Modern.az

“Qırx yaşında olan övladlarımıza uşaq kimi baxırıq...”

 “Qırx  yaşında olan övladlarımıza  uşaq kimi baxırıq...”

25 Noyabr 2010, 15:00

Modern.az saytının suallarını deputat Rəbiyyət Aslanova cavablandırır.

- Rəbiyyət xanim, sizin üçün Vətən nə deməkdir?

- Əvvəla,  konkret olaraq Vətən hər bir vətəndaş üçün onun ölkəsinin ərazi bütövlüyüdür. Bu, Konstitutsyamızda müəyyən olunmuş Azərbaycan ərazisidir. Vaxtilə mənim vətənimin böyük hüdudları var idi. Təəssüf ki, bu günə qədər torpaqlarımızı itirə-itirə gəlmişik. İndi də torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Ancaq deyim ki, Vətən təkcə bu cür izah olunmur. Vətən mənim ulularımın doğulduğu, basdırıldığı əraziyə olan münasibətimdir. Mənim yüksək məsuliyyət hissimdir. Bu təkcə torpaq deyil. Onun üzərində dayanan böyük dəyərlərdir. Vətən mənim torpağımda formalaşan, mənə gəlib çatan böyük sərvətdir, varisliyimdir.
Vətən mənim qorumalı olduğum sərvətdir, vətən mənim üçün elə bir məkandır ki, bu məkanda mənim öz varlığımı qorumaq haqqım var, yaşamaq haqqım var. O mənim mən olduğum, mənim özümü təsdiq etdiyim, mənim üçün doğma olan, əziz olan bir sərvətdir. Vətən mənim üçün budur.
Şair nahaq deməyib ki, “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”.
Doğrudan da insan dünyasını dəyişdikdən sonra bu torpağın bir zərrəsinə çevrilir. Ona görə də insanın bu  torpağa münasibəti onun ən ali, ən yüksək vəzifəsi olmalıdır. Mənim olanı qoruya bilməyəcəmsə, o, heç vaxt mənim olmayacaq. Babalarım bu torpağı qorudu. Burada yaşamaq haqqı qazandı. Bunu  bizə çatdırdı. Mənim də borcum bir vətəndaş kimi işğal altında olan ərazimi işğaldan azad edərək gələcək nəsillərə çatdırmaqdır. XX əsrin əvvəlində xeyli torpaqlar itirmişik. O dövrün nəslinin üzərinə düşən vəzifə o idi ki, ulu babalarımızdan gəlib çatmış böyük sərvətə sahib olsunlar. Ona görə də indiki nəsil o nəsli qınamağa haqlıdır. Çünki o qorunmalıydı. Biz də elə, əgər 20 faiz ərazimizi işğaldan azad edə bilməyəcəyiksə, gələcək nəsillərin qınağına tuş gələcəyik.
Məndən əvvəl bu torpaqda yaşayan ulularımız çox böyük işlər  görüblər, çox böyük insanlar olublar və mən onların varisi olurammı? Onların varsi olmaq haqqındı qazanırammı? Varis adi bir ifadə deyil, varis odur ki, sənə çatan sərvəti təkcə qoruyub saxlamayasan, onu bir az da inkişaf etdirəsən. Inkişaf etdirməsən bu sərvət dağılıb gedəcək. Hər bir Azərbaycan vətəndaşı ləyaqətli varis olmağı bacarmalıdır.

- Bəzən belə fikirlər səsləndirilir ki, azərbaycanlı valideynlər kimi övladlarını sevən ikinci millət yoxdur. Bu fikirlə razısınızmı?

- Yox, mən bu fikirlə qətiyyən  razı deyiləm. Mən özünə mədhiyyə deməyi heç sevmirəm. Bizim xalqımız gözəl xalqdır. Böyük ənənələrə, böyük tarixə, yüksək mənəvi dəyərlərə malik xalqdır. Ancaq özümüzü tərifliyib başqalarına aşağı baxmamalıyıq. Hər bir xalqın çox yüksək keyfiyyətləri var. Bəyəndiyimiz və bəyənmədiyimiz keyfiyyətlər ola bilər. Bu o demək deyil ki, biz dünyada təkik. Bilirsiniz, dünyanın hansı bir tərəfinə gedirsən get, əsl valideynlik hissini yaşayan insanlar yaxşı valideynlərdir. Bu insani keyfiiyətdən irəli gəlir. Analıq hissi, atalıq hissi, valideynlik hissi yaşayan hər hir insan gözəl insandır. Yaşamayan, övladına laqeyd olan insanlar dünyanın hər bir yerində var.  Bütün millətlərdə var. Ona görə Azərbaycan valideyni yaxşıdır, bir başqa millətin valideyni pisdir, bu ifadə ilə gəlin özünü mədhiyyəlikdən uzaqlaşaq. Mən onunla razı deyiləm.

- Bu sualı təsadüfən vermədik. Özünüz dediniz, XX əsrin əvvəllərində torpaqlarımız işğal olundu. Bu problemi atalar oğullarına ötürdülər. İyirmi ildir bu işğal davam edir. Məsələyə bu kontekstdən yanaşmanız necədir?

- İndi gəlin belə danışaq, məsələni belə qoymayaq. Əvvəl birinci məsələyə qayıdaq, sizin dediyiniz Azərbaycan ailəsi, Azərbaycan övladına. Mənim fikrimcə, Azərbaycan ailəsinin bir xüsusi cəhəti var ki, biz övladlarımızı daha çox qanadlarımızın altında saxlıyırıq. Bəlkə də bu, müasir dövrdə dəyişəcək, övladlarımız bir az da müstəqilləşəcək. Bizim övladlarımız gözümüzdə böyümür. Nə mənada, deyim, onlar 40 yaşında olanda belə yenə də biz onlara uşaq kimi baxırıq. Amma dunyada hadisələr elə inkşaf edir ki, bir az dərk olunmuş müstəqillik vermək lazımdır. Müstəqillik vermək lazımdır ki, sıxlaşmış zaman çərçivəsində artıq özlərini təsdiq edə bilsinlər. Amma  imkan vermirik ki, bu insanlar hadisələrə müstəqil yanaşsınlar, həmişə qanadlarımızın altındadılar. Qaldı Qarabağ probleminin bir nəsildən o biri nəsilə ötürülməsinə, bizim nəsil Qarabağ probleminin həlli üçün əlindən gələn hər şeyi edir. Bu problemin həllini gələcək nəsillərin üzərinə yönəltmir, qətiyyən belə deyil. Bu gün Azərbaycan dövlətinin apardığı xarici siyasət sahəsində əldə olunan uğurların hamısı onu göstərir ki, Azərbaycan dövləti  beynəlxalq aləmdə beynəlxalq hüquq normalarının gerçəkləşməsi üçün hər şey edir. Bəzən bizdən asılı olan və olmayan faktorlar olur. Bu gün dünyanın süper dövlətləri, aparıcı qüvvələr dünya siyasətini istiqamətləndirmək iqtidarında olan beynəlxalq təşkilatların problemə laqeyidliyi, bilərəkdən, bilməyərəkdən məqsədəyönlü şəkildə konfiliktlərin dondurulması problemin həllində çox böyük əngəllər yaradır. Bütun bu maneələrə, əngəllərə baxmayaraq  Azərbaycan dövləti və bügünki nəsil əlindən gələn hər bir şeyi edir. Mən inanıram ki, gələcək nəsi problemin dondurularaq onların üzərinə qoyulmasında bizi günahlandırmayacaq. Bu problemin həllinə Azərbaycan dövləti nail olacaq.

- Bəlkə elə XX əsrin əvvəllərində də dünyanın super  gücləri torpaqlarımızın ermənilərə verilməsində maraqlı olublar?  

- Ola bilər. Mən onu da inkar etmirəm, belə hallar da var idi. Ancaq həmin dövrdəki səhvlərdən bir nəticə çıxartmaq imkanımız da var. O dövrdə baş verən hadisələr, yenə də böyük dövlətlərin məsələyə müdaxiləsi, həmin dövrdə SSRİ-nin yaranması məsələsi ona imkan vermədi. İmkan vermədi ki, həmin problem həll olunsun. Bugünkü beynəlxalq hüquq və durum əvvəlki kimi deyil. Biz müstəqil dövlətik və müstəqil olan dövlətin müstəqil siyasət aparmaq imkanı var. Mən tam əminəm ki, bu gün aparılan xarici siyasət, dövlət başçımızın yeritdiyi uğurlu siyasət bu konfiliktin həll olunmasına kömək edəcək. Çünki dünya artıq bu durumla razılaşmamalıdır. İnsan haqlarının qorunmasını bayraq, şuar edən və bununla bütün siyasətini istiqamətləndirən super dövlətlər və beynəlxalq təşkilatlar 1 milyondan artıq qaçqın və məcburi köçkün vəziyyətində yaşayan insanların  hüquqlarını qorumağa məcburdur. Bəşəriyyətin artıq bu konfiliktləri həll etməsindən başqa çarəsi yoxdu. Bu konfilikt təkcə Dağlıq Qarabağ problemi deyil, belə konfiliktlər dunyada çoxdur. BMT-nin Qaçqın və məcburi köçkünlərlə əlaqadar ali  komisarı Bakıya gəlmişdi. Söhbət etdik, o, bildirdi ki, bu komissarlıq 1951-ci ildə yaradılıb. O  zaman dünyada cəmi 1 milyon qaçqın olub. Amma ötən 59 il ərzində BMT-nin fəaliyyəti nəticəsində bunların sayı azalmaq əvəzinə, bu gün dünyada qaçqın və məcburi köçkünlərin sayı 27 milyona çatıb. Çarə odur ki, ya XXI əsrdə bu problemin həlli üçün iradə ortaya qoyulsun, ya da beynəlxalq təşkilatların ciddi fəaliyyəti olmalıdır. Yaxud həmin təşkilatlara bir ehtiyac yoxdur. Bu böhranlar adi iqtisadi böhran olmayacaq, bu siyasi, mənəvi, hərbi böhrana çevriləcək.

- Rəbiyyət xanım, deyirlər ki, millətin gələcəyi daha çox analardan, müəllimlərdən asılıdır. Bu mənada gələcəyimizi necə görürsünüz?  

- Millətin sabahı üçün hər kəs cavabdehdir, təkcə analar yox. Analar cavabdehdir ona görə ki, hər bir ana ləyaqətli, vətənpərvər övlad böyütməlidir. Onun məsuliyyəti çox böyükdür. Müəllimlər cavabdehdir ona görə ki, onlar çox peşəkar, savadlı mütəxəsislər yetişdirməlidirlər. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə. Ziyalılar cavabdehdi ona görə ki, onlar cəmiyyətin ab-havası, cəmiyyətin saflaşması üçün məsuliyyətli işi yaşatmalıdırlar, siyasətçilər cavabdehdir ona görə ki, onların apardıqları cəmiyyətdaxili və xarici siyasət elə mövqe tutmalıdılar ki, o ölkənin vətəndaşı yaşadığı dövlətin vətəndaşı olmağı ilə qürur hissi yaşasın. Yəni varlığı üçün, cəmiyyətdə yaşamaq üçün öz varlığının təmin olunmasından bir zövq yaşasınlar. Dövlət vətəndaş münasibətlərində çox gözəl bir durum yaşansın. Həm dövlət vətəndaşın sabahı üçün məsuliyyət hissi yaşasın, həm də vətəndaş dövlətin varlığı üçün. Bu qarşılıqlı məsuliyyət olmalıdır. Məsuliyyətli dövlət və məsuliyyətli vətəndaş... Millətin sabahı üçün burada məsuliyyət hamının üzərinə düşür.

- Çeçen anaları örnək ola bilərmi?

- Siz çeçenlərdən misal gətirdiniz, mən isə sizə yaponlardan misal gətirə bilərəm. Yapon anası öz övladını böyüdəndə birinci olaraq çatdırır ki, sən öz şərəf və ləyaqətini çox yüksək tutmalısan. Çünki şərəfinə dəyən hər hansı bir zərərə görə, şərəfinə toxunan hər hansı bir sözə görə və yaxud hərəkətə görə sən xarakterizə edilirsən. Yapon üçün şərəfdən yüksək bir şey yoxdu. Azərbaycan anası da öz övladını elə böyüdür. Ya çeçen, ya da  yapondan heç də əskik deyillər.
Mübariz  İbrahimov, Fərid Əhmədov və Ramil Səfərov yüksək ləyaqətli övladlarımız deyilmi? Prezidentimiz dəfn mərasimində söylədi ki, minlərlə  Mübariz, Fərid  kimi oğullarımız var. Onların da hamısını biz analar böyüdürük. Azərbaycan anası həmişə övladı üçün nigarandır. Azərbaycan anası həddindən artıq emosionaldır. Ancaq qəhrəman oğullar böyütmək iqtidarındadır Azərbaycan qadını.

- Bəs müasir gəncliyimizin nəyə meyilli olması məsələsi sizi narahat etmir?

- Gənclikdə xoşunuza gəlməyən məqamlar varsa, biz onun təqsirini gənclikdə axtarmamalıyıq, onu özümüzdə, müəllimlərdə, siyasətçilərdə axtarmalıyıq. Əgər biz onları düzgün istiqamətləndirmiriksə, xaricdən, Şimaldan, Cənubdan, Şərqdən, Qərbdən gələn tendensiyaların qabağında bir milli-mənəvi müqavimət qüvvəsini formalaşdıra bilmiriksə, o təsirə qarşı bir acizlik yaranırsa,  günah bizdədir. Bunun üçün cəmiyyətdə politoloqlar, filosoflar işləməlidirlər. Mövcud tendensiyaların sabahı necə ola bilər? Bunu uşaqlarda axtarmaq lazım deyil. 16-17 yaşında gənc hələ hadisələrə dərk olunmuş münasibət bəsləyə bilmir. Ona gələn o təsirlərin və yaxud əks təsirlərin içərisində zərərlisini, zərərsizini müəyyənləşdirə bilmir. Burada böyük məsuliyyət düşür filosofların üstünə. Cəmiyyət içərisində hansı meyllər yüksələn xətt üzrə inkşaf eləməkdədir, bax, bunları araşdırmaq lazımdır . Mən çox təssüf edirəm ki, bu gün Azərbaycanda belə işlə məşğul olan mərkəzlər yox səviyyəsindədir. Böyük sosioloqlar işləməlidirlər. Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərdən çox danışırlar. Bəs, nədir milli- mənəvi dəyərlər?
Təkcə tarixən bizə çatan və qorumalı olduğumuz tendensiya deyil, dəyərlər hər gün yaranır. Bu gün Azərbaycan cəmiyyəti böyük bir ideologiya ilə inkşaf edir,  bu da Azərbaycançılıq ideyalogiyasıdır. Amma bu ideologiyanın içərisində də çox mühüm cəhətlər var. “Mən Azərbaycanlıyam” ifadəsi çox gözəl ifadədi, amma bunu qiymətləndirmək böyük qətiyyət, məsuliyyət  tələb edir. Gənc həmin ifadənin ruhunu yaşamalıdır. Onun ruhunu yaşatmaq isə birdəfəyə alınmır. İnsan dünyaya vətənpərvər gəlmir. İnsanı vətənpərvər  tərbiyə edirsən. Vətənpərvərlik hissi daimi tərbiyə olunan bir işdir. Çünki vətənin, insanların onun üçün etdiyi qarşılıqlı məsuliyət içərisində bir şəxsiyyət kimi formalaşmalıdır. O artıq şəxsiyyət kimi formalaşandan sonra problem qalmır. Amma bu gənclərlə işləmək  üçün güclü mərkəzlər lazımdır. Bu təkcə ali məktəb partalarıla kifayər eləmir. Ali məktəbə gəldi, dərsini oxudu, çıxdı getdi. Bəs sonra?  Bu böyük bir prosesdir. Bununla çox qurumlar məşğul olmalıdır. Bu təkcə Təhsil, Gənclər və İdman nazirliklərinin işi deyil. Böyük mərkəzlər lazımdır, çünki belə böyük mərkəzlər xaricdə var. Xaricdə o mərkəzlər var ki, onlar dünyanın müxtəlif ölkələrində olan insanların şüuruna təsir etmək, o şüurda dəyişikliklər etmək gücündədirlər. Bu gün dunyada gedən müharibələr insan kafası üzərində gedən müharibələrdir, torpaq uğrunda gedən müharibələr deyil. Bilirisiniz, bu gün bir məkan kimi torpaq üzərində müharibə getmir, çünki onu keçmək üçün qoşun, silah lazımdır. İnsan kafasını keçmək üçün informasiya virusları var, o informasiya virusunun ötürülməsi  kifayət edir ki, onun kafasını tutasın, kafasını işğal etdikdən sonra o insanın torpağını da, dövlətini də, tarixini də, sabahını da əlindən almaq olar.

- Gənclərin dinə olan meylini necə dəyərləndirirsiniz?

- Bilirsiniz, bundan qorxmaq lazım deyil. Bu gün cəmiyyətdə belə bir mövqe var, bir qurup çox dindardır, yəni dinə meyillidir, o biri qrup isə yox. Dinimiz bizim milli sərvətimizdir. Mən şəxsən tanrımı tanıyan bir insanam, düzdür, demərəm ki, bütun ayinləri gerçəkləşdirib yerinə yetirirəm, amma mən Ulu Tanrının varlığına inanan birisiyəm və dinin yüksək unversal dəyər olduğunu bilirəm. İnsanın taleyində, onun həyatında ən gözəl keyfiyyətlər aşıladığını qəbul edən birisiyəm. Dinin xürafata meyilləməsinə qarşı olanlardan biriyəm. Sevmirəm ki, insanlar o dinin yüksək mənəvi keyfiyyətlərini kiçildib xürafat şəklinə salsınlar. Ancaq müəyyən insanların dini əqidəsinə, etiqadına hörmət, bu, dövlətimizin siyasətidir. Dini fanatikliyi qəbul etmirəm. İnsanların dini fanatizmə yuvarlanmasını çox qorxulu bir tendensiya sayıram. Gənclərin dini gözəl  bilməsi, yəni dini dəyərləri düzgün qiymətləndirməsi üçün təhsil ocaqlarında dinin normal, düzgün tədrisinə böyük ehtiyac var. Din mədəniyyətin tərkib hissəsidir. Bu baxımdanda bütün dünya dinləri haqqında məlumatı olan gənc heç vaxt fanatizmliyə meyl edə bilməz, heç vax mövhümata getməz. Bakı Dövlət Universitetində “Mədəniyyətşunaslıq” fənindən dərs deyirəm, orda bizim din tarixinə cəmi 4 saat vaxt ayrılır. Axı mən 4 saat ərzində dünya dinlərini necə tədris edə bilərəm. Burada tək islam deyil, buddizim, xristianlıq, dünyanın müxtəlif dinlərini bilmək lazımdır. Əgər gənc bunu bilmirsə, müqayisə imkanı yoxdursa, sözsüz ki, ona təqdim olunan hansısa bir dini ehkama, dini cərəyanın təqdim etdiyi nəyisə həqiqət kimi qəbul edəcək. Ona görə ki, onun müqayisə imkanı yoxdur. Onun mahiyyətinə varmadan qəbul edir, bu fanatizmə gətirib çıxarır.

- Bəzi məlumatlara görə, bir sıra dövlətlər məhz Azərbaycanda dini fanatizmin yayılmasını, Azərbaycanın dini baxımdan Əfqanıstan, Fələstin kimi olmasına çalışırlar.

- Bu çox ciddi məsələdir. Amma Azərbaycanda islamın öz modeli var. Bizi əhatə edən dövlətlərin hər birində özünün öz islam modeli var, ümumiyətlə unversal islam modeli yoxdur. Səudiyyənin öz modeli, Türkiyənin öz modeli, İranın öz modeli var. Azərbaycanda islam modeli tamam başqadır. Bizdə din dövlətdən ayrılıb, qəbul olunmuş sənədlər əsasında, bizim dini təşkilatlarımız normal fəaliyyət göstərir. Azərbaycanda qeydiyyatdan keçmiş nə qədər dini icmalar var, Qafqaz Müsəlmanları İdarəsi var. Bütün bunların hamısı tarixən mövcüd olan və bu gün də cəmiyyətin həyatında müsbət rolu olan dinin yaşaması deməkdir. Azərbaycan forması insanın  iradə azadlığına imkan verən bir formadı. Azarbaycan tolerant bir ölkədir, bizdə islam dinilə yanaşı, digər dinlər də çox normal fəaliyyət göstərir. Hansısa bir mənsubiyətdən söhbət getmir burada. Mən sizə bir şeyi deyim, sağımızda şiələrdir, solumuzda sunnilərdir. Hər birinin də öz modelini Azərbaycanda tətbiq etmək arzusu var. Ancaq Azərbaycanın modeli butun bu modellərin hər birindən üstundur. Çünki burada nə məhzəbilik var, nə hansısa bir dini cərəyanlara   meyillik. Burada bərabərlik prinsipi var. Bu da çox gözəl bir modeldir. Yəni sunni, şiə fərqi yoxdur, vəhabilik prinsipləri qəbul olunmur. Bunlardan çox uzaqda olan fərqli bir prinsiplərlə yaşayırıq. Bu da ilkin islama xas olan ən gözəl meyillərdir. Bu da islam parçalanmamışdan belə olub. Yəni Azərbaycanda bütun insanların bərabərliyi qorunur.

(ardı var)

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?