Modern.az

Ölkənin folklor mərkəzi Qazax: qazaxlı jurnalistlər öz rayonları barədə nə düşünürlər?

Ölkənin folklor mərkəzi Qazax: qazaxlı jurnalistlər öz rayonları barədə nə düşünürlər?

13 Noyabr 2010, 16:10

Bu rayondan olan media işçiləri bəşəriyyətə xidmət etmiş Vidadinin qəbrinin təmirindən, qaz problemindən və məmur bürokratiyasından danışıblar


Modern.az
saytı “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı yeni projeyə start verdi. Yeni layihəmizdə biz mediada işləyən həmkarlarımızın doğulduqları rayon barədə təəssüratlarını oxucularla bölüşəcəyik. İlk olaraq Azərbaycanın folklor mərkəzi elan edilmiş Qazax rayonunu seçdik.

Qazax rayonunda olan vəziyyəti, iqtisadi durumu, insanların yaşayış tərzini, rayonda olan inkişafı və problemləri öyrənmək üçün bu bölgədən olan jurnalistlərlə əlaqə saxladıq.

Əlaqə saxladığımız ilk müsahib “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı oldu. Rayonla sıx-sıx əlaqə saxladığını bildirən Akif müəllim Qazaxın strateji baxımdan əhəmiyyətli bir mövqedə yerləşdiyini qeyd etdi. “Qazax həm dost, həm də düşmən ölkənin sərhədində yerləşir ki, bununda ölkə üçün böyük siyasi-strateji əhəmiyyəti var”. Akif Aşırlı son dövrlər Qazax rayonun inkişaf etdiyini, bununla belə problemlərin olduğunu da bildirdi.
“Qazaxın yeddi kəndinin işğal altında olması, həmin kəndin beş mindən artıq sakinin-məcburi köçkünlərin rayonun mərkəzində yerləşməsi özü bir problemdir. Çünki  kənd təsərrüfatı ilə məşğul olan əhalinin rayonun mərkəzində yerləşməsi müəyyən çətinliklər yaradır, ən əsası şəhərin infastrukturuna, əhalinin yaşayış tərzinə mənfi təsir edir”.

Akif müəllim  son dövrlərdə rayonun mavi yanacaq olmayan hissələrinə qaz xətti çəkildiyini də bildirdi. “Yollar bərbad vəziyyətdədir. “Akkord” Şirkətlər qrupu Qazaxda müəyyən layihələr həyata keçirir və ağır tonrajlı maşınların yollardan istifadəsi onların dağılmasına səbəb olur. Şirkət  sosial layihələr həyata keçirərək, insanlar üçün yeni iş yerləri açırsa da, digər tərəfdən də yaxşı olardı ki, kəndarası yolların istifadəsi zamanı onların təmiri ilə də məşğul olsun”.

Qazaxda əhalinin ən çox kənd təsərrüfatı  ilə məşğul olduğunu bildirən Akif müəllim o sahədə də müəyyən problemlərin olduğunu bildirdi. “Bu il yağan aramsız yağışlar, gözlənilməyən soyuqlar rayonun kənd təsərrüfatına mənfi təsir göstərdi, camaat öz məhsullarını bazara çıxara bilmədi”.

Baş redaktor qeyd etdi ki, son illər digər bölgələrlə müqayisədə Qazaxda ədəbi, mədəni mühit də inkişaf edir.  “Yeni açılan “Təfəkkürlər” parkında Azərbaycana, bəşəriyyətə xidmət edən qazaxlıların heykəlləri, büstləri qoyulub. 2010-cu ildə cənab prezident, Mədəniyyət Turizm Nazirliyi Qazax rayonunu Azərbaycanın folklor mərkəzi elan etdi”. 
Bundan əlavə, Akif müəllimin bir sıra təklifləri də oldu. “Qazax elmi potensialı güclü olan bir bölgədir və yaxşı olardı ki, Müəllimlər İnstitunun Qazax filialı müstəqil olsun. Digər bir tərəfdən Borçalıda dövlət dili kimi gürcü dili məsələsi daha aktualdır, məktəblərdə bu dildə tədris keçirilir. Buna görə də təsis edilməsi mümkün olan müstəqil institutda gürcü dilinin tədrisi, gürcü dili ixtisası fəaliyyət göstərə bilər ki, burada yetişən kadrlar yenidən Borçalıya qayıdıb öz həmvətənlərimizə dərs deyər. Daha sonra, dövlət sturkturları, Mədəniyyət və Turizm Nazirliyi rayondakı milli mədəni abidələrə diqqət yetirsə yaxşı olardı. Molla Vəli Vidadinin qəbri artıq baxımsız vəziyyətdədir. Ağstafada olduğu kimi, Qazaxda da folklor müzeyi açılsın. Qazaxda bir sıra  alban abidələri var ki, onların bir qismi işğal altında olan torpaqlarda və ya düşmənlə neytral olan bölgələrdə qalıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət edirəm ki, həmin abidələrin bizdə olan certiyojları ilə yeni nümunələr yaratmaq mümkündür və onlar yeni yaradıla biləcək yerüstü müzeydə saxlanıla bilər. Bu məsəlini də diqqət mərkəzində saxlamaları regionun mədəni inkişafı üçün əlverişlidir ”.

“Şərq” qəzetinin redaktoru Akif Aşırlı mədəni sahə ilə yanaşı, əhalinin işsizliyi probleminə də toxundu. “Qazaxın mərkəzindən uzaqda, Ermənistanla sərhəddə yerləşən bir sıra kəndlərində - Quşçu Ayrım, Məzəm, Fərəhlidə əhalinin vəziyyətini yaxşılaşdırmağa, təhsillə bağlı problemlərin həllinə ehtiyac var”.

İkinci müsahibimiz “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı idi. Ruhiyyə xanım bildirdi ki, Qazaxa tez-tez gedə bilməsə də, mütəmadi olaraq əlaqə saxlayır. “Qazaxda son illər inkişaf görsənir, istər təhsil, istər səhiyyə sahəsində, istərsə də yolların təmir-bərpa işlərində. Sadəcə, bu rayonun bir problemi var, o da qaz xətlərinin tam şəkildə çəkilməməsidir”. Ruhiyyə xanım bildirdi ki, yaxın zamanlarda bu məsələnin də həllini tapacağını gözləyir.

Qazax rayonunda anadan olmuş digər jurnalist, “Şərq” qəzetinin əməkdaşı Anar Bayramoğlu rayonda inkişafın olduğunu, buna baxmayaraq bəzi problemlərin də mövcudluğunu bildirdi. “Artıq bir-iki ildir ki, işıq probleminin həlli üçün kəndlər elektrik xətləri ilə təmin edilib. Amma ölkəmizin digər bölgələrində olduğu kimi, Qazax rayonunda da problemlər “n” qədərdir. Kəndlərin yol problemi, qaz problemi, xəstəxana problemi və s. Rayonun Daşsalahlı kəndi Azərbaycanın dörd və ya beşinci iri kəndidir, amma müstəqillik əldə ediləndən sonra kəndə hələ də qaz xətti çəkilməyib. Kənd xəstəxanaları standartlara cavab vermir və buna görə də əhali rayon mərkəzindəki xəstəxanalara getməyə məcbur olur”.
Anar Bayramoğlu onu da bildirdi ki, parlamentdə yeni seçilən deputatın bu sahədəki mövcud problemlərin aradan qaldıracağına ümid edir.

“SƏS” İnformasiya Agentliyinin müxbiri Vüsalə Rafiqqızı “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı nəticəsində Qazaxda müəyyən ümumi işlərin həyata keçirildiyini və inkişafın olduğunu bildirdi.
“Sosial-kommunal problemlərin həlli istiqamətində müəyyən işlər görülülüb, amma bu sahədə xeyli çatışmazlıqlar da var. Rayonda yollar yenidən təmir olunub, bəzi kəndlərə qaz xətti çəkilib, amma elə böyük kəndlər var ki, məsələn anadan olduğum kənddə hələ də mavi yanacaq yoxdur. Xeyli işsizlik problemi var, insanlar qazanc əldə etmək üçün Türkiyə və Rusiyaya gedirlər”. Vüsalə xanım Qazaxda mövcud olan problemlərdən birinin də təhsil sahəsində olduğunu qeyd etdi. “Rayonda Müəllimlər İnstitunun filialı yerləşir və bir çox digər təhsil müəssisələri də fəailiyyət göstərir. Amma təhsilin səviyyəsi xeyli aşağıdır”.
Vüsalə Rafiqqızı sonda onu bildirdi ki, strateji cəhətdən əlverişli mövqedə yerləşən Qazax rayonuna xüsusi diqqət yetirilməlidir. “Çünki Azərbaycan regionun inkişaf edən ölkəsidir və nəzərə alınmalıdır ki, Qazax həm Gürcüstan, həm də Ermənistanla sərhəddə yerləşir və bura gələnlər ölkənin inkişafını sərhədi keçdikləri anda hiss etməlidir”.

“Yeni Müsavat” qəzetinin müxbiri Leyla Mustafayeva rayondakı ümumi vəziyyətin regionun əksər bölgələrindən fərqlənmədiyini qeyd etdi. “Son 10 ilin müqayisələrinə görə, Qazax rayonu həm iqtisadi, həm də əhalinin yaşayış vəziyyəti baxımından xeyli geridə qalıb. Rayonda məmur özbaşınalığı hökm sürür, Rəyasət aparatının işçiləri, idarə məmurları sadə vətəndaşları incidirlər. İcra Hakimiyyətinin rəhbəri Rauf Hüseynovun əməllərindən Prezident Administrasiyasının işçilərinin məlumatlı olmasına baxmayaraq, onun əməllərinə göz yumurlar”.
Leyla xanım əhalinin sosial vəziyyətinin də yaxşı olmadığını vurğuladı. “Qazaxda əhalinin 80 faizi işsizdir. Maliyyə böhranına qədər insanlar qazanc əldə etmək üçün Rusiya və Türkiyəyə gedirdilərsə, indi o da mümükün deyil. Rayonda çalışanlar ancaq həkimlər, müəllimlər və büdcə təşkilatınından maliyyələşən idarələrdə işləyənlərdir”.

Göründüyü kimi, jurnalistlər Bakıda işləsələr də, doğulduqları rayonlarının problemlərinə biganə deyillər. Bunu onların peşə aktivinə yazmaq olar. Növbəti rayonun jurnalistlərini gözləyin.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir