Modern.az

Rusiya və Türkiyənin nəhəng iqtisadi münasibətləri - STATİSTİKA

Rusiya və Türkiyənin nəhəng iqtisadi münasibətləri - STATİSTİKA

27 Noyabr 2015, 16:22

Rusiyanın Su-24 təyyarəsinin Türkiyəyə məxsus F-16 təyyarəsi tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər kəskinləşib. Hadisədən qəzəblənən Rusiya tərəfi prezident Vladimir Putinin dili ilə rəsmi Ankaranı “İslam dövləti” (İŞİD) qruplaşması ilə əlbir olmaqda ittiham etdi və iqtisadi münasibətlərin bütün aspektlərtdə zəifləyəcəyi anonsunu verdi.

Modern.az saytı iki ölkənin iqtisadi münasibətlərinə - idxal-ixrac əməliyyatlarının kəmiyyətinə diqqət ayırıb.

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2015-ci ilin 9 ayında Türkiyədən Rusiyaya 3,06 milyard dollar dəyərində, Rusiyadan Türkiyəyə isə 15 milyard dollar dəyərində ixrac gerçəkləşdirilib.

Türkiyənin ixrac etdiyi məhsullar arasında əsas yerləri – pomidor və tomatlar (9 ayda 281,3 milyon dollar), avtomobil hissələri (136,1 milyon dollar), sitrus meyvələri (134,9 milyon dollar), ərik, albalı, gilas, şaftalı, çiyələk (94,4 milyon dollar), qadın geyimləri (74,9 milyon dollar), üzüm (69,2 milyon dollar), minik avtomobilləri (53,4 milyon dollar), trikotaj (50,4 milyon dollar), dəri ayaqqabı (42,8 milyon dollar) tutub.

Bu göstəricini natural ölçülərlə ifadə etsək, Rusiya 9 ayda Türkiyədən 360 min ton pomidor və tomat, 250 min ton sitrus meyvəsi, 100 min ton üzüm, 80 min ton ərik, şaftalı və çiyələk, 40 min ton soğan və sarımsaq, 17 min ton xiyar, minlərlə ton alma, armud, heyva, kələm, fındıq, əncir, istiot, düyü və s. idxal etdiyini görərik.

Heyvandarlıq və quuşçuluq məhsulları ilə bağlı statistika isə şimal qonşumuzun Türkiyədən 20,7 min ton toyuq əti, 6,1 min ton təzə balıq, 1,4 min ton donmuş balıq aldığını göstərir.

Türkiyə isə analoji müddətdə Rusiyadan 2,8 milyard dollar dəyərində neft və neft məhsulları, 1,77 milyard dollar qara metal külçəsi, yarımfabrikatlar, 835 milyon dollar mis və alüminium, 543 milyon dollar daş kömür, 362 milyon dollar taxıl, 324 milyon ton günəbaxan yağı, 163 milyon ton gübrə, 101 milyon ton dəmir idxal edib.

Rusiya bazarlarında satılan limonların 91 faizi də məhz Türkiyədən idxal olunur. Bu fonda Rusiya kənd təsərrüfatı naziri Aleksandr Tkaçov ölkəsinin Türkiyə yerinə MDB ölkələri, Mərakeş və İsraildən sitrus meyvələri və pomidor alacaqlarını deməsi nikbinlik doğurmur.

Ekspertlərin fikrincə, Türkiyədən xüsusən, meyvə-tərəvəz idxalında asılı olan Moskva qısa müddətdə bu sahədə alternativ tapa bilməyəcək və Ankaraya tətbiq edəcəyi sanksiyalar nəticəsində kəskin məhsul bahalaşması ilə üzləşəcək.

Digər tərəfdən, Türkiyənin “Renessans Construction” və “Yamata Endüstriel Porjelər” şirkətləri  Rusiya hökuməti ilə 1 milyard və 500 milyon dollarlıq investisiya müqavilələri imzalamışdı. Bu müqavilələr çərçivəasində Türkiyə şirkətləri Rusiyada “Qərbi Sibir-2” magistral yol xətti çəkməli, tibb müəssisələri, ticarət kompleksləri və yaşayış binaları inşa etməli idi.

İki ölkənin ən iri birgə layihəsi “Akkaya” Atom Elektrik Stansiyasının taleyi də sual altındadır. 22 milyard dollar həcmində dəyərləndirilən stansiyanın əsas pay sahibi Rusiyanın “Rosatom” şirkətidir. Şirkət “Akkaya”nı inşa etmək üçün ilkin mərhələdə 3 milyard dollar vəsait xərcləyib. Hazırda onun ruslar tərəfindən inşa olunması məsələsi ciddi müzakirələrə yol açıb.

Rusiyanın Türkiyəyə qarşı tətbiq edəcəyi sanksiyaların tam siyahısı yaxın günlərdə dərc olunacaq. Yalnız bundan sonra iki ölkə arasında ticarət münasibətlərinin nə dərəcədə zərər çəkəcəyini söyləmək mümükün olacaq.

İstənilən halda, Azərbaycanın qonşuluğunda yerləşən 2 nəhəng ölkənin arasında yaranan gərginlik Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək və gərginliyin daha da dərinləşəcəyi halda region ölkələrindən geosiyasi seçim etməyi tələb edəcək.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?