışıq. Məsələn Salyanda malyariya xəstəliyinə yoluxma ciddi promlemdir. 1997-ci ilin göstəricilərinə görə, Salyanda bu xəstəliyinin daşıyıcılarının sayı mindən artıq olub. Təbii ki, bu statistika gerçəkliyi əks etdirmir. Çünki Səhiyyə Nazirliyi bu göstəriciləri xeyli azaldır. Bizim araşdırmalarımz da bunu sübut etdi. Yerli səhiyyə orqanları xəstəliklə bağlı faktları bizə dəqiqliyiyə çatdırdı. 2006-cı ildə təkcə bu rayonda 3162 nəfər malyariya xəstəliyinə yoluxub.
Problemlərdən biri də ekoloji iqlimlə bağlıdır. Seçicilərin bizə göndərdiyi şikayət məktublarına baxdıqdan sonra onu aidiyyatı orqana göndəririk. Şəffaflığı təmin etmək üçün lazımi quruma göndərdiyimiz məktubun bir nüsxəsini də seçicinin özünə göndəririk. Orada şikayətin hansı dövlət strukturuna göndərilməsilə bağlı məlumat veririk.
- Bir çox problemlərlə bağlı layihə həyata keçirdiyinizi söylədiniz. Bu hansı problemlə bağlıdır və maliyyə vəsaitini haradan əldə etmisiniz?
- Biz malyariya xəstəliyilə bağlı layihəni Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə layihə həyata keçiririk. Artıq layihənin ikinci mərhələsini reallaşdırırıq. Malyariya ilə bağlı Salyanda indiyədək heç bir iş görülməyib. Xəstəliyin aradan qaldırılması ilə bağlı ilk addımı biz atdıq. “Qaynar xətt” yaratmışıq və xəstələr oraya müraciət edirlər. Növbəti layihələrimizdən biri ailə proqramlaşdırılması ilə bağlı olacaq. Biz bütün layihələrimizi Salyan rayonunda həyata keçiririk. Digər Şirvan rayonlarında, eləcə də Neftçalada da bu problemlər var.
- Deputat köməkçilərinin bir-birlərilə əlaqəsi necədir?
- Bütün problemlərin həllilə bağlı deputat köməkçilərini əməkdaşlığa çağırıram. Təəssüf ki, onlarla əlaqə qura bilmirəm. Deputat köməkçilərilə bağlı koordinasiya çox zəifdir. Biz bir-birimizi yalnız seminarlarda, hesabtlarda görürük. Hesab edirəm ki, biz hər zaman seçicilərimizin problemlərinin həllilə bağlı donorların köməyindən istifadə etməliyik.
- Deputat köməkçilərindən kiminlə dostluq əlaqələriniz var?
- Mənim tanıdığım köməkçilər 50 nəfərə yaxındır.
- Deputat köməkçilərinin gənc olmalırının işin daha səmərəli olmasına imkan yaratdığı bildirilir. Sizin bu barədə düşüncələriniz necədir?
- Deputat köməkçilərinin çox gənc olmalarına tərəfdar deyiləm. Fikrimcə, deputat köməkçiləri 28-40 yaşları arasında olsa, daha effektli olar.
- Kişi rəhbərlə işləmək sizinçün çətin deyil ki?
- Mən üç il QHT sektorunda çalışmışam. Orada çalışan zaman rəhbərlərimin hamısı qadınlar idi. Onlarla işləmək mənimçün daha çətin idi. Çünki qadınla işləyən zaman psixoloq və pedaqoq olmaq lazımdır. Qadınları istiqamətləndirən zaman bir şəkildə onları təlimatlandırmaq lazımdır. Amma bu işi zərgər dəqiqliyilə etmək lazımdır ki onların xəbəri olmasın. Çünki qadın qısqanclığı deyilən bir şey var. Fikrimcə, cənablarla işləmək daha asandır. Ona görə ki, kişilərin beyin mexanizmi daha fərqli qurulub. Qadınlar daha çox əzbərçi olur. Aldıqları informasiyanı olduğu kimi yayırlar. Kişilər isə informasiyanı toplayır, yenidən emal edir və onu özlərinə uyğun şəkildə paylaşdırır. Kişilər üçün məhdudiyyət yoxdur. 
- Deputat köməkçilərinə nə demək istərdiniz?
- Özünü təqdimetmə bacarığına yıyələnmək lazımdır.  
- Əkrəm Abdullayevin köməkçisinin perspektivində nə görünür?
- Hesab edirəm ki, perspektiv hər kəsin öz fərasətindən, özünü təqdimetmə bacarığından asılıdır. Bu keyfiyyətləri olmayan insan heç vaxt irəliləyə bilməz. Deputat köməkçisi kimi aldığım məvacib məni maraqlandırmır. Sadəcə mən ideologiyamı qurmaq üçün bu vəzifəyə gəlmişəm. İnsan bir nöqtəyə qədər özünü tanımalıdır. Qadın istənilən vəzifəyə gedə bilər. Yetər ki, öncə özünü doğru təqdim etsin. Doğru təqdim etmək lazımdır ki, gələcəkdə onun haqqında düzgün fikirləşsinlər.
- Əgər sirr deyilsə, siz hansı vəzifəyə getmək istəyirsiniz? 
- Mən səfir olmaq istəyirəm. Azərbaycanı ya Türkiyədə, ya da Misirdə təmsil etmək ən böyük arzumdur.
- Deyəsən bir neçı xarici dil bilirsiniz.
- Bəli, ingilis, ərəb, fars, rus, türk dillərində sərbəst oxuyub, yazıb, danışıram.


Aqil LƏTİFOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi