Modern.az

Bazar ertəsi səhər Konstitusiya Məhkəməsinin, günorta Milli Məclisin iclası olacaq

Bazar ertəsi səhər Konstitusiya Məhkəməsinin, günorta Milli Məclisin iclası olacaq

27 Noyabr 2010, 09:16

Noyabrın 29-da saat 9.00-da Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun təxirə salınmış iclasında Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələ həll olunacaq. Modern.az-ın məlumatına görə, bazar ertəsi günün birinci yarısında Konstitusiya Məhkəməsi seçkilərin nəticəsinə dair yekun qərar verəcək, günün ikinci yarısında isə 4-cü çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

Saytımıza verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun təxirə salınmış iclası günün birinci yarısında öz işini yekunlaşdıracaq, ardınca hakim Yeni Azərbaycan Partiyasından deputat seçilmiş mandat sahiblərilə Prezident Administrasiyasında toplantı keçiriləcək. Daha sonra elə həmin gün, günortadan sonra yeni parlamentin ilk iclası çağırılacaq. İclasda Prezident İlham Əliyev də iştirak edəcək.

Xatırladaq ki, noyabrın 22-də Mərkəzi Seçki Komissiyası 7 noyabr parlament seçkisinin ümumi yekunlarına dair Dairə Seçki komissiyalarının protokollarını təsdiqləyərək Konstitusiya Məhkəməsinə təqdim edib. Seçki Məcəlləsinin 171-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədləri aldıqdan sonra 10 gün müddətində həmin sənədlərin qanuna uyğunluğunu yoxlayıb son qərar verməlidir..

Milli Məclisin Daxili Nizamnaməsinə görə, yeni seçilmiş parlamentin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra bir həftədən gec olmayaraq ilk iclas çağırılır. Milli Məclisin birinci iclasını ən qocaman deputat açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri seçilir. Sədr vitse-spiker vəzifəsinə namizədlər irəli sürür və gizli səsvermə ilə vitse-spikerlər seçilir. Eyni qayda ilə spiker komitə sədrləri vəzifəsinə namizədlər irəli sürür və onlar seçilir. Bununla da yeni Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi Partiyası (3 mandat), Ana Vətən Partiyası (2 mandat), Ümid Partiyası (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (1 mandat), Demokratik İslahatlar Partiyası (1 mandat), Böyük Quruluş Partiyası (1 mandat), Ədalət Partiyası (1 mandat), Vətəndaş Birliyi Partiyası (1 mandat) və Sosial Rifah Partiyası (1 mandat) qazanıb.

Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib. Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib. MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir