Modern.az

“Ramiz Mehdiyevin məqalələrindən sonra ziyalılar tərpənirlər, az sonra yenə onları ətalət basır...”

“Ramiz Mehdiyevin məqalələrindən sonra ziyalılar tərpənirlər, az sonra yenə onları ətalət basır...”

26 Noyabr 2010, 13:35

Rəbiyyət Aslanova: “Müstəqillik gündəlik müdafiəyə ehtiyacı olan bir sərvətdir”

Modern.az saytının sualarını millət vəkili Rəbiyyət Aslanova cavablandırır.

- Bəzi məlumatlara görə bir sıra dövlətlər məhz Azərbaycanda dini fanatizmin yayılmasını, Azərbaycanın dini baxımdan Əfqanıstan, Fələstin kimi olmasına çalışırlar.

- Bu çox ciddi məsələdir. Amma Azərbaycanda islamın öz modeli var. Bizi əhatə edən dövlətlərin hər birində özünün islam modeli var, ümumiyətlə unversal islam modeli yoxdur. Səudiyənin öz modeli, Türkiyənin öz modeli, İranın öz modeli var. Azərbaycanda islam modeli tamam başqadır. Bizdə din dövlətdən ayrılıb, qəbul olunmuş sənədlər əsasında bizim dini təşkilatlarımız normal fəaliyyət göstərir. Azərbaycanda qeydiyyatdan keçmiş nə qədər dini icmalar var, Qafqaz Müsəlmanları İdarəsi var. Bütün bunların hamısı tarixən mövcüd olan və bu gün də cəmiyyətin həyatında müsbət rolu olan dinin yaşaması deməkdir. Azərbaycan forması insanın  iradə azadlığına imkan verən bir formadı.
Azərbaycan tolerant bir ölkədir, bizdə islam dinilə yanaşı, digər dinlər də çox normal fəaliyyət göstərir. Hansısa bir mənsubiyyətdən söhbət getmir burada. Mən sizə bir şeyi deyim, sağımızda şiələrdir, solumuzda sünnilər. Hər birinin də öz modelini Azərbaycanda tətbiq etmək arzusu var. Ancaq Azərbaycanın modeli bütün bu modellərin hər birindən üstündür. Çünki burada nə məzhəbilik var, nə hansısa bir dini cərəyanlara   meyillilik. Burada bərabərlik prinsipi var. Bu da çox gözəl bir modeldir. Yəni sünni-şiə fərqi yoxdur, vəhabilik prinsipləri qəbul olunmur. Bunlardan çox uzaqda olan fərqli bir prinsiplərlə yaşayırıq. Bu da ilkin islama xas olan ən gözəl meyillərdir. Bu da islam parçalanmamışdan belə olub. Yəni Azərbaycanda bütun insanların bərabərliyi qorunur. Mən hansısa bir təhlükə görmürəm. Başqa-başqa ölkələrin siyasətindən bizdə də ola bilər. Azərbaycanda xristianlığın  yayılmasına cəhd edən ölkələr var. Avropada qəbul olunmayan, fəaliyyəti qadağan edilən təriqətlərin Azərbaycanda yayılmasına istək və arzular var. Ancaq bizim də kifayət qədər gücümüz və qüvvəmiz var ki, öz mənəvi məkanımızı qoruyub saxlayaq.

- Dinin müxalifətçilərə sirayət etməsi məsələsi necə, təhlükəli deyilmi?

- Azərbaycanda dinə bu qədərə gözəl münasibət varsa, yəni dövlət siyasəti varsa, mən inanmıram ki, elə bir şey yarana bilər. Dini müxalifət o vaxt yaranır ki, dinlə əlaqadar bir problem  yaransın. Bilirsiniz, əgər siyasi müxalifət varsa, bunun ən böyük, ali məqsədi hakimiyyətə gəlməkdir. Dindarlar isə islam dövləti yaratmaq arzusu ilə gələcəksə, bu, mümkun olan bir şey deyil. Azərbaycan hüquqi, dünyəvi dövlətdir və onun keşiyində Azərbaycan Respublikasının Konstitusiyası durur. Azərbaycan vətəndaşları durur və onlar öz seçimini çoxdan ediblər.

Məsələ burasındadır ki, Azərbaycana  dost olmayan, Azərbaycanın uğurlarına sevinməyənlər bütün vasitələrdən istifadə edəcəklər ki, Azərbaycanın daxilində hansısa qeyri-sabit bir durum yaratsınlar. Azərbaycan vətəndaşı həmişə buna hazır olmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Bu gün Azərbaycan vətəndaşı tam əmin olmamalıdır ki, biz müstəqilliyimizi əldə etdik, biz siyasi, iqtisadi sabitlik içərisindəyik, hər bir şey yaxşıdır, sabah bir şey ola bilməz. Sabahkı təhlükələrə həmişə hazır olmaq lazımdır. Çünki dünya çox dəyişgən bir dünyadır. Azərbaycanı sevənlərdən çox sevməyənlər var, bu mövqe uğrunda gedən mübarizə göz qarşısındadır. Bu təhlükələr davam etməkdədir. Cənubi Qafqazda bu bölgu uğrunda gedən mübarizə hələ uzun müddət davam edəcək. Nəinki uzun müddət, mənə elə gəlir ki, bu daimi olacaq. Böyük proyektlərin mərkəzi buradır. Azərbaycana təziq üçün müxtəlif variantlar axtarılacaq. Bütün o variantların qarşısında durmaq, yarana biləcək hansısa bir təhlükəni qabaqcadan görmək üçün güclü politoloji və strateji mərkəzlər  lazımdır. Azərbaycan vətəndaşı da bu qabaqlayıcı tədbirlərdə fəal olmalıdır. Nəzərdə tutmalıdır  ki, müstəqilliyini hər an, özü də göz bəbəyi kimi qorumalıdır. Müstəqillik gündəlik müdafiəyə ehtiyacı olan bir sərvətdir. Artıq biz gələn il müstəqilliyimizin 20 illiyini qeyd edəcəyik. Bu 20 il ərzində Azərbaycan xalqının qazandığı o qədər böyük uğurlar var ki...
Növbəti illər üçün də yeni qazanılacaq uğurların əsasını qoymuşuq. Bir məsələni deməliyəm, Azərbaycan vətəndaşı milli yiyəlik hissinə sahib olmalıdır. Bundan başqa yolu yox.

- Bu istiqamətdə görülən işləri necə qiymətləndirisiniz?

- Bilirsiniz, mən bu gün Azərbaycan ziyalılığını günahlandırmaq istəmirəm. Amma hesab edirəm ki, artıq iş görməyin vaxtı gəlib çatıb. Hər kəs bu gün təşəbbüs irəli qoymalıdır. Azərbaycanın elmi potensialının bir problem ətrafında cəmləşməsi çox zəruridir:
2050-ci ilin Azərbaycan vətəndaşını bu mərkəzlər, bu ideyalar formalaşdıracaq. Pərakəndəlik, yaxud prosesin öz axarına buraxılmasının çox ağır nəticələri ola bilər. Düzdür, bu gün bizim çox yaxşı gənclər təşkilatlarımız var. Bunun özü də çox gözəldir.  Bu cür təşkilatların bir yerə cəmlənməsi lazımdır.  Elmi təşkilatlar, öndə olan ziyalılar müəyyən təkliflərlə çıxış etməlidir və bunu dövlətə təqdim etməlidir. Bu, belə olmalıdır. Dünyanın hər bir  yerində bu  mərkəzlər var, bunlar müəyyən təkliflərlə çıxış edir və dövlət də bunu maliyyələşdirir, yardım edir. Bu təklifi Dövlət Proqramı şəklinə salır. Ancaq bu gün bizdə qəribə bir vəziyyət yaranıb, Prezident Administirasiyası problemi bizə çatdırır. Ramiz Mehdiyevin yazılarında alimlər qarşısında vəzifələr əks olunur. Belə olmamalıdır, əksinə alimlər təkliflərlə çıxış etməlidirlər. Bu onu göstərir ki, bu gün yenə də yuxarı daha çox görür. Ramiz müəllim professordur, akademikdir, filosofdur, o, daha yaxşı görür. Amma onu Ramiz müəllimdən öncə aşağılarda olan alimlər hazırlayıb verməlidir Administrasiyaya...
Burada yenə də bir təzad yaranır. Ramiz Mehdiyevin məqalələrindən, irəli sürduyu təkliflərdən sonra ziyalılar bir az fəaliyyətə başlıyırlar,  fikirləşirlər ki doğurdan da bu, belədir. Bir az keçir, yenə də ətalət basır onları. Gözləyirlər yenidən Ramiz müəllimin çıxışını. Ramiz müəlimin çıxışından öncə biz verməliyik bu təklifləri.
Bu gün dünyada ən böyük böhran iqtisadi böhran deyil, ideya böhranıdır. Cəmiyyətə yeni ideyaların verilməsində böyük ehtiyac var. Saysız-hesabsız ideyalar verilməlidi. Hər ideya yaşamaq haqqı qazanmır ki... Yüzlərlə ideyanın içərisindən 2-3 yaşamaq hüququ qazanan ideya cəmiyyəti inkişafa apararsa, nə gözəl. Bu, davamlı olmalıdır.
Elm aləmində olan bu ətalət ona gətirib çıxarır ki, bu gün bizə yuxarıdan  təkliflər verilir. Biz zamanın sürətini düzgün qiymətləndirə bilmirik. Bizim fikrimizdə zaman ölçüsü hələ kommunizim ideologiyası kimidir. Halbuki, zaman bu gün çox sıxlaşıb. Çox güclü fəaliyyət tələb edir. Şərq ətaləti... Məhz Şərqin Qərbdən fərqi də bundan ibarətdir. Hələ ki dünya elminə tam inteqrsiya olmaq imkanımız yoxdur. Bəlkə fiziklərimiz, riyaziyyatçılarımız dünya elminə inteqrasiya edirlər. Amma hər hansı bir alimin yazısına dünyanın aparıcı universitetlərində rast gəlinmirsə, deməli, biz yoxuq. Biz zamanı düzgün qiymətləndirmirik.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir