Modern.az

Statusu olmayan “ermənistanlılar”: onlar vətəndaşdırlar, yoxsa qaçqın?

Statusu olmayan “ermənistanlılar”: onlar vətəndaşdırlar, yoxsa qaçqın?

13 Noyabr 2010, 15:51

BMT Ermənistandan qovulmuş soydaşlarımızı qaçqın hesab etmir, rəsmi Bakı isə bununla razı deyil


1988-ci ilin soyuq noyabr günlərində Bakı şəhəri soyuqdan göm-göy göyərmiş, döyülmüş, təhqir edilmiş, var-yoxu əlindən alınmış minlərlə soydaşının nalə səsinə oyandı. Ermənistandan 200 mindən çox azərbaycanlı zor gücünə deportasiya olunaraq Azərbayacana qovulmuşdu.  

200 mindən yuxarı azərbaycanlı soyuq noyabr günlərində Ermənistanda üzləşdikləri vəhşiliklərdən yaxa qurtarmaq üçün Azərbaycana üz tutmuşdu. Bu il o ağır günlərin 22 il ötsə də, Azərbaycan üçün həmin acı günlər unudulmayıb. 

Ermənistandan - öz dədə-baba torpaqlarından didərgin düşən soydaşlrımız özləri ilə ilk dəfə olaraq dilimizə “qaçqın” anlayışını gətirdilər. Sovet Azərbaycanında buna qədər “qaçqın” sözü  hüquqi termin olaraq yalnız Əfqanıstan və digər münaqişə bölgələrindən olan məlumatlarda səslənirdi. O vaxtdan etibarən ölkəmizə pənah gətirən ermənistanlı qaçqınaların siyasi taleyi müəmmalı qalıb.

1998-ci ildə mərhum prezident Heydər Əliyevin müvaiq fərmanı ilə Ermənistandan didərgin düşənlərə Azərbaycanın vətəndaşlığı verilib. Lakin H. Əliyevin xüsusi fərmanı ilə eyni zamanda onlar üçün qaçqın statusu saxlanılıb. Hazırda bununla bağlı məsələdə Azərbaycan tərəfi onların qaçqın olduğunu israrla iddia etsə də, BMT və digər qaçqınlarla bağlı beynəlxalq təşkilatlar bunu qəbul etmirlər.

Modern.az bununla bağlı məsələni aydınlaşdırmaq üçün araşdırma aparıb.

1988-ci ildən etibarən Azərbaycanda yaşayan Ermənistan vətəndaşlarının hüquqi statusu BMT-nin 1951-ci ilin konvensiyasına və 1967-ci il protokoluna uyğun olaraq müəyyənləşib. 1998-ci ilə qədər qaçqın statusu ilə yaşayan soydaşlarımız bununla əlaqadar BMT-nin sosial yardımlarını da alıblar.

Bu illərdə Ermənistandan qaçan soydaşlarımız müxtəlif vaxtlarda Ermənistana qarşı bir sıra iddialar da qaldırıblar. İrəvan Mühacir Höküməti və digər bu kimi siyasi tələblərin içində Ermənistana qayıtmaq və onlara dəyən zərərin ödənilməsini tələb ediblər. Lakin 1998-ci ildə onlara Azərbaycan vətəndaşlığı verilməsi ilə ermənistanlı soydaşlarımızın beynlxalq miqyasda tanınan qaçqın statusu qüvvədən düşüb.

Bu məsələ hazırda birmənalı qarşılanmır. BMT və digər xarici qurumlar ermənistanlı soydaşlarımızı qaçqın saymasalar da rəsmi Bakı bunu qəbul etmir.

Araşdırmalarımız göstərdi ki, qaçqın statusu almaq istəyənlər beynəlxalq qaydalara uyğun tələblərə cavab verməlidir. Bu tələblər BMT-nin 1951-ci il qaçqın statusu ilə bağlı konvensiyasının birinci maddəsində əks olunur.  Bəlli olub ki,  BMT artıq ermənistanlı qaçqınları beynəlxalq qaçqınlar statusunda tanımır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Uilyam Tollun verdiyi məlumata görə, Ermənistandan olan qaçqınlar artıq bu qurumun yardımlarını almır. BMT-nin Azərbaycan nümayəndəliyi hesab edir ki, azərbaycanlı qaçqınlar Azərbaycan vətəndaşlığını qəbul edib və ölkənin tam hüququlu vətəndaşları kimi cəmiyyətə tam inteqrasiya olunublar. Odur ki, sosial yardımı olanlar dövlətdən alır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquq şöbəsinin koordinatoru Mahir Səfərlinin sözlərinə görə, “qaçqın” vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyənlər adlanır. Eyni zamanda irqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalanlara da qaçqın statusu şamil edilir.  M.Səfərli deyib ki, Ermənistandan didərgin düşənlərə 1998-ci ildə Azərbaycan vətəndaşlığı verildiyindən onlar beynəlxalq qaçqın statusunu itiriblər.

Müstəsna hal kimi isə 2001-ci ildə Azərbaycan prezidentinin fərmanı olub. Həmin fərmana görə, Ermənistandan didərgin düşənlərin qaçqın statusu saxlanılıb. Beynəlxalq hüquqa görə isə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov Modern.az-a məlumatında bildirib ki, öz doğma torpaqlarından didərgin düşmüş 300 min qaçqına  vətəndaşlıq vermək o demək deyil ki, onların qaçqın statusu ləğv olunub.

Onun sözlərinə görə, soydaşlarımıza sadəcə olaraq BMT-nin 1951-ci ilin konvensiyasına və 1967-ci il protokoluna uyğun olaraq vətəndaşlıq verilib. Orada göstərilir ki, əgər qaçqın bir ölkədə 5 ildən artıq yaşıyırsa, ona vətəndaşlıq verilməlidi. “Beynəlxalq konvensiyaya hörmət olaraq biz həmin insanlara vətəndaşlıq vermişik, qaçqınlıq statusunu özündə saxlamaq şərti ilə. Həmin qaçqınlar bu günlərdə lazım olan güzəştlərdən istifadə edirlər”.

Ermənistandan qaçqın düşənlərə bu gün təhsil müəssisələrində, dövlət və ali orta ixtisas təhsil müəssisələrində bir sıra güzəştlər tətbiq edilir. Məsələn, 1988-1990- cı illər ərzində anadan olan uşaqlar ödənişli təhsildən azaddılar, bu qaçqınlar məskunlaşdığı yerlərdən çıxarıla bilməzlər.

S.Hüseynovun sözlərinə görə, Ermənistandan qovulmuş 250 min soydaşımızın

qaçqın statusunu BMT də qəbul edib. “Bu gün ermənilər də onu istəyir ki, biz həmin insanların qaçqın statusunu ləğv edək. Azərbaycan beynəlxaq təşkilatların qarşısında həmişə onların problemləri qaldırır”-deyə S.Hüseynov bildirib. 

Qeyd edək ki, 1988-93-cü illər ərzində Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün qeydə alınıb. Bunlardan 250 min nəfəri Qərbi Azərbaycandan gəlib, 50 min nəfər ahısxa türkləri Orta Asiya hadisələri zamanı Azərbaycana pənah gətiriblər. Ölkəmizdə həmçinin döğma torpaqlarından didərgin düşmüş 700 minə yaxın isə məcburi köçkün var.

Xaqani Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır