Modern.az

97 saylı seçki dairəsində həm məzəli, həm də faciəli hadisələr yaşanıb...

97 saylı seçki dairəsində həm məzəli, həm də faciəli hadisələr yaşanıb...

10 Noyabr 2010, 19:11

Dairədə faciə: bir məntəqə sədrinin ürəyi partlayıb...

97 saylı Göranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə namizədliyini irəli sürmüş jurnalist Aqil Aslan seçki prosesində üzləşdiyi saxtakarlıq faktlar ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. Bu barədə Modern.az-a A.Aslan bildirib. Onun sözlərinə görə, seçkilər zamanı total saxtakarlıq faktları ilə üzləşib. Bütün qanun pozuntularına görə Dairə Seçki Komissiyasının sədri Faiq Məhərrəmovu ittiham edən jurnalist qeyd edib ki, saxtakarlılqlar DSK sədrinin rəhbərliyi altında həyata keçirilib

Bu seçki dairəsi kuryoz hadisələrlə də zəngin olub. A.Aslanın sözlərinə görə, 13 və 14 saylı məntəqələrdə qutular açılan zaman onun real səs üstünlüyü ortaya çıxıb. Məntəqə sədrləri bunu protokollaşdırmaq əvəzinə qutuları götürüb qaçıblar. Onları axtarmaq cəhdi fayda verməyib. DSK-ya edilən axtarış zəngləri belə kara gəlməyib. Məntəqə sədrləri qutuları Ceyms Bond haqqında olan filmlərdə olduğu kimi müvəfəqiyyətlə aradan çıxara biliblər.

Digər maraqlı mənzərə Aqil Aslanın doğma kəndində üzə çıxıb. Səsləri “saydıqdan” sonra məntəqədən bildiriblər ki, jurnalistin xeyrinə cəmi 32 səs verilib.
“Halbuki mənim kənddə 300 nəfərdən çox qohum-əqrabam yaşayır və onlar mənə görə səslərinin arxasında durduqlarını bəyan ediblər”-deyə A.Aslan vurğulayıb.

Bu dairədə 15 saylı məntəqənin sədri  Çıraq İsgəndərov üçün isə seçki günü vaya çevrilib. Bütün gün ərzində DSK-dan məntəqə sədrinə zəng vuraraq tələb ediblər ki, qutudan heç bir halda Aqil Aslan çıxmamalıdır. Seçicilərin jurnalistə verdiyi səslərə rəğmən qutudan 17 nəfərin guya A.Aslana səs verdiyinə dair bülleten çıxarılıb və protokol tərtib edilib. Protokolları DSK-ya aparan məntəqə sədri Ç.İsgəndərov sənədləri təhvil verdikdən sonra evdə qəfildən ürək tutmasından vəfat edib.
A.Aslanın sözlərinə görə, onun qohumu olan məntəqə sədri gün ərzində edilən təzyiqlərə dözə bilməyərək və vicdan əzabından dünyasını dəyişib.

“Əlimdə seçkilərin saxtalaşdırılmasına aid xeyli protokollar var.  Hazırda saxtakarlıq faktları ilə bağlı sənədləri hazırlayıraım. Bütün baş verənlərlə bağlı MSK-ya şikayət etmişəm”-deyə A. Aslan bildirib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır