Modern.az

Flarmoniyada Aşıq Xanlar Məhərrəmovun xatirə gecəsi keçiriləcək!

Flarmoniyada Aşıq Xanlar Məhərrəmovun xatirə gecəsi keçiriləcək!

22 Noyabr 2010, 18:14


Noyabrın 23-də 2010-cu il tarixdə Azərbaycan Dövlət Flarmoniyasında Tovuz rayonunda dünyaya göz açmış ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə və yenicə işıq üzü görmüş “Ya saz öldürəcək ya Xanlar məni” adlı xatirələr kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçiriləcək.

Qeyd edək ki, ozan-aşıq sənətinə ötən yüzilin 70-cı illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzilə yadda qalıb. 

Millət vəkili Qənirə Paşayevanın “Xanların sənət dünyası” adlı maraqlı  önsözü ilə açılan kitabın toplayıb tərtib edənləri şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.
“Nurlan” Nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabda sənətkarın sənət dostlarının xatirələri,   tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı şairlərin aşığa həsr etdikləri şeirlər də yer alıb.

Gecədə tanınmış xanəndələr və sənətkarın sənət dostları, aşıqlar, şairlər, ziyalılar hazırlanmış proqram əsasında çıxış edəcəklər.

Millət vəkili Qənirə Paşayevanın və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbir saat 19-00 da başlayacaq. Maraqlananlar dəvət olunur (giriş azaddır).

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir