Modern.az

Narazı namizədlərin Forumu başa çatdı: Onlar seçkiləri tanımadılar

Narazı namizədlərin Forumu başa çatdı: Onlar seçkiləri tanımadılar

Ölkə

23 Noyabr 2010, 15:37


Müsavat Partiyasının qərargahında parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu başa çatıb. Modern.az  bildirir ki, tədbirdə iştirak edən keçmiş namizədlər bəyanat qəbul ediblər. Sənəddə deyilir ki, Azərbaycan cəmiyyətinin azad və ədalətli seçkilərlə bağlı ümidləri noyabrın 7-də keçirilən seçkidə növbəti dəfə doğrulmayıb - ölkədə azad və ədalətli seçkiləri təmin edəcək seçkiqabağı demokratik şərait yaradılmayıb, vətəndaşların fundamental hüquqları olan sərbəst toplaşmaq, söz və mətbuat, ifadə azadlıqları təmin edilməyib.

“Müxalifətin çoxsaylı nümayəndələrinin deputatlığa namizədliyinin qanun pozuntuları və bəhanələrlə qeydə alınmaması seçki dairələrinin təqribən yarısında müxalifət namizədlərinin olmaması ilə nəticələndi. Bu da seçkinin taleyini hələ səsvermədən əvvəl hakim siyasi qüvvənin xeyrinə həll edib.

Təbliğat kampaniyası dövründə iddiaçı tərəflərə bərabərhüquqlu təbliğat imkanları verilməyib. Administrativ resurs hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldildi. İcra strukturları, hüquq mühafizə orqanları qeyri-qanuni olaraq seçkilərin gedişinə zorakı müdaxilə edib.

Qeyd edilənləri nəzərə alaraq hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmən elan olunmuş nəticələri Azərbaycan xalqının iradəsini ifadə etmədiyi üçün bu seçkilər vasitəsilə formalaşdırılan parlament legitim sayıla bilməz”.

Bəyanatı imzalayan deputatlığa namizədlər 7 noyabr seçkisinin nəticələrini tanımadıqlarını vurğulayır, nəticələrin ləğv edilməsini, azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri demokratik islahatların aparılmasını, seçki qanunvericiliyinin demokratikləşdirilməsini və yeni parlament seckisinin keçirilməsini tələb edirlər.

Tədbirə ATƏT-in, digər beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı