Modern.az

"Ya saz öldürəcək, ya Xanlar məni" təqdim olunub

"Ya saz öldürəcək, ya Xanlar məni" təqdim olunub

Mədəni̇yyət

24 Noyabr 2010, 12:58

Çərşənbə axşamı Azərbaycan Dövlət Filarmoniyasında Tovuz rayonunda dünyaya göz açmış, ozan-aşıq sənətinin görkəmli nümayəndəsi aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə və yenicə işıq üzü görmüş "Ya saz öldürəcək, ya Xanlar məni" adlı xatirələr kitabının təqdimatına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

"Tanrı aşıq Xanlara özünəməxsus xarizm bəxş etmişdi və bunun sayəsində aşıq yaradıcılığının bütün pərəstişkaraları onu sevirlər", - deyə  gecədə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib.
O, qeyd edib ki, aşıq Xanlar ifa edərkən sanki öz sazı ilə səs-səsə verərək danışırdı.

"Aşıq Xanların öz imzasını qoyduğu saz havaları mövcuddur və indi çoxları bu havaları başqalarının ifasında eşidərkən istər-istəməz dahi aşığı xatırlayırlar", - Paşayeva bildirib.

O, öz çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sazın YUNESKO-nun mədəni irs siyahısına salınması ilə bağlı böyük xidmətlərini qeyd edib.

Qeyd edək ki, ozan-aşıq sənətinə ötən yüzilin 70-cı illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzilə yadda qalıb.

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub tədbirdə çıxışı zamanı deyib ki, aşıq Xanlar öz yaradıcılığı ilə bütün aşıqlar arasında seçilib.

"48 illik həyatında aşıq Xanlar aşıq yaradıcılığına özünəməxsus ağıqlıq gətirib". Z.Yaqub bildirib ki, hazırda aşıq Xanlar yaradıcılığı onun oğlu aşıq Azərin dilində yaşadılır.

Gecədə tanınmış xanəndələr və sənətkarın sənət dostları, aşıqlar, şairlər, ziyalılar hazırlanmış proqram əsasında çıxış ediblər.

Tədbir millət vəkili Qənirə Paşayevanın və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə keçirilib.

Millət vəkili Qənirə Paşayevanın "Xanların sənət dünyası" adlı maraqlı  önsözü ilə açılan kitabın tərtibçiləri şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. "Nurlan" nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı şairlərin aşığa həsr etdikləri şeirlər də yer alıb.




Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!