Modern.az

Məktəblərə hicabla bağlı rəsmi göstəriş verilib

Məktəblərə hicabla bağlı rəsmi göstəriş verilib

26 Noyabr 2010, 12:52

Bakıda hicablı qızların orta məktəblərə buraxılmaması məsələsi yenidən gündəmin aktual mövzusuna çevrilib. Bir neçə gün öncə təhsil naziri Misir Mərdanov hicab məsələsinə münasibət bildirərkən deyib ki, Azərbaycan məktəbində hamı dərsə məktəbli forması ilə gəlməlidir. “Lazim gəlsə, biz hicabla gələnlərin məktəbə daxil olmasına qadağa qoya bilərik”, - deyə Misir Mərdanov vurğulayıb.

Əgər nazirin mediaya verdiyi bu açıqlamaya qədər – yaxın günlərədək – Bakıdakı bəzi məktəblərdə hicablı qızlar dərsə buraxılırdılarsa, artıq onlara qarşı sərt addımlar atılıb.

Nazirin açıqlamasının ardından hərəkətə keçən direktorları ötən həftədən Bakıdakı məktəblərdə şagirdlərin dərsə hicabla gəlməsinə qadağa qoyublar.

Bəs məktəblərə hicablı qızların dərsə buraxılmamasına dair rəsmi göstəriş verilibmi? Modern.az saytı bu sualla Bakı şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət edib.
İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, BŞTİ-nin nəzdində 326 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir və onlara konkret tapşırıq verilib.
“Bütün ümümtəhsil məktəblərinin rəhbərlərinə taşırıq verilib ki, şagirdlərin məktəbli formasında dərsə gəlməsinə ciddi nəzarət etsinlər”-deyən Z.Əliqızının sözlərinə görə, bu, bütün şagirdlərə - birinci sinifdən 11-ci sinifədək - şamil olunur.  
”Direktorlara tapşırılıb ki, hər bir şagird məktəbə məktəbli formasında gəlməlidir. Məktəbli forması 1-4-cü siniflərdə vahid məktəbli geyimidi, o geyim artıq elan olunub. Qızlar üçün yubka, köynək, jilet və pencəkdən ibarətdir. Oğlanlar üçün şalvar, köynək, jilet və pencək. Bu məktəbli formasına başqa element daxil ola bilməz. 5-11-ci sinif şagirdləri 2011-2012-ci tədris ilindən etibarən vahid məktəbli geyimlərinə keçəcəklər”.
Z.Əliqızı deyib ki, hazırda 5-11-ci sinif şagirdləri üçün vahid geyim forması ilə bağlı müzakirələr aparılır.
”Biz həmin geyimi də ictimayyətə təqdim edəcəyik. Hələki hər bir məktəbin özünün 5-11-ci sinif şagirdləri üçün müəyyənləşdirdiyi məktəbli geyimi var. Şagirdlər həmin məktəbli geyimində dərsə gəlməlidirlər. Əlavə başqa bir element məktəbli geyiminə daxil ola bilməz”.

Mail Ağaxanov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu