Modern.az

Deputat sarıdan “bəxti gətirməyən” Sumqayıt...

Deputat sarıdan “bəxti gətirməyən” Sumqayıt...

Ölkə

11 Noyabr 2010, 17:23

Ölkədə keçirilən hər seçkilərdən sonra “gənclik şəhəri”nin deputatları tam tərkibdə təzələnir


Millil Məclisə keçirilən seçkilərdən sonra əksər dairələrdə deputatlar dəyişməz qalsa da, Sumqayıt barədə bunu demək olmaz. Hər yeni seçki Sumqayıta yeni adlar bəxş edir. Cəsarətlə demək olar ki, qəhrəman fəhlə şəhərinin parlamentdə təmsilçiləri hər yeni seçkidən sonra dəyişir.

Modern.az son 15 ildə keçirilən parlament seçkilərindən sonra bu dairədən olan millət vəkillərinin yeniləndiyini müşahidə edib.

Müstəqil Azərbacanın ilk parlament seçkilərində Sumqayıtı Milli Məclisdə Kimya zavodunun direktoru Fikrət Sadıqov, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Azərbaycan SSR Ali Sovetinin keçmiş deputatı Mətləb Mütəllimov və Əli Həsənov təmsil edib. Bu günün siyasi portretləri arasında bu adların bəziləri heç nə deməsə də, əslində onlar indi müxtəlif mövqeləri bölüşürlər.

Şəhərdə yaxşı tanınan Fikrət Sadıqov Sumqayıtda nüfuzlu Kimya zavodunun direktoru olub. Hələ sovet vaxtlarında sumqayıtlılar sosializm qurmaq üçün Fikrət müəllimin direktor olduğu kimya zavoduna gedirdilər.
Mətləb Mütəllimov isə daha çox Ali Sovetin keçmiş deputatı və qısa müddətdə işlədiyi baş prokurorun birinci müavini kimi tanınıb.
Fəzali Ağamalını təqdim etməyə bizcə ehtiyac yoxdur.
Əli Həsənov isə hazırda “Dövlətqaçqınkom”a rəhbərlik edir. 

Bu şəxslər müstəqil Azərbaycanın ilk parlamentində Sumqayıtı təmsil ediblər.

2000-ci ildə keçirilən parlament seçkilərindən sonra Sumqayıtlı deputatlardan yalnız biri – “Azərkimya”nın prezidenti Fikrət Sadıqov yerini saxlaya bilib. Lakin sona qədər yox. Yeni seçkilərdə Xıdır Alovlu və şəhərdə “Çörək Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov mandat alır.
Fikrət Hüseynova Milli Məclisin sonuncu ilində dövlət çevrilişi ilə bağlı ittiham irəli sürülərək barəsində həbs-qəti imkan tədbiri seçilir. “Azərkimya”nın sabiq rəhbəri eks-spiker Rəsul Quliyevi maliyyələşdirməkdə günahlandırılır.

2005-ci ildə keçirilən növbəti parlament seçkilərində sumqayıtlılar yeni deputatlarla parlamentə daxil olur. Bu dəfə  “gənclik şəhəri”ndən parlamentə Fikrət Sadıqovdan sonra “Azərkimya”ya yeni rəhbər təyin edilmiş Məcid Kərimov, müxalifətçi İkram İsrafil, sahibkar Zaman İsgəndərovun oğlu Nizami İsgəndərov və “Avropa Qapıları” şirkətinin rəhbəri Baba Tağıyev mandat alır. 
Sumqayıtlı deputatların sırasında artıq iki sahibkar və bir direktor olur. Lakin şəhər deputatları həmrəylik göstərə bilmirlər. İkram İsrafilin mütəmadi şəkildə Məcid Kərimovun zavodunda əmək haqları və digər problemləri qaldırması son nəticədə “bəhrəsini” verir. “Azərkimya”nın rəhbəri Məcid Kərimov siyasi hakimiyyətin gözündən düşür və onu şirkətdən azad edirlər. Bundan sonra millət vəkili kimi paralmentə gələn M.Kərimov sona qədər hər hansı bir açıqlama ilə çıxış etmədi. Nizami İsgəndərov isə Milli Məclisə hər hansı bir dvident gətirmədi.

2010-cu ildə keçirilən seçkilərdən sonra Sumqayıtı parlamentdə təmsil edənlər radikal şəkildə yenidən dəyişdirilib. Bu dəfə “gənclik şəhəri”ni orta məktəb müəllimi Leyla Abdullayeva, BDU-nun professoru Musa Qasımlı, “Azərkimya” İstehsalat Birliyinin baş direktoru Muxtar Babayev, və “Azkommunalservis” ASC-nin sədri Hacı Salayev təmsil edəcək.

Maraqlı bir məqam “Azərkimya”nın  parlamentdə “qara xətt” kimi keçməsidir. Bu şirkətə rəhbərlik edən iki nəfər millət vəkili seçildikdən sonra uğursuzluğa düçar olub. Fikrət Sadıqov həbs edilib, Məcid Kərimov işdən çıxarılıb. “Azərkimya”nın 3-cü direktoru kimi mandat alan Muxtar Babayevin parlament fəaliyyətini bizə yalnız izləmək qalır. 

Maraqlıdır ki, Sumqayıt şəhərində deputatların belə tez-tez dəyişməsi əslində burada siyasi müstəvinin heç də hamar olmadığını ortaya qoyub. Bu seçkilərdə biznesmen namizədlərin tam şəkildə hakimiyyətə sadaqəti ilə seçilən məmurlarla əvəzlənməsi daha çox siyasi müstəvidə “özfəaliyyətə” yol verməmək istəyindən irəli gələ bilər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!