Modern.az

Tülkü çaqqalla dostlaşıb şirə qarşı çıxıblar

Tülkü çaqqalla dostlaşıb şirə qarşı çıxıblar

Mədəni̇yyət

23 Noyabr 2010, 11:26

Mədəniyyətdə və şou-biznesdə bu prinsiplər işləyir

Ona görə də nə teatr tənqidçisi dillənir, nə musiqişünasın səsi çıxır, nə də millət hayqırır. Hamı görür ki, başını aşağı salıb çörəkpulunu qazanmalısan, yeri gələndə kimlərəsə yarınmalısan belə. Nə badə ağzını açıb düz söz deyərsən, başına bir qapaz dəyər ki, iki gözün bir deşikdən çıxıb düşər.

Ona görə də mədəniyyət böyrü üstə qoyulub, şou-biznes isə ibtidaidən aliyə doğru getmək əvəzinə ibtidaidən də geri gedir. Daha hara gedib çıxacağını Allah bilir. Bildiyimiz odur ki, daha çox gedə bilməz e... axır harasa dirənib dayanmalıdır. Odur ki, bu barədə baş ağrıtmağa dəyməz, onları məqsədli şəkildə bu formada ortaya buraxanların da sonu olacaq.

Anlamayanlar üçün açıqlama da verə bilərəm. Onlar deyəndə şou-biznesdəki heç nəyə yaramayanları nəzərdə tuturam. Yəni, əslində bildikləri bir nəsnə yoxdur, elə bilirlər ki, çox şey bilirlər. Sokratın artıq çox işlənmiş ifadəsi neyləyək bu yerdə yerinə düşür: “Nə qədər ki, oxumurdum, elə bilirdim hər şeyi bilirəm, elə ki, oxumağa başladım, gördüm əslində heç nə bilmirəm”.

Bizim şou-biznesdəki binəvalar elə bilirlər ki, çox bilirlər, ona görə çıxıb efirlərdən millətə dərs keçməyə cəsarət edirlər. Onlara elə gəlir ki, bunların həyat tərzi, pul qazanmaq “bacarıqları” insanlar üçün nümunə göstərilməlidir. Özləri bilsələr ki, belə iddiada ikən, necə gülünc görsənirlər, yəqin ki, nümunə olmaq iddiasından da əl çəkərlər.  

Bilmirlər ki, onları fiqur edib ortaya salmaqla millətin başını qatıb əsas məsələdən yayındırmaq məqsədi güdənlər özləri də onlara gülür. Üstəlik istehza ilə “bu millətə belə lazımdır” deyirlər. Bunu anlayanlar isə hər iki tərəfə gülür və düşünür ki, hər iki tərəf tezliklə dalana dirənəcək. Artıq dalan çatdığından şou-biznesi fırladanlar qayıdıblar tənqidə, guya mədəniyyətin və şou-biznesin bu yöndə gedişatından narazıdırlar və düzəltməyə çalışırlar.

Nə isə... Əslində məqsədim onlardan yox, onların əməlləri nəticəsində oturan mədəniyyətdən söz açmaqdır. Nadir Qafarzadə əgər Cahangir Cahangirovun “Füzuli kantatası”nı oxuyursa, görün Azərbaycan milli musiqisi necə ağlar günə qalıb. Şövkət xanımın titrəyə-titrəyə ərsəyə gətirdiyi əsəri Nadir Qafarzadə su içimi kimi oxudu. İnkişafa bax e...

Telekanallar, şou yazarlarlı da bu cəsarətə heyranlıqlarını ifadə etdilər. Daha demədilər ki, “utanmasan oynamağa nə var”, istəyirsən lap “Qaytağı” da oynaya bilərsən, əsas utanmamaqdır.

Vəziyyət bu münvalla ona gətirib çıxartdı ki, Bakıda klassik musiqini, ciddi musiqini dinləyən yoxdur. Millətin, xüsusən gənc nəslin Fikrət Əmirovdan, Cahangir Cahangirovdan, heç Qara Qarayevdən də xəbəri yoxdur. Elə bilirlər elə metro stansiyasının adıdır.
Heç hansısa bir gəncin, tələbənin telefonunda Üzeyir bəyin musiqisini eşitmisiniz, yaxud zəngımselində? Xeyr, çünki başına kül olan telekanal  Üzeyir bəyin musiqisini yox, Üzeyir adlı bir oxuyanın diringisini reklam edir, onu “zəngimselə yükləyin!” deyir.  
Bu səbəbdəndir ki, Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsində tamaşaçı yox idi. İfaçılar xarici qonaqlar qarşısında yerdən-yerə keçiblər. Dünya musiqiçiləri vokal, klassik musiqi azərbaycanlı qulağı üçün deyil qənaəti ilə çıxıb gediblər. Gedib deyəcəklər ki, Üzeyir bəy də, Qara Qarayev də, Müslüm Maqomayev də bu xalqın nümayəndələri deyil, yəqin elə Rəşid Behbudovu da belə hesab edəcəklər... Əks halda, bu müsabiqədə bir nəfər tamaşaçı olardı, hələ ardıcıllarının yetişmədiyindən danışmıram.  

Taqmaşaçı cəhənnəm, bəs, ali musiqi ocaqlarının tələbələri hansı toylarda olublar..?!
Deməli, o sahədə təhsil də bərbad gündədir. Yadıma Çıngiz Aytmatovun Manqurt obrazı düşdü... belə getsə...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!