Modern.az

Azərbaycan Beynəlxalq Universitetində gizli orqan transplantasiyası...

Azərbaycan Beynəlxalq Universitetində gizli orqan transplantasiyası...

24 Noyabr 2010, 15:26


Modern.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzində insan orqanlarının qanunsuz transplantasiyasının həyata keçirildiyi məlum olub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bununla bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, insan orqanlarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukraynanın hüquq mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən birgə araşdırma aparılıb.

Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını respublikamıza gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil edib.   

"Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirmişlər. Müəyyən olunmuşdur ki, Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozmuş, həmin tibb müəssisəsinə  insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaratmışlar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul almışlar"-deyə bildirilib.

Məlumata görə, məhkəmənin qərarına əsasən tibb mərkəzində aparılmış axtarış zamanı üzərlərində transplantasiya əməliyyatları həyata keçirilmiş donor və resipiyentlərin tibbi sənədləri aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı həmçinin o da müəyyən edilib ki, adı çəkilən universitetin tibb mərkəzinə Səhiyyə Nazirliyi tərəfindən ambulator və stasionar tibbi xidmət üçün muvafiq lisenziya verilsə də, tibbi xidmətlərə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı əməliyyatların keçirilməsi daxil edilməyib. Tibb mərkəzi tərəfindən lisenziya şərtlərinin pozulması hallarına yol verildiyinə görə Səhiyyə Nazirliyinin müvafiq qərarı ilə onun fəaliyyəti dayandırılıb.

Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalarla digər özəl və dövlət tibb müəssisələrində belə qanunsuz cərrahiyyə əməliyyatlarının aparılması halları aşkar edilməyib.

İnsan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, ibtidai istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda işin bütün hallarının araşdırılması, eyni zamanda cinayətin törədilməsində iştirakı olan digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir