Modern.az

Hafiz Hacıyev: “İsa Qəmbərlə bir-birimizə güllə atmamışıq ki...” (müsahibə)

Hafiz Hacıyev: “İsa Qəmbərlə bir-birimizə güllə atmamışıq ki...” (müsahibə)

23 Noyabr 2010, 11:00

“Elçibəy mənə dedi ki, Bakıya qayıtmamaq üçün təyyarəmin qanadlarını Fərəc Quliyev deşdirib”...

Hafiz Hacıyev: “ABŞ-a gözlənilən səfərimdə Azərbaycanda müxalif fikirli insan qüvvəsinin nə olduğunu keçmiş kompartiya işçilərinə subut edəcəyəm”...

Modern.az-ın suallarını Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev cavablandırır

- Parlament seçkilərinin nəticlərini tanımadığınızı bəyan etmisiniz. Seçkiləri necə qiymətləndirirsiniz?

- Bu ilki parlament seçkiləri müstəqillik dövründə qazandığımız az- çox uğurların hamısının üstündən xətt çəkdi. Bu seçkilər Azərbaycanı ibtidai icma quruluşuna aparır. Bəzi oliqarxlar Azərbaycan hakimiyyətinə böyük bir zərbə vurdular. Bunun nəticəsidir ki, Azərbaycan xalqı, o cümlədən beynəlxalq təşkilatlar bu ilki parlament seçkilərinin nəticələrini tanımadılar. Seçkilərdə qalib gələn əsl namizədlər qıraqda qaldı. Müəyyən adamlar özünün sevdiyi qadınları, öz qohum-əqrabalarını parlamentə saldılar. Odur ki, seçkilər xalqın iradəsini əks etdirmir və Azərbaycanda böyük bir kin-küdrət yaradıb. Bu seçkilər Azərbaycanda gələcəkdə püskürən vulkan üçün böyük bir mənbə yaratdı. Bununla da ölkə başçısı İlham Əliyevə böyük bir xəyanət elədilər. Mən heç vaxtı imkan vermərəm ki, cənab prezidentə bu xəyanətlər davam eləsin. Mən prezidentimin yolunda həmişə ölümə getmişəm və axıra qədər də ölümə getməyə hazıram. Bu seçkilərin nəticələri ləğv edilməlidir, yenidən parlament seçkiləri keçirilməli, xalqın  iradəsini əks etdirən, xalq arasında nüfüzü olan, xalqa xidmət etmək istəyən insanlar parlamentə seçilməlidir. Bu cür ədalətsiz seçki hələ mən tariximdə rastlaşmamışdım və bundan sonra da belə bir biabırçı seçki görə bilmərik.
Mənim deputatlığa namizəd olduğum 31 saylı Suraxanı 2-ci seçki dairəsində seçkilərə üç gün qalmış Suraxanı rayon İcra Hakimiyyəti Fərəc Quliyevin təbliğatının aparılması üçün göstəriş verdi və həmin göstəriş əsasında da o dairədən tanınmayan bir adamı gətirib parlamentdə deputat elədilər.
Fərəc Quliyev vaxtı ilə Heydər Əliyevə güllə atdığına görə 57-ci maddə ilə dövləti cinayətdə  ittiham olundu və  7 il həbsxanada yatdı. Bizim partiyadan 40 nəfər namizədliyini irəli sürmüşdü, bu 40 nəfərdən cəmi 7-ni marafona buraxdılar. Bu 7 nəfərin əksəriyyəti səs toplamışdı. Partiya üzvləri bu gün mənimlə çox böyük qarşıdurma həddindədirlər. Onlar mənim apardığım siyasətin niyə uğursuzluğa düçar olduğunun səbəblərini bilmək istəyirlər. Bunun üçün partiyanın  Siyasi Şurasının iclasının çağırılmasını tələb edirlər. Ola bilsin Siyasi Şura növbədənkənar qurultay çağırsın və məni partiyanın sıralarından xaric etsinlər. Hal-hazırda vəziyyət belədir.

- Özünüz partiya sədri postundan istefa vermək istəyirsiniz?

- Siyasi Şura mənim qarşıma cavablandırılması tələb olunan bir neçə sual qoyub. Məndən soruşulur ki, bizim partiyanın apardığı 10 illik siyasət niyə belə iflasa uğrayıb?
Partiyanın üzvləri həmişə dövlətçiliyi müdafiə edib. Biz 2003-cü il və 2008-ci il prezident seçkilərində və 2005-ci il parlament seçkilərində, Azərbaycan hakimiyyətinin ən ağır günlərində onun yanında olmuşuq və ona dayaq olmuşuq. İndi partiya üzvlərim mənə sual verirlər ki, cənab Hafiz Haciyev sizin apardığınız siyasət niyə iflasa uğradı? Niyə sizə qarşı hakimiyyət bu qədər ədalətsiz bir mövqe ortaya qoydu? Nəyə görə biz səs topladığımız halda parlamentə düşə bilmədik?
Soruşulur ki, nəyə görə prezidenti o qədər müdafiə edirsən, prezidentdən ötrü canını verirsən, onun uğrunda ölümə getməyə hazırsan, amma Müasir Musavat Partiyasının üzvləri parlamentə düşə bilmədilər? Bu siyasət nədir, nə ilə nəticələnəcək?
Bu suallara mən cavab verə bilmirəm. Noyabrın 25-də partiyanın Siyasi Şurasının iclası olacaq. Açığı Siyasi Şurada böyük narazılıq var. Siyasi Şura mənə təzyiq edir ki, istefa ver.  Belə olsa mən məcbür olub öz səlahiyətlərimdən istifadə edəcəyəm  və qurultay çağıracağam. Qurultayda partiyanın mövqeyi haqqında, gələcəkdə görüləcək işlər haqqında partiya üzvlərini inandıra bilsəm və yenidən partiya sədri seçiləm, yenidən siyasi mübarizəyə daha da geniş şəkildə davam etdirəm.

- Siz seçkilərdəki rəqibiniz Fərəc Quliyevlə vaxtı ilə bir komandada olmusunuz. Onunla hər hansı bir əlaqəniz olubmu? Bir-birinizi tanıyırsınızmı?

- Fərəc Quliyev o vaxt, 1993-cü ildə sadəcə 1-2 ay Xalq Cəbhəsinin İcraiyyə Komitəsinin sədri olub. Fərəc o zaman  bizim içimizə atılmış bir adam idi. Prezident Əbülfəz Elçibəyi Bakıda ona qarşı guya böyük terror olacağı ilə aldadıb apardı Kələkiyə...
Naxçıvanda da təyyarə Bakıya geri uçmasın deyə, prezidentin təyyarəsinin qanadlarını deşdirdi. Elçibəy bunu mənə Kələkidə özü danışıb. Bu söhbətdə o zaman  çox adamlar var idi. Fərəc Quliyev çoxdan ələ alınmış bir insan olub. Görünür ki, o, kimlərinsə “xeyrinə, şərinə” yarayan bir insan olub. Ona görə də qeyri-qanuni olaraq 31 saylı  Suraxani seçki dairəsindən deputat seçdilər. Yoxsa ki, onu tanıyan kim idi?
Biz Qaraçuxur qəsəbəsinə gedəndə insanlar soruşurdu ki, yalandan hərbiçi paltarı geyən və parlamentə deputat seçdirilən kim idi? Bizi narahat edən əsas məsələ bu cür adamların parlamentə düşməsidir. Bu, İlham Əliyevə xəyanətdir. Vaxtilə Heydər Əliyevə qumbara, güllə atmaq istəyən və 57-ci maddə ilə vətən xaini elan olunmuş insanı gətirib təzədən  parlamentə salmağın nə əsası var idi?
Bizi və partiya üzvlərini narahat edən əsas məsələ budur. Partiya üzvləri bu məsələdə çox konkret mövqe ortaya qoyurlar. Mən öz həyatımı prezident İlham Əliyevin gələcəyinə, onun balalarına həsr eləmişəm. Söhbət puldan getmir...
Ola bilsin ki, kiminsə pulu, varı dövləti  çoxdu, o hələ hər şey demək deyil. Ancaq mən son 11 ildə canımı İlham Əliyevin yolunda şam kimi əritmişəm. Amma onun ətrafından gör mənə nə cür münasibət var. Bu gün onun atasına güllə atanların hamısı  parlamentə düşdü. Bu gün nə ehtiyac var idi ki, Azərbaycanda parlament seçkilərin yekunu təsdiq edilməmiş artıq Azərbaycanda çörəyin qiyməti, ərzaq məhsulların hamısının qiyməti qalxdı.
Prezidentə bundan böyük xəyanət olmaz. Bu gün prezidentin özü haqqında yalnış informasiyaları buraxan adamların hamısı qoca kommunistlərdir. Onlar çox şüurlu şəkildə qisas alırlar. Artıq o adamın adını mən demişəm və onun adını təkrar çəkmək istəmirəm.
Bir də onun adını çəksəm, onun Ermənistanda olan villalarının, obyektlərinin, Göyçə yolunun və  Sevan gölünun qırağında olan turbazalarının şəkillərini ictimaiyyətə göstərməyə məcbur olacağam. Məni Siyasi Şuranın iclasında partiyada saxlasalar, yenidən sədr seçsələr, ömrümün qalan hissəsini də Prezidentin yolunda şam kimi yanmağa həsr edəcəyəm.

- Seçkilərin nəticələrini tanımadığınızı elan etdikdən sonra müxalifətin bununla bağlı birgə bəyanatına imza atacağınızı elan etmişdiniz. Bu məsələ nə yerdə qaldı? Bəyanatı imzaladınızmı?

- Mənim müxalifət liderləri ilə bir yerdə olmağım barədə verdiyim mesaj o dairələr tərəfindən çox müsbət qarşılanıb. AXCP-Müsavat rəsmiləri KİV-də öz fikirlərini bildiriblər ki, bizimlə  bir yerdə olmağa həmişə hazırdırlar. Bizim partiyamız seçkilərin nəticələrini tanımır. Biz birmənalı şəkildə öz sözümüzü demişik. Sabah (bu gün-red) seçkilərdə deputatlığa namizəd olmuş və qeydiyyatdan keçmiyən namizədlərin birgə toplantısı keçiriləcək. Ola bilər ki, yeni bir hərəkət yaransın. Biz bu gün də seçkilərin nəticələri ilə bağlı mövqeyimizdə qalmaqdayıq. Hələ ki bizə toplantıda iştirakla bağlı dəvət gəlməyib. Bu gün Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılının açıqlamasına baxdım. O deyib ki,  dəvət liderlər səviyyəsində olan bir məsələdir. Hər halda liderlərdən dəvət gəlsə, iştirak edəcəyik. Azərbaycanın düşdüyü bu böhranlı vəziyyətdən çıxarılması üçün bütün milli qüvvələrlə bir yerdə olmağa  hazırıq. Azərbaycanın Dağlıq Qarabağ məsələsi var, prezidentə böyük xəyanət edilib. Mənim müxalifətlə əməkdaşlıqda bir təklifim var: İlham Əliyevə toxunmamaq şərti ilə mənimlə kim bir yerdə olmaq istəyirsə, mən onunla bir yerdəyəm.
Bizim beynəlxalq təşkilatlarla da daim əlaqələrimiz var və yaxın günlərdə mənim ABŞ-a səfərim gözlənilir. Senatda, Konqresdə görüşlərim planlaşdırılır. Hər halda öz mövqeyimi bütün dünya səviyyəsinə çıxaracağam və Azərbaycanda müxalif fikirli insan qüvvəsinin nə olduğunu keçmiş kompartiya işçilərinə subut edəcəyəm.

- Seçkinin nəticələri ilə bağlı məhkəməyə şikayət edəcəksinizmi?

- Azərbaycanda hüquq proseduraları ayaq altına atılıb. Bu gün adam öldürürlər, heç onun şikayətinə baxan yoxdur. Biz kimə şikayət edək? Saxtakarlığın başında duranlar buna imkan vermirlər. Biz Avropa Məhkəməsinə üz tutacağıq. İndi partiyamızdan olan deputatlığa namizədlər sənədlərini toplayırlar. Hamısını yekunlaşdırıb yerli məhkəmələrdən keçdikdən sonra  Avropa Məhkəməsinə müraciət edəcəyik. Biz vaxtımızı itirmək istəmirik. Noyabrın 25-də Siyasi Şura qərar çıxarsa, kütləvi aksiyalara başlayacağıq. Partiyanın geri dönməyə yolu yoxdu. Mən imkan vermərəm ki, Prezident Aparatında oturan bəzi insanlar İlham Əliyevdən öz hayfını alsınlar. Bu şəxslər hələ 2003-cu ildə mən Qələbə kinoteatrı qarşısında mitinq keçirərkən mənə dedilər ki, “Heydər Əliyev ölüb, sən niyə bu qədər canfəşanlıq edirsən, artıq onun erası bitdi”... Bunu mənim üzumə həmin yüksək rütbəli məmur deyib. Mən görünür geniş brifinq keçirib hər şeyi açıq şəkildə ortaya qoymalı olacağam. Hər halda prezidentin fikri bizim üçün önəmlidir. Nə məsləhət bilsə onu da edəcəyik.

- Hesab edirsiniz ki, cənab prezident sizinlə bağlı məsələdən xəbərdardır?

- Mənim başıma gətirilən oyunlardan cənab prezidentin xəbəri var. Hər-halda onun məni müdafiə eləməyə gücü çatacaq. Prezident deyib ki, Hafiz Hacıyev dövlətçilikdən ötrü həyatını, canını qoymuş bir insandır. Bəs niyə onu bu günə qoyursunuz?

- Sizcə, niyə siz də daxil olmaqla siyasi partiyalar bu seçkidə parlamentdən kənarda saxlanıldı?

- Bu böyük bir xəyanət idi. Parlamentə 10 müxalifətçi düşsə idi, nə edəcəkdilər ki? Onsuz da indiyə qədər 7-8 nəfər müxalifətçi Milli Məclisə düşüb. Onlar nə ilə fərqləniblər ki? Bu gün hakimiyyətdəki bir sıra qüvvələr qurduqları bu uğursuz “seçki layihəsi” ilə bütün Qərb dövlətlərini Azərbaycanın dövlət başçısının üzərinə qaldırdılar. Parlamentdə İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, Hafiz Hacıyev olsaydı nə olardı? Biz dövlətçiliyi sevən insanlarıq. İndiyə kimi parlamentdə Pənah Hüseyndən sərt danışan olmayıb. Nə dəyişilib ki... Heç bir şey.
 
- Sizin axı aparıcı müxalifət liderləri ilə ciddi problemləriniz var. İndiki yeni mövqeyinizdə İsa Qəmbərlə, Əli Kərimli ilə əlaqələri bərpa edə biləcəksinizmi?

- Partiyamız qurultay çağırmaq ərəfəsindədir. Müasir Müsavat Partiyası Azərbaycanda müxalifət partiyası kimi və müxalif aparıcı qüvvə kimi öz mövqeyini ortaya qoyacaq. Azərbaycandan müxalifət mən olacağam və Azərbaycan hökümətinin “müxalifət yoxdur” deyən üzvlərinə müxalifətin nə olduğunu göstərəcəyəm. O ki qaldı İsa Qəmbərlə, Əli Kərimliyə, siyasətdə əbədi dost yoxdur, maraqlar var. Əgər bu gün maraqlarımız üst-üstə düşürsə, bir-birimizə əvvələr nə dediyimizin eybi yoxdur. Mən nə demişəm, o nə deyib.. Bu  elə bir əhəmiyyət kəsb eləmir. Bir-birimizə güllə atmamışıq ki... Bəzi adamlar elə düşünürdülər ki, Hafiz Hacıyev ortada tək qalacaq. Amma gördülər ki, Azərbaycanda  mənim keçmişdəki həmkarlarım mənə dəstək oldular. Onların hamısı mənə KİV vasitəsi ilə öz mesajlarını çatdırırlar ki, biz bir yerdə olmağa həmişə hazırıq və bir yerdə ola bilərik. İndi də ola bilər ki, Azərbaycanda yeni bir xalq hərəkatı yaransın, ola bilsin ki, Millətin Məclisi yaransın.  Orada hamımız  bir yerdə olacağıq.

- Əlinizdəki imkanlardan istifadə edib iqtidar- müxalifət dialoqu ilə bağlı təşəbbüs göstərə bilərsinzimi?

- Bizim prezidentimiz çox humanist, demokratik, ədalətli bir insandı. Amma nə qədər ki, Prezident Aparatında bir sıra qüvvələr qalmaqdadır, Azərbaycanda müxalifətlə iqtidar arasında heç bir barışıqdan söz gedə bilməz.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi