Modern.az

Parlament tariximizin şok seçkisi: seçki müxalifət partiyalarını “dəfn” edə bildi (araşdırma)

Parlament tariximizin şok seçkisi: seçki müxalifət partiyalarını “dəfn” edə bildi (araşdırma)

Ölkə

10 Noyabr 2010, 17:49

Son 15 ildə ilk dəfə olaraq ənənəvi müxalifət partiyalarının heç biri mandat qazana bilməyib


Parlament seçkilərinin nəticələri çoxlarının təəccübü ilə qarşılanıb. Müxalifət partiyalarının “hasarın ö üzündə” qalması hər bir normal, demokratik dövlət üçün vacib olan bir sualı gündəmə gətirib. “Ana müxalifət partiyası” anlayışı hara qeyb olub? Döğurdanmı müxalifət partiyaları tərəfdarları qarşısında siyasi etimad limitlərini belə itiriblər? Məlum olduğu kimi dünyanın demokratik ölkələrində hər keçirilən seçkilərin son nəticələri həm də ölkədə fəaliyyət göstərən  siyasi partiyaların reytinqinin göstəricisi olur. Avropa ölkələrində seçkilərdə iştirak edən partiyalar bununla həm də özlərinin yenidən təşkili üçün bir fürsət qazanırlar.

Azərbaycandakı isə vəziyyət göstərdi ki, hər yeni seçkilər siyasi partiyaların küncə sıxışdırılması ilə nəticələnir. 2010-cu ilin parlament seçkiləri “ana müxalifət” anlayışını artıq siyasətin arxivinə verib. Halbuki, yaxın siyasi tarixin yaddaşı göstərir ki, bir sıra hallarda müxalifətin bununla bağlı nümünələri olub.

Apardığımız araşdırma göstərdi ki, 1995-ci ildən bu yana keçirilən hər seçki siyasi partiyaların ciddi şəkildə deformasiyası ilə nəticələnib. Sonuncu seçkilərə qədər isə Milli Məclisə keçirilən seçkilərin hər birində müxalifət partiyalarının bu və ya digər hissəsi mandat qazana bilirdi.

Müstəqil ölkənin ilk seçkisi və ilk müxalifəti....

1995-ci ildə müstəqli Azərbaycanın tarixində ilk dəfə keçirilən parlament seçkilərində qalib gələn namizədlərin siyasi “çətiri” kifayət qədər böyük olub. Bu seçkilər nəticəsində Azərbaycanın bütövlükdə 10 siyasi partiyası parlamentə keçib. Bu partiyaların arasında ölkənin ictimai-siyasi palitrasında mühüm yer tutan iri müxalifət partiyaları -AXCP, AMİP, Müsavat olub. Müxalifət partiyaları Milli Məclisin kürsülərində üst-üstə 8 deputat əyləşdirə bilmişdi.

Həmin seçkilər nəticəsində o zaman AXCP-dən Milli Məclisə Əli Kərimli, Mirmahmud Fəttayev, Qulamhüseyn Əliyev, Nizami Quliyev deputat seçilmişdi. Eyni zamanda nüfuzlu iş adamlarının yığışdığı AMİP parlamentə öz rəhbəri ilə keçə bilir. Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseynovdan ibarət “özül” Milli Məclisin zalına daxil olmaq imkanı qazandı. Bundan başqa, bir mandat da Müsavata verilib. Müsavatçıları parlamentdə Şirzad Əyyub təmsil edib. 

Milli Məclisdə o zaman AMİP-dən qalmaqalla ayrılaraq  yeni yaranmış olan daha bir partiyanın  –Demokratik İstiqlal Partiyasının iki namizədi- Mübariz Qurbanlı və Vilayət Quliyev deputat ola bilmişdi. Demokratik Sahibkarlar Partiyasından Mikayıl Mirzə və Zeynəddin Xacmətov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Demokratik Maarifçilik Partiyasından isə Babaxan Muradov hərəyə bir mandat alıb. İlk dəfə olaraq Ana Vətən Partiyası Milli Məclisə daxil olub və onun sədri Fəzail Ağamalıya deputat mandatı verilib.

Bundan başqa, 1995-ci il seçkiləri nəticəsində bir sıra tanınmış şəxsələr deputat kürsüsündə oturublar. Elmlər Akademiyasının prezidenti Eldar Salayev, şair Cabir Novruz və mədəniyyət naziri Polad Bülbüloğlu, tanınmış yazıçı Yüsif Səmədoğlu da Milli Məclisin üzvləri olub. Maraqlıdır ki, ilk parlamaent seçkilərinə qatılan İlham Əliyev və Cəlal Əliyev bitərəf kimi mandat alıblar.    

Partiyalar üçün son seçki ili..

2000-ci ildə keçirilən parlament seçkilərində səhnə tamamilə dəyişir. 10 il bundan əvvəllki seçkilərdə AXCP ağlagəlməz deputat korpusu qazanır. Seçkilərdə AXCP-dən 8 nəfər ( Əli Kərimli, Qulamhüseyn Əliyev, Asim Mollazadə, Cəmil Həsənli, Mirmahmud Fəttayev, Əliməmməd Nuriyev, Qüdrət Həsənquliyev, Nizami Quliyev) millət vəkili statusu qazanır. Lakin Əbülfəz Elçibəyin ölümündən sonra parçalanmış təşkilatın liderləri ümümi dil tapa bilmir və nəticədə Mirmahmud Fəttayev deputat mandatından imtina edir. Qalan cəbhəçilər parlamentə getsələr də, ciddi qalmaqallarla üz-üzə qalırlar. Partiyadaxili intiraqalar üzündən Əliməmməd Nuriyev və Qüdrət Həsənquliyev AXCP-dən uzaqlaşır. Odur ki, AXCP-nin deputat korpusu parlament fəaliyyətini tam şəkildə apara bilmir.  

2000-ci il Etibar Məmmədovun rəhbərlik etdiyi AMİP-ə də ciddi zərbə vurur. Rəhbərlik Milli Məclisə keçə bilmir. Əvəzində AMİP-dən 2 nəfərə (Hidayət Qulamov, Rüfət Ağalarov) mandat verilir. Müsavatdan 2 nəfər (Vaqif Səmədoğlu və Şirzad Əyyub) deputat olur. Lakin partiyanın seçkiləri boykot etməsinə rəğmən deputat mandatı alan bu iki nəfərə Müsavat “rəhm” etmir: hər iki deputat partiyadan xaric edilir.

Həmin seçkilərdə Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər (Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Rafael Hüseynov), Komunist Partiyasından 2 nəfər (Ramiz Əhmədov, Rauf Qurbanov) parlamentə düşə bilir. Yurddaş Partiyasından bir  nəfər (Mais Səfərli), ANAP-dan bir nəfər (Abutalıb Səmədov), Ana Vətəndən 2 nəfər (Fəzail Ağamalı, Zahid Oruc) deputat olub. 2000-ci il seçkilərində ilk dəfə olaraq yeni sima ortaya çıxır. Ümid Partiyasının gələcək lideri, o zaman isə çox az adamın tanıdığı İqbal Ağazadə bitərəf kimi mandat qazanır.

Ümümilikdə 2000-ci seçkilərində 18 müxalifətçi millət vəkili ola bilib. Bu seçkilər həm də proporsional qaydada keçirilən son seçki olur. 2002-ci il referendumundan sonra majoritar qaydaların tətbiqinə “yaşıl işıq” yandırılır. 

2005-in Milli Məclisi: Partiyaların yeni təsnifatı....

2005-ci ildə Milli Məclisə üçüncü dəfə keçirilən seçkilərdə vəziyyət daha da qəlizləşib.

Bu seçkilər bütünlüklə majoritar qaydada keçirildiyi üçün partiya siyahısı ilə marafona qatılmaq əhəmiyyətini itirir.

Bu parlament artıq özündən qabaqkı iki çağırışda fəal olan siyasi partiyaların “dəfni” ilə yadda qalıb. AXCP və AMİP parlament divarlarını keçə bilmir. Əvəzində böyük siyasi qalmaqaldan sonra ilk dəfə olaraq Müsavat böyük heyətdə Milli Məclisə daxil olur. 4 nəfərdən ibarət Müsavat qrupuna (Arzu Səmədbəyli, İkram İsrafil, Nəsib Nəsibli, İltizam Əkbərli) AXP də qoşulur (Pənah Hüseyn). Bu Pənah Hüseynin 1993-cü ildən sonra Milli Məclisə ilk gəlişi idi.

Siyasi dəyişiklik tablosu bununla tamamlanmır. Əvəlki seçkilərdə AXCP-çi olan Cəmil Həsənli 2005-ci ildə parlamentə bitərəf kimi, onun keçmiş əqidədaşı Asim Mollazadə isə yeni yaratdığı Demokratik İslahatlar Partiyasının sədri kimi daxil olur.  Əli Kərimlinin daha bir keçmiş silahdaşı Qüdrət Həsənquliyev də yeni siyasi partiyası ilə Milli Məclisə düşür. Bundan qabaq bitərəf kimi deputat olan İqbal Ağazadə artıq 2005-ci ildə Ümid Partiyası adına parlament zalına daxil olur. Siyasi palitra bir neçə yeni partiya hesabına daha da zənginləşir. Milli Məclisdə Böyük Quruluş (Fazil Mustafa), Ədalət (İlyas İsmayılov), Vətəndaş Birliyi partiyalarının (Sabir Hacıyev) adları eşidilir. Bu seçkilərdə ənənəvi olaraq VHP 2 yer (Sabir Rüstəmxanlı, Fəzail İbrahimli), Ana Vətən 2 yer (Fəzail Ağamalı, Zahid Oruc) və Sosial Rifah Partiyası 1 yer (Xanhüseyn Kazımlı) öz mövqelərini qoruyub saxlayır.  

Bütövlükdə 2005-ci ildə parlamentə 11 siyasi partiya keçsə də, onlardan müxalifəti təmsil edən yalnız Müsavat Partiyası olub. Digər partiyalar isə yeni yarandıqları üçün onların siyasi hədəfləri müəyyən gözləntilərlə müşayiət edilib. Onların əksəriyyəti konstruktiv müxalifətdə olduqlarını bəyan ediblər.

Maraqlı bir detal siyasi partiyaların təsnifatı ilə bağlı gözə çarpır. 2005-ci il seçkilərində “qoca partiyalar”dan olan AXCP, AMİP  kənara qoyulur, Müsavat ciddi “ələk”dən sonra parlamentə düşə bilir. Halbuki, bu siyasi partiyaların siyasi aktivliyi ortada olduğu bir dövrdə onların “çıxdaş” edilməsini birmənalı qiymətləndirmək düz olmazdı. Görünür onları siyasətdə hələ ciddi uğurları olmayan siyasi partiyalarla əvəz etmək bir sıra siyasi maraqlardan irəli gəlib.

Ənənəvi müxalifətsiz parlament...?

7 noyabr 2010-cu il parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanıb.

Azərbaycanın çağdaş siyasi tarixində ilk dəfə olaraq ənənəvi müxalifət partiyalarının heç biri mandat qazana bilməyib. Bunun səbəbləri barədə danışmaq yox, düşünmək gərəkdir...

Xaqani Səfəroğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü