Modern.az

Sumqayıt Dövlət Texniki Kollecinin 23 müəllimi mükafatlandırılıb

Sumqayıt Dövlət Texniki Kollecinin 23 müəllimi mükafatlandırılıb

21 Oktyabr 2009, 13:44

Oktyabrın 21-də Sumqayıt Dövlət Texniki Kollecin yaradılmasının 50 illik yubileyi münasibətilə şəhərdəki Səməd Vurğun adına Mədəniyyət Sarayında tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Mətanət Pirquliyeva “Kollecin dünəni və bu günü” adlı məruzə ilə çıxış edib.
Daha sonra şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev kollecin müəllim və tələbə kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. V.Əliyev respublikada iri və müasir sənaye müəssisələrinin yaradılmasında texniki işçilərin böyük əhəmiyyəti olduğunu və bu kadrların hazırlanmasında məhz vaxtilə Sumqayıt Kimya – Texnologiya Texnikumu adlandırılan bu kollecin böyük rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, ixtisaslaşmış kadrların formalaşmasında Sumqayıt Dövlət Texniki Kolleci üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Lakin, şəhər İcra hakimiyyətinin başçısı əldə edilmiş nailiyyətlərə baxmayaraq, kollecin işinin yeni müstəvidə qurulmalı olduğunu qeyd edib.
Çıxışından sonra V.Əliyev kollecin bir neçə əməkdaşını Sumqayıt şəhər İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.
Sonda təhsil naziri Misir Mərdanov çıxış edərək Sumqayıt Dövlət Texniki Kollecin 50 illik yubiley tədbirinin Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri silsiləsindən biri kimi qiymətləndirilməli olduğunu vurğulayıb. Respublikada təhsildə ön sırada olan Sumqayıtda bu sahədə çox ciddi işlər aparıldığını söyləyən M.Mərdanov bütün bunların təkzibedilməz fakt olduğunu qeyd edib. O, yubiley münasibətilə kollecin 13 müəllimini Təhsil Nazirliyinin təşəkkürü, 7 müəllimini Təhsil Nazirliyinin Fəxri Fərmanı və 3 müəllimini isə "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edib.
Kollec 1959-cu ildə Sumqayıt Kimya – Texnologiya Texnikumu adı altında yaradılıb. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 sentyabr 2002-ci il tarixli 878 saylı əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilərək Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Hazırda kollecdə 146 nəfər müəllim çalışır, 1141 nəfər tələbə təhsil alır. Kollecdə üç əyani – Avtomobil nəqliyyatı, Gömrük və laboratoriya diaqnostikası, Əmək təlimi və iqtisadiyyat və bir qiyabı şöbə fəaliyyət göstərir. Kollecin 19 tədris otağı, 7 laboratoriya və mexaniki-çilingər emalatxanası var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir