Arxiv
5 Yanvar 2016, 11:09 | ÖLKƏ
ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA

Azərbaycanda çoxpartiyalı sistemin əsası müstəqillik əldə ediləndən bir neçə il sonra qoyulsa da, indi bu sistemin ölkənin siyasi həyatına ciddi bir rol oynadığını söyləmək çətindir. Siyasi partiya minlərlə insanın hansısa bir ideologiyaya əsaslanaraq, birləşib hakimiyyət uğrunda mübarizə üçün qurulan, belə demək mümkünsə, orduya bənzəyir. Azərbaycanda zaman-zaman belə qüvvələr ortaya çıxıb, onların müəyyən bir dönəmdə siyasi cəhətdən təşkilatlanmaları hakimiyyət uğrunda mübarizədə effektli alınıb. Ancaq son illər siyasi partiyalar elektorat sarıdan o qədər kasıblaşıblar ki, onların siyasi mübarizəsi demək olar effektli olmur. Əlbəttə, hər təşkilatın uğur qazanmasında onun lideri ilə yanaşı, ətrafına cəmiyyətdə kifayət qədər tanınmış şəxsləri cəlb etməsi də ciddi rol oynayır. Amma indi siyasi partiyaların sıralarında belə adamlar ya yoxdur, ya da barmaqla sayılası qədər azdır. Bu səbəbdən də siyasi partiyaların yarandığı vaxtdan indiyədək üzvü olub sonradan bu və ya digər səbəblərdən uzaqlaşan tanınmışlarla bağlı araşdırma aparılmasına ehtiyac olduğu şübhəsizdir.

Modern.az saytı “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adı ilə araşdırma yazıların təqdimatına davam edir. Bu rubrikada növbəti araşdırmamız Azərbaycan Demokrat Partiyası (ADP) ilə bağlıdır

Azərbaycanın müstəqilliyini yenidən elan etməsindən sonrakı illərdə yaranan partiyaların əksəriyyəti hakimiyyətə gəlmək uğrunda aparılan mübarizədə uğur qazanmayıblar. Ancaq həmin partiyaların ayrı-ayrılıqda hər birinin müasir Azərbaycan tarixində öz yeri var. Bu sıraya Azərbaycan Demokrat Partiyasını da əlavə etmək olar.  Bu partiyanın ən başlıca özəlliyindən biri Naxçıvan Muxtar Respublikasında yaradılmasıdır.

ADP 1991-ci il yanvarın 26-da 27 nəfərin iştirakı ilə Naxçıvan şəhərində təsis olunub. Həmin il oktyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası  Nazirlər Kabinetində qeydə alınıb. “Siyasi partiyalar haqqında” qanun qəbul edildikdən sonra, 1993-cü il martin 14-də  ADP Ədliyyə Nazirliyində də qeydiyyatdan keçib. Elə həmin il partiyanın mərkəzi qərərgahı Bakı şəhərinə köçürülüb. 1994-cü ildə keçirilən birinci qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilib və 1994-96-cı illərdə ADP-nin ilk sədri olub.

1995-ci il sentyabrın 1-də Ədliyyə Nazirliyi ADP-nin qeydiyyatını ləğv edib. O zaman rəhbərlik bunun səbəbini partiyanın parlament seçkilərində iştirakının qarşısını almaq üçün siyasi sifariş olduğunu bəyan edirdi. ADP-nin qeydiyyatla bağlı beş ilə yaxın ardıcıl mübarizəsi nəticəsində 2000-ci il fevralın 3-də Ədliyyə Nazirliyi ADP-ni yenidən dövlət qeydiyyatına alıb.

"Avrasiya" qəzetinin vaxtilə keçirdiyi rəy sorğusu nəticəsində ADP apardığı siyasi mübarizəyə, demokratiyanın inkişafında qətiyyətli addımlarına görə 1997-ci ildə ilin siyasi partiyası seçilib.

Bu partiyanın yaranma məkanı kimi, sonrakı dövrlərdəki fəaliyyətinin də özünəməxsus məqamları az olmayıb. Məsələn, ADP-nin Naxçıvanda təsis olunma prosesində iştirak edən 28 təsisçidən iki nəfəri indi partiyada qalıb. Muxtar Respublikadakı təsisçilər ADP-nin Bakıya köçməsindən sonrakı illərdə obyektiv və subyektiv səbəblərdən partiyanı tərk ediblər.

Yolu ADP-dən keçmiş eks-məmurlar

Azərbaycanda siyasi partiyaların sayının çox olması, hətta ideoloji yönləri eyni olan partiyaların ayrı-ayrılıqda fəaliyyət göstərməsinin məğlubiyyətlərlə nəticələnməsi hər zaman gündəmə gəlib. Ancaq hər zaman partiyaların inteqrasiya məsələsi müxtəlif obyektiv və subyektiv səbəblərdən alınmayıb. ADP-ni bu mənada digər siyasi qurumlara nümunə göstərmək olar. Təsadüfi deyil ki, bəziləri bu partiyanı Azərbaycanın siyasi tarixində inteqrasiyanın pioneri və lideri hesab edirlər. 1996-cı il martın 30-da keçmiş baş prokuror və ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası, 1998-ci ildə eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi “Beynəlxalq Demokratiya və Ekologiya Fondu”, Demokratik Azərbaycan Partiyası, 2000-ci ildə isə Demokratik Yol Partiyası ADP-yə birləşib.



Ədalət Partiyası ADP ilə birləşəndən sonra partiyaya İlyas İsmayılov sədr seçilib. Keçmiş ədliyyə naziri 2000-ci il noyabrın 6-da yenidən öz tərəfdarları ilə ADP-dən ayrılaraq Ədalət Partiyasının bərpasına başlayıb. İlyas İsmayılov 2001-ci il iyulun 2-də Ədalət Partiyasının sədri seçilib.

Qeyd edək ki, Rəsul Quliyev də ADP-yə qoşulandan sonra partiyada həmsədrlik institutu təsis edilib, eks-spiker İlyas İsmayılovla birgə bu statusda olublar.

Azərbaycanın siyasi tarixində ilk dəfə olaraq 1998-99-cu illərdə hakim Yeni Azərbaycan Partiyasının beş üzvü və bir bitərəf deputat ADP-yə keçib.

Ancaq nə İlyas İsmayılov kimi təcrübəli adamın, nə də Rəsul Quliyev kimi maliyyə baxımından imkanlı şəxsin rəhbərlik etmələri ADP-nin hakimiyyətə gəlməsi ilə nəticələnməyib. Bu iki şəxsin də lider səviyyəsində təmsil olunmaları ADP-nin yalnız müəyyən dövrdə siyasi arenada mübarizliyinə stimul verməkdən o yana keçməyib.

Keçmiş spikerin Azərbaycana qayıdışı ilə bağlı bir müddət aparılan mübarizənin isə ADP-nin tarixində xüsusi yeri var. Bu mübarizə sayəsində ADP o dövrün ən təşkilatlanmış, ən öndə gedən, eyni zamanda müxalifət cəbhəsində sayılıb-seçilən təşkilata çevrilmişdi. Amma bizim məqsədimiz ADP-nin siyasi mübarizədəki uğursuzluğunun səbəblərini sadalamaq deyil. Digər tərəfdən, bizim bu rubrikada təqdim etdiyimiz faktlar özü sübut edəcək ki, bir zamanlar ADP-ni siyasi arenada güclü edən faktorlardan biri də zaman-zaman burada təmsil olunan şəxslər olub.

YAP-çı deputatların ADP-yə axını



Keçmiş spikerin qayıdışı reallaşmasa da, okeanın o tayındakı Rəsul Quliyevin tərəfdarları 1998-ci ildə bir yerə yığışmaq qərarına gəlirlər. Beləliklə, hakim partiyada bəlkə də indiyədək rast gəlinməyən ilk səs-küylü istefa dalğası baş verir. 1995-ci il seçkilərində YAP üzvü kimi Milli Məclisə deputat seçilən 5 nəfər 1998-ci ildə hakim partiyanı tərk etdikləri haqda bəyanat verərək ADP-yə keçirlər. Qeyd edək ki, keçmiş spiker həmin vaxt artıq ADP-nin həmsədrlərindən biri seçilmişdi. Onun tərəfdarları olduqca fəal şəkildə Rəsul Quliyevin okeanın o tayından rəhbərlik etdiyi partiyanın uğur əldə edəcəyinə inanırdılar. Bu səbəbdən keçmiş spikerin təbliğatı aparılır, hətta onun qayıdışı üçün yollar arayırdılar.

YAP-dan ayrılıb Rəsul Quliyevin arxasınca gedənlər isə bunlar idi: 100 saylı Şəmkir kənd seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Mahir Əsədov, 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilən (majoritar sistem üzrə) Şamil Yusifov (o, sonralar Azərbaycandan mühacirət edib, hazırda Londonda yaşayır), majoritar sistem üzrə 58 saylı Biləsuvar seçki dairəsindən mandat alan Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən (majoritar sistem) deputat seçilən Solmaz Ələsgərova və YAP-ın proposional sistem üzrə siyahısından Milli Məclisə üzv seçilən Zəminə Dünyamalıyeva.

Həmin axına qoşulanlardan biri isə Gəncədən bitərəf  kimi 1995-ci il seçkilərində qalib gələn Yusif Bağırzadə idi. O, hətta bir müddət ADP-nin Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi idi. Yusif Bağırzadənin bu partiyadakı fəaliyyəti 2003-cü il prezident seçkilərinin nəticələri ilə bağlı yekun qərarı imzalaması ilə başa çatdı. ADP həmin seçkilərdə Rəsul Quliyevin qərarı ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərə dəstək verdiyindən, Bağırzadənin bu addımı partiya siyasətinə zidd mövqe kimi dəyərləndirildi. Eks-spikerin arxasınca ADP-yə gələn daha bir keçmiş deputat, beləliklə, partiyadan birdəfəlik çıxarıldı.

Kommunist Partiyasının keçmiş katibi ADP-də



ADP-yə vaxtilə rəhbərlik edən tanınmışlar, eyni zamanda keçmiş vəzifə sahibləri təkcə İlyas İsmayılovla Rəsul Quliyev olmayıb. Bunların arasında 1987-ci ildə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi seçilən, 4 il sonra, 1991-ci ilin fevralından oktyabr ayına qədər Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini olan Telman Orucov da var. ADP-də katib olan Telman Orucov tarixə təkcə bir neçə yüksək vəzifələrə irəli çəkilməsi ilə yox, eyni zamanda 1991-ci il oktyabrın 18-də müstəqilliyin əleyhinə səs verənlərdən biri kimi də düşüb.

ARDNŞ-in vitse-prezidentinin də yolu ADP-dən keçib



Rəsul Quliyevin ADP-yə gəlişi eks-spikerin vaxtilə rəhbərlik etdiyi “Azneftyağ” İstehsalat Birliyində onunla birlikdə çalışanların bu partiyaya axınına səbəb olmuşdu. Onların arasında indi tutduğu vəzifəyə görə daha çox tanınan Xalik Məmmədov da var. Qəribədir ki, ARDNŞ-in Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə hazırki vitse-prezidentinin tərcümeyi-halında ADP-dəki siyasi fəaliyyəti ilə bağlı qeyd yoxdur.

Vaxtilə ADP-nin rəhbərliyində təmsil olunan Xalik Məmmədov indi Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rəsul Quliyevə görə ADP-yə gələn keçmiş polislər

Parlamentin keçmiş sədrinin ADP-yə gəlişi bu partiyanın hakimiyyətə gələ bilmək şansının olduğuna vaxtilə hüquq-mühafizə orqanlarında çalışanları da inandırmışdı. Onlardan biri Gəncə şəhərinin keçmiş polis rəisi Natiq Əfəndiyev idi. O, 1996-cı ildə polis rəisi vəzifəsindən gedəndən sonra nazir Ramil Usubovun Qəbələ rayonunda həmin vəzifədə işləmək təklifinə müsbət cavab verməmişdi. Bundan sonra 2 il Türkiyədə yaşayan Natiq Əfəndiyevin yolu iki dəfə həbsxanadan da keçib. Gəncənin keçmiş rəisi birinci dəfə 2000-ci ildə dövlət çevrilişinə cəhd (1994-cü il Gəncə hadilərinə görə) ittihamı ilə həbs edilərək ömürlük cəza alıb. Lakin Avropa Məhkəməsinin israrı ilə 5 il sonra, mart ayında əfv olunub.



2005-ci il parlament seçkiləri ərəfəsi Rəsul Quliyevin vətənə qayıdışına inananlar çox idi. Həbsxanadan çıxan keçmiş polis rəisi N.Əfəndiyev də siyasi fəaliyyətlə məşğul olmaq üçün ADP-yə üz tutmuşdu. Keçmiş spikerin qayıdışı üçün etdiyi cəhdlərin həmin vaxt uğursuz nəticələnməsi onun onlarla tərəfdarının üzünə həbsxana qapılarını açdı. Onlardan biri yenə Natiq Əfəndiyev oldu. O, qanunsuz silah saxlamaq ittihamı ilə yenidən 5 il azadlıqdan məhrum edildi. 2010-cu il oktyabrın 30-da azadlığa qovuşan Gəncənin keçmiş rəisi siyasətlə vidalaşıb ölkədən getdi. Yeri gəlmişkən, o, ADP-də hətta bir müddət sədr müavini kimi də fəaliyyət göstərib...

Polis orqanlarından uzaqlaşdırıldıqdan sonra ADP-yə üzv olan keçmiş polis rəislərindən biri də Şəmsəddin Əliyevdir. O, sonralar partiyadan uzaqlaşaraq İlqar Qasımovun rəhbəri olduğu “Azərbaycan Yolu” Siyasi Hərəkatına da qoşuldu.
Hazırda isə QHT rəhbəri kimi fəaliyyət göstərir.

Rəsul Quliyevin “oduna yananlar”



Keçmiş spikerə görə ADP-yə gəlib, yaxud onu bu partiyanın sədri kimi dəstəkləyib hakimiyyətin qəzəbinə toş olanlar arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Eldar Salayev və onun oğlu Elman Salayev də olub. 14 il akademiyaya rəhbərlik edən ata Salayev 2005-ci il oktyabrın 17-də ADP lideri Rəsul Quliyevin Bakıya dönməsi ilə bağlı planlaşdırıldığı iddia edilən dövlət çevrilişinin təşkilində ittiham olunaraq, keçmiş maliyyə naziri Fikrət Yusifovun izahatları əsasında saxlanılmışdı. Akademiyanın keçmiş prezidenti həmin il noyabrın 16-da isə səhhətindəki problemə görə həbsdən azad edilib.

Akademikin oğlu Elman Salayev isə 2006-cı ildə ADP-nin sədr müavini olub. 2003-cü il prezident seçkilərindən sonra partiyadan uzaqlaşan oğul Salayevin ABŞ-a mühacirətə getdiyi bildirilir. 

ADP-də Rəsul Quliyev erası başa çatır...

Rəsul Quliyevin qayıdışının fiaskoya uğraması ADP daxilində təlatümlərə səbəb olur. Bu proses 2007-ci ildə keçmiş spikerlə partiyanın ilk sədri Sərdar Cəlaloğlu tərəfdarları arasında qarşılıqlı ittihamların kəskinləşməsinə də gətirib çıxarır. Eks-spikerə simpatiyasına görə YAP-dan istefa verib ADP-yə keçən keçmiş deputat Zəminə Dünyamalıyeva hətta  Sərdar Cəlaloğlu ilə bağlı sensasiyalı açıqlama da verir: “Rəsul Quliyevin 2005-ci ilin parlament seçkiləri zamanı ölkəyə qayıdışı elə-belə plan deyildi. Bu planın əsasında Rəsul Quliyevin hakimiyyətə gəlişi yer almışdı. Sərdar Cəlaloğlu hakimiyyətlə oyuna gedərək həmin planı hakimiyyətə satdı. Mən öncədən Rəsul müəllimə demişdim ki, Sərdar ikibaşlı oyun oynayır və sizi çətin durumda qoyacaq. Təəssüf ki, Rəsul müəllim Sərdarın səmimi olduğuna inanmışdı. Planın satıldığını bildikdən sonra Rəsul Quliyev ADP-dən ayrılmaq qərarı verdi”.

Bu cür sərt ittihamaya səbəb isə Sərdar Cəlaloğlunun partiyanın sədrliyindən könüllü uzaqlaşan Rəsul Quliyev haqda dedikləri idi. O, həmin vaxt açıq-aşkar keçmiş spikerin artıq gücsüz siyasi fiqura çevrildiyini bəyan edirdi: “...Bəli, mən demişəm ki, Rəsul Quliyevin əvvəlki gücü yoxdur. Əgər ADP Rəsul Quliyevin vaxtında güclü idisə, Rəsul Quliyev də ADP-yə görə güclü idi. Bunlar bir-birini tamamlayan məsələlərdir. Biz ADP-ni Rəsul Quliyevin vəziyyətinə düşməkdən qorumuşuq”.



Sərdar Cəlaloglu bununla da kifayətlənməyib Rəsul Quliyevin Bakıya gələ bilməməsinin səbəbini onun qorxaqlığı ilə əlaqələndirirdi: “Mən Rəsul Quliyevə demişdim ki, Ukraynaya get? Özü uçdu ora, sonra da qayıdıb getdi Amerikaya. Hamı yaxşı bilir ki, onun qayıtması üçün burada hansı hazırlıq işləri görülmüşdü. Sərdar Cəlaloğlu satmışdısa, Zəminə Dünyamalıyeva qabağa düşüb onu gətirəydi. Boş və mənasız sözlər danışırlar. Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır. Bu adam ADP-dən ayrılandan sonra öz bacısı uşaqlarını belə tutdurdu”.

ADP daxilində 2007-ci ilin əvvəlində gərginliyin pik həddə çatmasının səbəbi Rəsul Quliyevin partiyanın sədri kimi Ali Məclisinin yenidən çağırılması haqda sərəncamı idi. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.

Beləliklə, ADP-də Rəsul Quliyev erası yavaş-yavaş başa çatdı. Eks-spiker vaxtilə YAP-dan ADP-yə axın edən tərəfdarlarını da başına yığıb Açıq Cəmiyyət Partiyası (ACP) yaratdıqlarını elan etdi. Hakim partiyadan ADP-yə gələn Akif Şahbazov Quliyevin okeanın o tayından idarə etdiyi partiyasına sədr seçildir, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mahir Əsədov və digərləri ora üz tutdular...

ADP-nin 2007-ci ilin aprel ayında keçirilən 9-cu qurultayında Sərdar Cəlaloğlu yenidən sədr seçildir.

Zəruri qeyd: ADP ilə bağlı bu yazının hazırlanması çox çətin başa gəlib. Ən başlıca səbəb isə Azərbaycanın müasir siyasi tarixində xüsusi yeri olan partiyaya bir zamanlar saysız-hesabsız tanınmışın üzv olmasıdır. Bunu nəzərə alaraq vaxtilə ADP-də müxtəlif vəzifələrdə təmsil olunan şəxslərin bəzilərinin yalnız adlarını sadalamaqla kifayətlənməli olduq.

Tahir Seyidov da partiyanın Naxçıvandakı yaradıcılarından biridir, uzun illər təşkilat məsələlərinə məsul olub, hazırda Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavinidir.

Uzun illər Müsavat Partiyası Naxçıvan şəhər təşkilatının sədri olan Meydan Babayev, Müsavat Məclisinin üzvü, 2003-cü il prezident seçkilərindən sonra bir müddət həbsdə yatan Ramiz Mirzəoğlu  (hər ikisi sonradan ACP-yə keçmişdilər)  ADP-nin ilk təsisçilərindən olublar.

Uzun illər ADP-nin “qayığında üzüb” sonra istefa verənlərdən biri Nurəddin Məmmədlidir. Onu keçmiş partiyadaşları hərdən 2003-cü il prezident seçkilərindən sonra tutulan Sərdar Cəlaloğlu həbsxanada olsa da,  ADP-ni atıb AXCP-yə getməkdə qınayırlar. Keçmiş ADP-çi indi AXCP-də də sədr müavinidir.

Qayıqdan söz düşmüşkən, ADP-nin embleminin ideya müəllifi Zöhrab Şamxalovdur. Hazırda partiyanın üzvü olmayan Şamxalov bu simvolu partiya təsis edilərkən yaradıb. Simvolda doğan Günəş fonunda açıq dənizdə avar çəkən qayıqçılar təsvir olunub.



ADP sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, 8 nəfərlik say Azərbaycan xalqının 8 etnosdan ibarət olmasına işarədir. Günəş sübh çağı yenicə çıxan rəngindədir. Bu isə o deməkdir ki, Azadlıq günəşi Azərbaycana hələ yenicə doğur. Günəşin üzərindəki xətlərdən ibarət sahə isə azadlığın Azərbaycanın payına düşən hissəsidir.
Həsrət Rüstəmovun sözlərinə görə, avarçəkənlər işlədikcə və gəmi irəli getdikcə onların azadlıq payı arta bilər. Bu da azadlıq və demokratiyanın birgə zəhmət tələb etməsinə işarədir. Eyni zamanda simvolda təsvir olunan gəmi Qobustan qayaüstü rəsmlərində təsvir olunan rəsmlərdən götürülüb. Bu da Azərbaycanın qədim yaşayış məskəni olmasına işarədir.

Tibb elmləri namizədi Zöhrab Şamxalov milli-azadlıq hərəkatı zamanı Azərbaycan Xalq Cəbhəsinin Moskvadakı nümayəndəsi olub. Sonradan Moskvadan Bakıya köçən Şamxalov uzun illər ADP rəhbərliyində təmsil olunub. O, artıq siyasi fəaliyyətlə məşğul olmur.

Tanınmış hüquqşünas, Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov siyasi baxışlarının fərqli olması səbəbindən ADP-dən getmək məcburiyyətində qalanlardan biridir.

Bir müddət ACP-yə sədrlik edən Vaqif  Mahmudov vaxtilə ADP-nin rayon təşkilatlarından birinin sədri olub.

Mütəllim Rəhimli də vaxtilə ADP-də təmsil olunub. İndi o, Ədalət Partiyasında – İlyas İsmayılovun yanında sədr müavinidir.

Yaqub Abbasov Demokratik Yol Partiyasının yaradıcısı və sədri olub. Sonradan bu partiya Azərbaycan Demokrat Partiyası ilə birləşib. Yaqub Abbasov 2007-cı ildə parlamentin keçmiş sədri Rəsul Quliyevin liderliyi ilə qurulan Açıq Cəmiyyət Partiyasının təsisçilərindən biri olub. O 2009-cu ilin sonuna kimi ACP-də sədr müavini, sonra isə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. O, sonralar ACP-dən də istefa verərək Böyük Britaniyadan siyasi sığınacaq alıb.

AXC hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikası Culfa rayon İcra Hakimiyyətinin icra başçısı işləmiş Ramiz Tağıyev də bir müddət ADP sıralarında olub.

2005-ci il parlament seçkilərində 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd, infarktdan qəflətən vəfat edən, Müstəqil Siyasətçilər Hərəkatının sədri Qeyrət Quliyev də vaxtilə ADP rəhbərliyində təmsil olunub.

2001-ci ildə ADP-nin Xəzər rayon təşkilatını yaratdığını iddia edən və uzun müddət sədri olan Balahüseyn Hüseynov sonradan bu partiyadan istefa verib.

2003-cü il prezident seçkilərindən sonra ADP sədrinin müavinləri Namiq Cavadzadə, Natiq CəbiyevCeyhun mühacirətə gediblər.

Vaxtilə ADP üzvü olub sonradan başqa partiyalara keçən rayon təşkilatlarının sədrləri, Rəsul Quliyevlə qohum olanlar da az deyil.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin ictimai məsələlər üzrə müavini Arif İsmayılbəyli 1988-ci ildə başlanan Xalq Hərəkatının Cənub zonasında əsas təşkilatçılarından və fəallarından olub.  1989-cu ildən təsis edilən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəallarından və  AXC Ali Məclisinin üzvü olub.  1992-1993 – Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. AXC hakimiyyətdən gedəndən sonra uzun illər ADP-nin Lənkəran rayon təşkilatının sədri olub. 2003-cü ildən VHP-nın üzvüdür.

Rusiyanın ədliyyə generalı ADP-nin Məclis sədri olub



ADP-yə gəlib-gedənlərin arasında kimlər olmayıb? Onların əksəriyyəti çoxdan unudulub. Ancaq nə qədər qəribə görünsə də, bunların arasında Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) keçmiş sədri, Rusiyanın ədliyyə general-leytenantı İlqar Qasımov da olub. 2015-ci ildə növbəti dəfə  “Avrasiya Hərəkatı” yaratmaqla gündəmə gələn Qasımov 1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra təxminən iki il bu partiyanın Ali Məclisinin sədri olub. O, demokratların sırasına Ədalət Partiyasının üzvü kimi gəlib.
ADP-nin indiki sədri Sərdar Cəlaloğlu müsahibələrindən birində deyib ki, Rusiyanın ədliyyə generalı sonra İlyas İsmayılova da xəyanət edib: “Onu partiyadan uzaqlaşdırdıqdan sonra Azərbaycanı tərk edib Rusiyaya getdi. Moskvada fırıldaq yolu ilə ədliyyə sisteminə daxil oldu və özünün dediyinə görə ədliyyə generalı rütbəsi alıb. Həmin status altında da çox maxinasiyalar həyata keçirib. Rusiya kəşfiyyatı da ardıcıl olaraq ondan istifadə edib. Mən onu çox yaxşı tanıyıram, yalançının, fırıldaqçının biridir. Onun ADP-dən çıxarıldıqdan sonrakı dövrlərdəki fəaliyyətini də izləyirəm. O, Rusiya kəşfiyyat orqanları tərəfindən “verbovka” olunan bir adamdır. İlqar Qasımov yalnız Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edir. Azərbaycandakı demokratik güclərin zəiflədilməsinə xidmət eləyən proseslərin içindədir”.

Aydın Quliyev ADP-dən iki dəfə çıxarılıb



“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin ADP-dən ayrılması da kifayət qədər qalmaqallı olub.  2005-ci il dekabrın 22-də ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının iclasında onun partiya sıralarından çıxarılmasına qərar verilib. Həmin qərarda bildirilirdi: “Aydın Quliyev partiyanın sədri, “Azadlıq” blokunun 36 saylı Xətai dördüncü seçki dairəsindən Milli Məclis deputatlığına vahid namizədi Rəsul Quliyevin seçki kompaniyasını pozmağa cəhd etdiyinə, partiyanın rəhbər qurumlarının çıxardığı qərarların əleyhinə mətbuatda əks-təbliğat apardığına görə partiya sıralarından xaric olunub”.

 Bundan sonra “üsyan” qaldıran Aydın Quliyev Sərdar Cəlaloğlunun özünün ADP-dən uzaqlaşdırılmasına nail olmaq istəyirdi: “Mən Sərdar Cəlaloğlunun partiyadan uzaqlaşdırılması üçün mübarizəyə başlayacağam və güman edirəm ki, mövqeyim partiya daxilində geniş dəstək qazanacaq”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru iddia edirdi ki, onun ADP sədri Rəsul Quliyevin və partiyanın siyasi kursunun əleyhinə təbliğat aparması barədə irəli sürülən ittihamlar ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun uydurmasıdır: “Mənim fəaliyyətimdə partiyanın siyasi kursuna və Rəsul Quliyevin imicinə zidd olan heç nə yoxdur. Amma Sərdar Cəlaloğlunun bütün vücudu və onun fəaliyyəti ADP sədri Rəsul Quliyevə böyük zərbə vura bilər”.

Aydın Quliyev bildirirdi ki, Sərdar Cəlaloğlu 1999-cu ildən bəri davamlı olaraq partiyanı məğlubiyyətlərə düçar edib: “Ona görə də Sərdar Cəlaloğlunun siyasi fəaliyyətini araşdırmaq və onu ADP sıralarından xaric etmək lazımdır”.

Eks-spikerə sadiqliyini sübut etməyə çalışan Aydın Quliyevin “üsyanı” onun və Rəsul Quliyevin tərəfdarlarının qələbəsi ilə nəticələnmir.

Aydın Quliyevə gəldikdə, ADP sıralarından iki dəfə xaric edilib. O, 1992-ci ildə ADP-dən çıxarıldıqdan sonra Demokratik Azərbaycan Partiyası (DAP) yaratmışdı. DAP ADP-yə birləşdikdə Aydın Quliyev yenidən ADP-yə üzv olmuşdu.

Yeri gəlmişkən, Aydın Quliyev 1992-1998-ci illərdə hakim partiyanın – YAP-ın da üzvü olub. 1998-ci ildə isə YAP-dan istefa verib və müxalifəti təmsil edən ADP-yə keçib. Rəsul Quliyev ADP-nin sədri olduğu dövrdə Aydın Quliyev bu partiyanın eks-spikerə yaxın aparıcı fiqurlarından biri sayılırdı. Quliyevçilərin Sərdar Cəlaloğlu ilə 2007-ci ildə münasibətlərinin gərginləşməsi və yollarının ayrılması prosesində Aydın Quliyev aktivlik nümayiş etdirib. Sonradan Rəsul Quliyevin və partiyanın siyasi kursunun əleyhinə təbliğat aparması barədə ittihamlarla üzləşərək ADP-dən çıxarılan Aydın Quliyev hazırda yenidən hakimiyyətə yönlüdür...

Rəsulçuların ADP-dən ayrılığı…

Eks-spikerin 2005-ci ilin parlament seçkiləri ərəfəsi Azərbaycana qayıdış cəhdini fiaskoya uğraması ilə başlayan ADP daxili gərginlik, Rəsul Quliyevlə Sərdar Cəlaloğlu tərəfdarlarının qarşılıqlı ittihamları 2007-ci ilin yazına qədər uzandı. Həmin ilin aprel ayında Rəsulçular ADP-nin bazasında Açıq Cəmiyyət Partiyası (ACP) yaradıldığını elan etdilər. Vaxtilə YAP-dan ADP-yə gələn deputatlar ACP-yə yollandılar. Aydın Quliyev burada sədrin müşaviri təyin edildi. Lakin o, Rəsul Quliyevin yeni partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmədi...

“Rəsul Quliyevin ADP-dən güc aldığını, ADP-nin hesabına reytinq topladığını iddia etmək üçün gərək bütün reallıq hissini itirmiş olasan. Rəsul müəllim ADP-yə şəxsən Sərdar Cəlaloğlunun xahişlərindən sonra gəlmişdi. Rəsul müəllim ADP-yə gələnədək bu ölkədə ADP adında partiyanın varlığı bilinmirdi. Rəsul Quliyev ADP-yə gəldikdən sonra YAP-dan 6 deputat, o cümlədən mən istefa verib bu partiyaya gəldim. Minlərlə insan məhz Rəsul müəllimin gəlişindən sonra ADP sıralarına qoşuldu. Halbuki, həmin insanların əvvəlcə belə bir partiyanın olmasından xəbərləri yox idi. Mən və digər keçmiş YAP-çı deputatlar ADP-yə Sərdar bəyə görə gəlməmişdik. Rəsul müəllimin gəlişinə qədər ADP adı olub, özü olmayan çoxsaylı partiyalardan biri idi. Rəsul Quliyevin hesabına bu partiya 2000-2005-ci illərdə Azərbaycanın 2-3 ən güclü partiyasından birinə çevrilmişdi. ADP Müsavat və AXCP kimi təşkilatlarla rəqabət aparacaq qədər güclənmişdi. Rəsul müəllimin hesabına Sərdar Cəlaloğlu neçə illər başını başlara qoşub liderlərlə eyni cərgədə dayanırdı”.



Bu, YAP-dan deputat seçilib sonradan ADP-yə keçən Zəminə Dünyamalıyevanın ayrılıqdan sonrakı fikirləridir. Kimin nə söyləməsindən asılı olmayaraq, ADP-nin Rəsul Quliyevin kölgəsində daha güclü göründüyü danılmaz fakt idi...

Eks-spikerin ABŞ-da mühacirətdə olduğu illərdə Azərbaycanın siyasi həyatında etmək istədiyi dəyişikliklərlə bağlı cəhdlərinin hamısının uğursuz nəticələnməsinin isə obyektiv və subyektiv səbəbləri olub. Bu uğursuzluqlarda isə onun ətrafına toplaşanların hər birinin bu və ya digər dərəcədə yanlışlığı var...

Sülhəddin Əkbər ADP-dən niyə qovulub?

Azad Demokratlar Partiyasının indiki sədri Sülhəddin Əkbərin siyasətə ilk gəlişi Azərbaycan Demokrat Partiyasından başlayıb. Lakin Sərdar Cəlaloğlunun Naxçıvanda qurucusu olduğu partiyanın sədr müavini seçilən Sülhəddin Əkbər heç kimlə məsləhətləşmədən İsa Qəmbər və digərləri sonradan Müsavatı bərpa edəndə bu partiyaya qoşulub. Qeyd edək ki, Müsavatın bərpası prosesi  AXC 1992-ci ildə hakimiyyətə gələndə gündəmdə olduğundan İsa Qəmbər gələcəkdə başqanı olacağı partiyaya o zaman tərəfdarlar toplayıb. AXC-nin hakimiyyətə gəlişi ilə Sülhəddin Əkbərin milli təhlükəsizlik nazirinin müavini təyin olunması ADP-nin qərarlarına tabe olmaması kimi dəyərləndirilib. Bundan sonra ADP-nin İdarə Heyəti onu partiyadan qovub.

Bu səbəbdən demək olar ki, Sülhəddin Əkbər ADP-yə gəlib-gedən ilk tanınmış siyasətçilərdəndir.

P.S. Araşdırma zamanı ADP-yə müxtəlif illərdə gəlib-gedən tanınmışlardan kiminsə adı çəkilməyə bilər. Bu səbəbdən həmin şəxslərlə bağlı məlumatı olanlar bu haqda Modern.az saytına yardımçı ola bilərlər. Onlara əvvəlcədən minnətdarlığımızı bildiririk.



Modern.az

***

Həmçinin oxu:

 AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA
http://modern.az/articles/64804/1/  

“Əli Əhmədov, Rəsul Quliyev, Novruz Məmmədov, Məmməd Araz AMİP-in üzvləri olublar” - AMİP Mərkəzi Şurasının üzvündən AÇIQLAMA
http://modern.az/articles/64963/1/ 

AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA
http://modern.az/articles/65191/1/

Müsavata gəlib-getmiş tanınmışlar - Onlar İsa Qəmbəri niyə tərk etdilər? - ARAŞDIRMA
http://modern.az/articles/65800/1/

YAP-a gəlib-getmiş tanınmışlar - Onlar hakim partiyanı niyə tərk etdilər? – ARAŞDIRMA
http://modern.az/articles/68150/1/ 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv