Modern.az

Jurnalistlər Tünzalə Ağayeva haqqında Modern.az saytına danışdılar

Jurnalistlər Tünzalə Ağayeva haqqında Modern.az saytına danışdılar

Reportaj

30 Noyabr 2010, 10:56


Şou nümayəndələri, onların şəxsi həyatları, eləcə də şou-biznes aləmində baş verən hadisələr insanları hər zaman maraqlandırıb. Geniş kütlə tanınmıs insanların iş həyatından çox, onların şəxsi həyatı, günlük yaşantıları, həyat tərzi, xarakteri haqqında daha çox informasiya toplamağa çalısır. Bu mənada tanınmış isanlarla tez-tez  kontaktda olan, müsahibələr alan, onların tədbirlərində istirak edən jurnalistlərin fikirləri xeyli maraqlıdır.

Modern.az saytı mədəniyyət yazarlarının tanınmış sənət adamlarını necə xarakterizə etməsi ilə bağlı layihəni davam etdirir.

Müğənnilər Röya, Rəqsanə, Nadir Qafarzadə və İlhamə Quliyevanı xarakterizə edən yazarlar, indi də Tünzalə Ağaveva haqqında fikir söylədilər. Beləliklə, “Tünzalə  necə müğənnidir, necə insandır və jurnalistlərlə münasibəti necədir” sualına mədəniyyət yazarlarının cavabları...

“Tünzalə stili olmayan müğənnidir”

Təranə Məhərrəmova – “Kaspi” qəzetinin əməkdaşı:
Tünzalə Ağayeva mənə elə gəlir ki, sitili olmayan müğənnidir. Son zamanlar dəbdə olan musiqi kimi caza meyl edir. Mənim fikrimcə bu, onun stili deyil. 
Jurnalist kimi onunla kontakda olmadığım üçün jurnalistlərlə münasibəti haqqında bir söz deyə bilmərəm. Amma müsahibələrini qəzet səhifələrində görmürəm, yəqin ki, jurnalistlərlə o qədər də sıx münasibətdə deyil.
Ünsiyyətdə olmadığım üçün şəxsi keyfiyyətləri haqqında da bir söz deyə bilmərəm”.

“Olduqca müəmmalı xarakteri var...”

Ramilə Qurbanlı – “Üç nöqtə” qəzetinin əməkdaşı:  
Tünzalə Ağayevanın digər bəzi şou nümüyəndələrindən fərqli olaraq musiqi təhsili var və yaxşı da mahnılar oxuyur. Olduqca da vətənpərvər xanımdı.
Tünzalə xanımın xarakteri  bir az müəmmalıdır. O, istər şəxsi həyatında, istərsədə iş həyatında etdiyi yeniliklərlə insanları bəəccübləndirməyi bacarır. Hətta gözlənilməz hərəkətləri də bu xanımdan gözləmək mümkündü və buna hec də təəccüblənmirsən. Tünzalə xanım ilə yola getmək bir az çətindi, mürəkkəb xarekterə malik insandı. Hər insan Tünzalə xanımla yola gedə bilməz. Ümumilikdə isə həm xanım kimi, həm ana kimi müsbət xanımdı.
Jurnalistlərə münasibəti pis deyil, heç vaxt ondan pis münasibət görməmişəm. Jurnalistlərə qarşı mehribandı, bir necə dəfə müsahibim olub, qəzetimizin şənbə qonağı rubrikasında redaksiyamızda olub. Tam səmimi insan tapmaq çətindi, amma nisbi götürdükdə, Tünzalə Ağayeva səmimidir”.  

“Bəzi xalq artistləri Tünzalədən çox şey öyrənməlidir”

Cəvahir Səlimqızı – “Mərkəz” qəzetinin əməkdaşı:
“Tünzalə Ağayevanın özünəməxsus səs tembiri və repertuarı var. Tünzalə xanım hər zaman öz bəstələrini ifa edir və hərdən xalq mahnılarına müraciət edir. Daha rəngarəng və maraqlı olmaq üçün yaxşı olardı ki, başqa bəstəkarların mahnılarına da müraciət etsin. Gündəmə gəlmək, xüsusilə də şəxsi həyatını gündəmə gətirmək üçün əldən-ayaqdan gedən müğənnilərdən deyil, həqiqi mənada səviyyəli, intellektual səviyyəsi olan müğənnidir. Tünzalə xanım həm özünə hörmət etməyi, həm də etdirməyi bacarır və səmimidi...
Tünzalənin mətbuat katibi jurnalistlərlə daim əlaqə saxlayır, hər hansı bir məlumatı almaq çətin olmur. Bu baxımdan Tünzalə işini düzgün qurub, jurnalistlər də qaçmır. İstər şəxsi həyatda, istər sənətdə, istərsə də jurnalistlərlə münasibətdə Tünzalə xanım üçün peşəkarlıq önəmlidir. Hesab edirəm ki, Tünzalə xanım özünə hörmət edən müğənni olduğu kimi, peşəkar jurnalistlərə də hörmət etməyi bacarır.
Tünzalə müğənni kimi öz sənətinə qarşı tələbkar və kaprizlidir. Amma bu xüsusiyyətini ətrafdakı insanlara qarşı müşahidə etməmişəm. Ən əsası budur ki, bu xanım özünə hörmət edir və hər hansı bir dedi-qodu səviyyəsinə enməyib. Hətta bəzi xalq artistləri ondan çox şey öyrənməlidir. Özünü aparmaq, özünə hörmət etmək, xanımlıq baxımdan Tünzalədən öyrəniləcək çox şey var. Mütaliəsi olan bir xanımdı, daim öz üzərində çalışır, maqazin verilişlərində də hər hansı boş söz-söhbətlər ilə yox,  bir layihə ilə görsənir. Heç vaxt qalmaqalla göndəmə gəlməyib”.

“Tünzalə tamaşacıya qapalı insan təsiri bağışlayır...”

Şahin Cavadsoy – “Trend” İnformasiya Agentliyinin əməkdaşı:
“Tünzalə xanım “Sevdi can səni ” layihəsi ilə tanındı, səhnəyə gəldiyi ilk vaxtlar da yadımdadı,  qapalı bir müğənniydi. O vaxt şəxsi həyatı ilə gündəmə gəldi. Keçmiş həyat yoldaşı ilə baş verən münaqişəsi medianın diqqətində olub. Amma indi Tünzalə  həqiqətən Azəbaycan üçün böyük işlər görən müğənnilərdəndir, ola bilər ki, sou-biznesin içində olmasın, amma həmişə Azərbaycanın, xüsusən də xaricdə yaşayan  diasporlar üçün təşkil olunan konsertlərdə, tədbirlərdə Azərbaycanın adına layiq çıxış edir, vətən sevgisinin nə olduğunu bilən müğənnilərdəndir. Hamı Tünzalənin vətənpərvərlik nümayiş etdirdiyini şahidi olur, onun Milli qəhrəmanlar haqqında yazdığı silsilə musiqilər yaradıcılığında xüsusi yer tutur. Mübariz İbrahimov haqqında yazdığı sonuncu musiqi vətəni sevənlər üçün bir çağırış himnidir.
Uzun illər əvvəl onun şəxsi həyatında olan problemlərə baxmayaraq, Tünzalə hər problemi həll etdi və bu gün Azərbaycanın əməkdar artistidir. Müğənni kimi öz nüfüzunu  qoruyub saxlayır, daha da inkişaf etdirib, öz üzərində işləyən müğənnilərdəndir. Tünzalənin özəlliyi ondadır ki, gələcəyə planlı addımlar atmağı bacarır.  
Desəm ki, bütün günü Tünzaləyə qulaq asıram, bu yalan olar. Amma Tünzalənin öz auditoriyası var və onlar üçün oxuyur, ən əsası odur Tünzalənin yanında peşkar insan var . Tünzalə yaradıcılığa başlayandan prodüsser Yalcın Cabbarovla birgə işləyir. Belə uzunmüddətli əməkdaşlıq Azərbaycan müğənniləri arasınada bir istisnadır. Məncə çox yaxşı iş birliyidir.
Bəlkə də Tünzalə tamaşacıya çox qapalı insan təsiri bağışlayır, amma əslində heç də qapalı deyil. Məncə Tünzalə ilə istənilən mövzuda  rahat söhbət etmək olar. Yaradıcı insanlara xas olan keyfiyyət, yəni kefinə uyğun davranmaq Tünzalədə özünü daha çox göstərir. Əhvalı yaxşı deyilsə, ona yaxınlaşmamaq daha yaxşı olar. Ümumulukdə isə rahat informasiya almaq mümkündü, mediaya qapalı insan deyil”. 

“Kütlə onun mahnılarını qəbul etmir….”.

Elşad Ümid- “Reytinq” qəzetinin əməkdaşı:
“Tünzalə elə ilk sənətə gəldiyi gündən öz üzərində işləyir. Çox müğənnilər toylarının sayını artırmağı fikirləşir, amma Tünzalə yaradıcılığına sənət baxımından yanaşır.  Bəlkə ola bilsin geniş kütlə onun mahnılarını qəbul etmir, hesab edirəm ki, mahnılarının bir qismi geniş kütlə üçün deyil. Ümumulikdə isə peşəkar müğənnidir.
Tünzalə dona girmir, necə var, elədir. Gündə qalmaqal yaradan, şayiə buraxan, sonra arxasında durmağı bacarmayan insanlar qeyri-səmimi ola bilər. Tünzalə xanımda belə məsələlər olmadığından onu səmimi hesab etmək olar. Vaxtilə ərindən ayrılanda belə hallar olub, artıq o hadisələr unudulub. Onun ehtiyacı da yoxdur qeyri-səmimiliyə şərait yaratsın.
Jurnalistlərlə münasibəti normaldır. Tünzalə xanım qalmaqallardan qaçır”. 

“Kaprizli müğənnidir…”

Tahirə Məmmədqızı - “Şərq” qəzetinin əməkdaşı: 
“Tünzalə Ağeyeva muasir estrada səhnəmizə fərqli bir imic gətirə bildi, özünəməxsus bir ifa tərzi var. Tünzalə həm bəstəkar kimi, həm də müğənni kimi fərqlənməyə çalışır. Tünzalə xanımın öz üzərində işləməsini çox bəyənirəm, yeniliyə cəhd edir.
Savadına inandığı jurnalistlərlə normal mqnasibəti var, amma ümumilikdə mətbuatı özünə yaxın buraxan sənətçi deyil. Hər jurnalistlə, hər mətbuat orqanı ilə ünsiyyətdə olan sənətçi deyil. Bilmirəm bunu mənfi xüsusiyyət kimi dəyərləndirmək olar, ya yox. Ona istədiyin anda yanaşmaq və yaxınlaşmaq hec də asan deyil. Bizim bir çox müğənilərimizdən fərqli olraq Tünzalə xanımda həm sənətinə, həm tamaşaçıya, həm də efirə qarşı məsuliyyət var və onun bu xüsusiyyətini çox bəyənirəm. Xüsusilə də qalmaqallardan uzaqdı. Fikrimcə onun bu yolu tutmaqda prodüsseri Yalçınının böyük rolu var. Xarakter baxımından Yalçın kompromisə getməyi bacaran insandı, prodüsser müğənni üçün yaxşı mənada çox şey edə bilər. Onların iş birliyi Tünzalə xanıma bir çox məqamlarda köməklik edir.
Tünzalə xanım intellekt baxımından da çox yüksəkdi. Ona qədər bir və ya bir neçə intellekti yüksək səviyyəli müğənninin adını çəkmək olardı, bunlar arasında xanım müğənnilər azlıq təşkl edirdi. Tünzalə xanım həm intellektualdır, həm də bu intellekti göstərə bilir. Tez özündən cıxandı, amma bunu efirdə göstərmir. Kamera arxasınada kifayət qədər aqressiv və  emosionaldır. Üstünlüyü ondadır ki, bu xüsusiyyətlərini efirdə biruzə vermir.
Son zamanlar modern musiqilərə üstünlük verməsi xoşuma gəlir, amma əvvəlki Tünzaləni daha çox bəyənirəm.  Tünzalə kaprizli müğənnidir, bununla belə səmimidir, amma baxır kimə. Tünzalə istər sənət adamı olsun, istər jurnalist olsun güvənirsə, ona qarşı səmimidir.
Təxminən yeddi-səkkiz il bundan əvvəl Tünzalə bizim qəzetin “Sənətçinin bir günü ” rubrikasının qonağı oldu, o vaxtlar Tünzalə təzə-təzə tanınırdı. Bütün günü, alış-verişdə, yeməkdə, studiyada onunla bir  yerdə olduq və mən Tünzaləni bir gün müşahidə etdim. Və onun səmimiliyini o vaxt gördüm, müəyyən vaxtlarda aqresivvliyi də, emosionallığı da olurdu. Tünzaləni digərlərindən fərqləndirən cəhət odu ki, o hər insanla səmimi deyil. İnsan var ki, hamıyla eyni münasibətdədir, yəni çilğındısa, çılğındı, səmimidirsə, səmimidir. Ancaq Tünzalə hər insana qarşı eyni münasibətdə deyil. İstənilən insan Tünzalənin nə dərəcədə səmimi, nə dərəcədə aqressiv olduğunu deyə bilməz.

Sədaqət Süleymanova  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir