Modern.az

Bəs o “əjdaha”dan bizdə niyə yoxdu..?

Bəs o “əjdaha”dan bizdə niyə yoxdu..?

Ölkə

25 Noyabr 2010, 15:29

Ölkəmizin oyuncaq bazarı bərbad gündədir: “yad qəhrəmanlar” uşaqlarımızın “mədəni işğalı” ilə məşğuldur


Oyuncaq uşaqların körpəlik dostudur. Uşaqları oyuncaqsız təsəvvür edə bilmirik. Hər dəfə körpə olan evə gedəndə həmin uşağa balaca da olsa, oyuncaq almağa çalışırıq. Körpə ağlayanda onu oyuncaqla sakitləşdiririk. Bir sözlə, oyuncaqlar uşaqların həyatının ayrılmaz hissəsidir.

 Bəs onda uşaqlarımıza aldığımız oyuncaqların keyfiyyəti necədir?  Həmin oyuncaqlar standartlara nə dərəcə də cavab verir? Valideynlər uşaqlarına oyuncaqları neçə seçirlər?

Azərbaycanda ixtisaslaşmış oyuncaq mağazaları niyə yoxdur?

Ölkəmizə müxtəlif ölkələrdən oyuncaqlar gətirilsə də, bazarda əsasən Çin, Rusiya və Türkiyə malları liderlik edir. Lakin bu bazarda necə deyərlər, rənglər çox qarışıqdır. Oyuncaq biznesi sərfəli olsa da, burada heç də bütün qaydalara riayət edilmir. Əsas problem isə “Barbi”lərin, “Mişka”ların “Hörümçək adamın” keyfiyyəti ilə bağlıdır.

Azərbaycanın oyuncaq bazarında hazırda Çin istehsalı olan  keyfiyyətsiz və uşaqlara son dərəcə təhlükəli olan oyuncaqlar həddən artıq çoxdur. Uşaq oyuncaqları satan dükan sahibləri və satıcıların çoxu da satdıqları oyuncaqların keyfiyyətinə fikir vermirlər. Yalnız  bir məqsədləri var: başqalarının uşaqlarının gələcəyini təhlükə altına atılsa belə, gəlir əldə etsinlər.

Halbuki, bu bazar spesifik bazardır və dövlətin nəzarəti altında saxlanmalıdır. Bunun üçün hüquqi baza da mövcuddur. Uşaq oyuncaqları Nazirlər Kabinetinin 343 –cü qərarında məzmunu sertifikatlaşdırılan mallar siyahısındadır. Belə ki, bu mallar sərhədi keçən kimi sertifikatlaşdırılamlıdır. Amma bizdə, bun baxan hanı...

Apardığımız müşahidələr göstərdi ki, oyuncaq bazarında əməlli başlı hərc-mərclik hökm sürür. İlk növbədə oyuncaqların satıldığı məkanlar barədə:
Təsəvvür edin, gözəl “Barbi” kuklası böyüklər üçün satılan qadın alt paltarları düzülmüş geyim piştaxtalarının yanına düzülüb. Bir az o tərəfdə isə kartof və banan satılır. Bakıda oyuncaqları harda gəldi satırlar. Metro stansiyalarında, keçidlərdə...
Yöndəmsiz şəklidə yerə tökülən, üst-üstə yığılan oyuncaqlar, maşınlar, kuklalar heç də ürəkaçan mənzərə yaratmır. Bakıda sovet vaxtında ixtisaslaşmış oyuncaq mağazaları olub. İndi isə şəhərdə demək olar ki, belə mağaza yoxdur.

Çindəki “əjdahada”dan bizdə niyə yoxdu?

İkincisi, xaricdən gətirilən oyuncaqlar həmin ölkənin miflərini, mənəvi dəyərlər sistemini əks etdirir. Azərbaycan uşaqlarının müxtəlif film qəhrəmanları əks etdirən kuklalara marağı onların təsəvvürlərində ciddi iz qoyur. Odur ki, uşaq qəhrəmanları ilə bağlı oyuncaqlar ciddi şəkildə nəzərdən keçirilməlidir. Çünki “yad” qəhərmanların belə geniş bazara sahib çıxmasının digər adı mədəni işğal”dır. “Benten”, “Bakukan”, “Barbi”lər, digər “gəlmə qəhrəmanlar” bizim uşaqlar üçün heç bir tərbiyəvi əhəmiyyət daşımır, əksinə yad təsirlərin uşaq beyinlərinə transformasiyasına yol açır. Halbuki bizim milli “Cırtdan”lar, “Fatma”lar, “div”lər, “keçəl”lər, “Xoruz baba”lar, “Qoğal”lar, “əjdaha” lar heç də xarici “Barbi” “Şrek” və “Benten”lərdən geri qalmır. Sadəcə fantaziya və istək bu qəhrəmanları yeni texnoloji üslubda təqdim etmək imkanı verə bilər.

Bazarda narahatlıq yaradan digər məsələ malların keyfiyyəti ilə bağlıdır.

Valideynlərin oyuncaq seçərkən diqqətli olması və hər oyuncağı almaması, onların keyfiyyətinə fikir verməsi uşaqların gələcək sağlamlığı baxımından yaxşıdır.

Oğlan anası olan Könül Niftəliyeva bizimlə söhbətdə oyuncaq alan zaman ilk növbədə onun keyfiyyətinə diqqət yetirdiyini bildirdi. “Tərkibində zərəli maddələri olmayan oyuncaqlar almağa çalışırıq. Əsas keyfiyyətsiz oyuncaqlar plastik və tüklü oyuncaqlardır. Oğlan uşağı olduğundan maşınlara üstünlük verir və məncə onlarda o qədər də keyfiyyətsizliyə rast gəlmək olmur. Ümumilikdə hər nə alsam, keyfiyyətinə fikir verirəm. Əmisi oyuncaq işi ilə məşğul olduğundan çox vaxt Dubaydan ona oyuncaqlar gətirir. Düzdür, həmin oyuncaqlar Çin istehsalı olsa da, keyfiyyətli və sertifikatlıdırlar”.

Qız övladı olan Aynur Nəsirova da oyuncaq alan zaman ilk növbədə onun keyfiyyətinə fikir verdiyini bildirdi. “Bütün oyuncaqlar zərərli olsa da, bu insanlara bəraət vermir ki, istənilən oyuncağı alsınlar. Mümkün qədər orjinal oyuncaqlar almağa çalışıram. Məsələn, qızıma oyuncaq seçərkən onların tüklü və xırda detallarının olmamasına fikir verirəm”.

Amma Azərbaycanda heç də bütün valideynlər belə düşünmür. Keyfiyyətə deyil, qiymətə önəm verənlər daha çoxdur.

“Oyuncaqlar sertifikatlaşdırılmır”

Azərbaycanda oyuncaq bazarının uşaqların sağlamlığı baxımından pis vəziyyətdə olduğunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqlədi. “Uşaq oyuncaqları Nazirlər Kabinetinin 343 –cü qərarında məzmunu sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni 125 mal və uşaq oyuncağı Azərbaycan əmtəə bazarına daxil olmamışdan qabaq mütləq sertifikatlaşdırılmalıdır. Onlar yoxlanılmalı, təhlükəsizliyi təmin edilməli, sonra bazara buraxılmalıdır. Bu gün monitorinq aparsaq, görərik ki, 80 faiz oyuncaq sertifikatlaşdırılmayıb və Nazirlər Kabinetinin 343 saylı qərarı pozulub”.

 Eyyub müəllim onu da qeyd etdi ki, ölkədə olan çinlilər daha çox keyfiyyətsiz oyuncaqların satışı ilə məşğul olurlar. “Çinlilər harda gəldi belə keyfiyyətsiz oyuncaqlar satırlar. Üstəlik bu gün kəndlərə də gedib çıxırlar. Onlara gözün üstə qaşın var deyən isə yoxdur. Niyə...?”.

E.Hüseynov həm alıcıları oyuncaq seçərkən diqqətli olmağa çağırdı, həm də bir sıra məsləhətlər verdi. “Oyuncaqların tərkibində zərərli maddələr ola bilər, ona görə istehlakçılar oyuncaq alan zaman ilk növbədə onu qoxlasınlar, əgər ondan pis qoxu, rezin qoxusu gələrsə, almasınlar. Ağ tənzifi oyuncağa sürtsünlər, əgər onun rəngi çıxırsa, almasınlar. Oyuncaqdan qopan, uşağın boğazında qala bilən kiçik elementlər, üzərində iti şeylər varsa, həmin oyuncağı almasınlar. İstehlakçılar öz hüquqlarından istifadə edib oyuncağın istənilən sənədlərini-qiymət sənədlərini, sertifikatlarını tələb etmə hüququna malikdirlər”.

Hər bir valıdeyn öz hüquqlarını bilib, aldığı oyuncaqların sertifikatlarını tələb etsə, uşaqların gələcəyi təhlükə altında qalmaz. Həm də bununla keyfiyətsiz oyuncaq satanlara qarşı aparılan mübarizə tez bir zamanda öz nəticəsin verər”.

...Bakıda bir vaxtlar –sovetlər dönəmində oyuncaq də fabriki olub. Sonradan bağlayıblar. Bizcə, bu fabriki “diriltmək” lazımdır. Nağıllarda olduğu kimi yox, həqiqətən....

 Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq