Modern.az

Fransız qadınlarını heyrətləndirən Qarabağ atları...

Fransız qadınlarını heyrətləndirən Qarabağ atları...

15 Noyabr 2010, 11:35


Azərbaycanda atçılığa maraq həmişə böyük olub. Bir neçə minillik yaşa malik atçılıq həm də mlli mədəniyyətimizin və tariximizin bir hissəsidir. Təsadüfi deyil ki, indiyədək dünyada 260-a yaxın at cinsi yetişdirilib ki, onlardan da ikisi-«Qarabağ» və «Dilboz» cinsləri məhz Azərbaycana məxsusdur.

Ata-babalarımızın atla bağlı düzüb-qoşduğu ibrətamiz kəlamlar bu gün də dilimizdə dolaşır ki, bu da igidin yaraşığı sayılan ata verilən qiymətdir. Əcdadlarımız atçılıqla bağlı olan digər sahələr - atüstü oyunlar, faytonçuluqla da daim fəxr ediblər. Tarixi qaynaqlar hələ tunc dövrünün son mərhələsində Azərbaycan ərazisində yaşayan insanların atçılıqla məşğul olduğunu bildirir. Akademik B.A.Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən biri olduğunu göstərir.

Hələ vaxtilə  ərəb atları əhliləşdirilənə qədər Azərbaycanda cins Qarabağ atlarının nəsli olub.

Bu atlar Azərbaycan atçılığında ən görkəmli yer tutur. Qarabağ atları ölkəmizdə ən qədim dağ minik at cinsidir. Bu atlar məşhur Midiya atlarının nəslindəndir. XVIII əsrin ortalarında bəzi ilxılarda Qarabağ atı ərəb, İran və türkmən at cinsləri ilə də yaxşılaşdırılmışdı.

Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın mülayim iqlimi, zəngin qış və yay otlaqları, xalqımızın keçmişdə həm də köçəri həyat sürməsi ölkəmizdə ilxı şəraitində davamlı, möhkəm və yüksək iş qabiliyyətli atlar yetişdirməyə imkan verib.

Qarabağ atları gözəl eksteryerli, mütənasib quruluşu, narıncı (sarı, qızılı-kürən) rəngli olurlar. Onları davamlılığına görə keçmişdə İran, İraq, Polşa, Misir, İngiltərə, Rusiya, Gürcüstan kimi ölkələrə apararaq  döllük cins kimi istifadə ediblər. Zaqafqaziyada və Şimali Qafqazda at cinslərinin, o cümlədən Don atının yaxşılaşdırılmasına da Qarabağ atının təsiri olub. Bu atlar ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə dözümlüdür.

Qarabağ atının əsas eksteryer xüsusiyyətləri bunlardan ibarətdir: başı quru, çox yaraşıqlı, cidovu orta hündürlükdə, arxası və beli düz, döşü və ümumiyyətlə gövdəsi enli, ayaqları quru, temperamentli, oynaq, konstitusiyası möhkəmdir. Süysününün hündürlüyü 148,5 sm, döş qucumu 165,8 və əl darağının çevrəsi 18,3 sm-ə qədərdir.

1946-cı ildə Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının yaxşılaşdırılmasına imkan verib. Zavodda və ətraf yaşayış məntəqələrində yetişdirilən atların müsbət bioloji xüsusiyyəti kimi, madyanların kifayət qədər südlülüyü, yüksək dölvermə və çox yaşama qabiliyyəti qeyd edilməlidir.

Qarabağ atları bütün dünyada məşhurdur. 1956-cı ildə Sovet hökumətininin başçısı Nikita Xruşşov Böyük Britaniya Kraliçası Yelizavetaya «Zaman» ləqəbli Qarabağ atı bağışlayıb.
Ağdam Atçılıq Zavodunda yetişdirilən «Sumqanda» adlı at iki yaşında 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə, üç yaşında isə 2400 metri 2 dəqiqə 52 saniyəyə qaçaraq rekord sürət göstərib.

Bundan başqa «Liston», «Siqnal», «Naliv» adlı Qarabağ atları da müxtəlif vaxtlarda rekord nəticə göstərməklə dünya göstəricilərinə nail olub.

Hələ XIX əsrdə  Qafqazda hərbi qulluq keçən rus general və məmurları da Qarabağ atlarından istifadə ediblər. Bu haqda o zaman Ərzuruma səyahət edən dahi rus şairi A.S.Puşkin öz qeydlərində yazır: «Cavan rus məmurları Qarabağ ayğırlarının üzərində gəzməyi xoşlayırdılar».

Vaxtilə hər il iki dəfə Şuşadakı «Cıdırdüzü»ndə atçaparlar arasında yarışlar keçirilir, qaliblərə qiymətli hədiyyələr verilərdi. Qarabağ xanı İbrahim xanın atlarına dünya bazarında tələbat böyük idi. Həmin nəsildən olan şairə Xurşidbanu Natəvan da atçılıqla fəal məşğul olub ki, onun da bütün ölkədə məşhur olan ilxısı vardı. Şairənin Qarabağ atları 1867-ci ildə Parisdə, Moskvada və Tiflisdə ümumdünya kənd təsərrüfatı sərgilərində iştirak edib və hər dəfə də qalib gələrək, qızıl medallarla mükafatlandırılıb.

Hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfyə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar.

Hazırda Almaniyanın Frankfurt şəhərində Verena Solian adlı xanımın rəhbərliyi ilə «Qarabağ atlarının dostları» klubu da fəaliyyət göstərir. Bu qadının təşəbbüsü ilə Almaniyada Qarabağ atların kataloqu dərc olunub.

Qarabağ atlarının gözəlliyinindən valeh olan isveçrəli fermer Hans Hutmeyer hətta malikanəsinin qarşısında XIX əsrin məşhur Qarabağ atı “Əlyetməz”ə heykəl də qoyub.

Torpaqlarımıza göz dikən mənfur ermənilər Azərbaycanda atçılığın inkişafına həmişə paxıllıqla yanaşıblar. İş o yerə çatıb ki, tarixi düşmənlərimiz daim at cinslərimizə də sahib çıxmağa cəhd göstəriblər. Ermənilər bir neçə dəfə Xurşudbanu Natəvanın at zavodunda yetişdirilmiş və 1869-cu ildə Moskvada keçirilən Ümumrusiya at sərgisində mükafat almış «Bat Əlyetməz» ləqəbli Qarabağ atının şəklinin əks olunduğu marka çap etdiriblər.
Təcavüzkar Ermənistanın Qarabağın dilbər guşəsi olan Ağdamı işğal etməsindən sonra isə rayondakı Atçılıq Zavodu dağılıb. 1993-cü ildən Ağdam Atçılıq Zavodundan qalan atlar Bərdə rayonunda saxlanılır.

Fidan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?