Modern.az

Tanınmış memar: “Televiziya qülləsi hər il 7 millimetr Bakının üstünə gəlir”

Tanınmış memar: “Televiziya qülləsi hər il 7 millimetr Bakının üstünə gəlir”

Ölkə

25 Noyabr 2010, 18:25

“Hər il televiziya qülləsi 7 millimetr Bakının üstünə gəlir. Bakının özü yavaş-yavaş, haradasa ildə 8 millimetr Türkan istiqamətdə sürüşür. Bu isə şəhərin həddən artıq yüklənməsinin nəticəsidir. Bakının ərazisi artıq yorulub ”.
Bu sözləri  Azərbaycan Həmkarlar İttifaqının rəsmi saytına açıqlamasında əməkdar memar, Bakının köhnə Baş planının müəlliflərindən biri Emil Axundov deyib.

Onun sözlərinə görə, Bakını Xırdalan şəhərindən Şamaxı istiqamətində, Şıxovdan Salyan istiqamətinə, Sumqayıtdan şimal istiqamətə, Əhmədli zonasından Zığ istiqamətinə genişləndirmək mümkündür. “Bakının mövcud infrastrukturuna toxunmadan bu işlər görülsə, bugünkü problemlərin bir hissəsi həll edilə bilər. Bu işlər regionun xüsusiyyətləri nəzərə alınmaqla görülməlidir. Sadaladığım istiqamətlərdə şəhəri genişləndirmək, gözəl prospektlər yaratmaq, yeni binalar tikmək mümkündür. Lakin həmin binalar hazırda tikilənlər kimi hündürmərtəbəli olmalı deyil”-deyə o bildirib.

Şəhərdəki hündür mərtəbəli binaların inşasına qarşı çıxan memar deyib ki, göydələnlər Bakıya məxsus olan memarlıq deyil. “Bakı belə ağırlığa davam gətirə bilməz. Bakıda ancaq 4-5 mərtəbəli gözəl binalar tikmək olar. Bunun üçün ilk növdəbə körpülər, yollar, mühəndis-kommunikasiyalar inşa etmək lazımdır. Həmin infrastrukturları yaratmaq üçün köhnə metodlardan istifadə etmək düzgün deyil. XXI əsrin yeni texnologiyalarını tətbiq etməklə müasir bir şəhər qurmaq mümkündür. Yuxarıda sadaladığım istiqamətdə şəhəri genişləndirmək üçün dünyada tanınmış memarların, mühəndislərin fikirlərindən yararlanmaq olar”.

Onun fikrincə ancaq birmənalı olaraq əcnəbi mütəxəssislərin fikirləri əsasında şəhər yaratmaq da effekt verməz. Çünki Azərbaycana məxsus şəraiti, mövcud adət-ənənəni bu ölkədə yaşayanlardan başqa heç kəs bilməz.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi