Modern.az

İqtisadçı ekspert: "Lisenziyası ləğv edilməli bankların sayı çoxdur"

İqtisadçı ekspert: "Lisenziyası ləğv edilməli bankların sayı çoxdur"

1 Dekabr 2010, 15:27

Vüqar Bayramov: “Mərkəzi Bank 2011-ci ildə  bank sektorunda  təmizləmə siyasəti həyata keçirməyə çalışacaq”

Mərkəzi Bank tərəfindən iki bankın lisenziyası ləğv edilib. Belə ki, minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni, cari fəaliyyətini etibarlı, prudensial qaydada həyata keçirmədiyinə, Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə “Debütbank” ASC  və “Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv olunub. MB-nın qərarı ilə  “Debütbank” və “Kövsərbank” ASC-lərə müvəqqəti inzibatçılar təyin edilib.

Xatırladaq ki, “Kövsərbank” ASC 1989-cu ildə “Universal Bank” kimi yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln. manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı 12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər təklif etməyib. Təsisçisi bir neçə yerli fiziki şəxs olan “Debütbank” ASC isə 1994-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7 filialı mövcuddur.  Bank son illər ərzində maliyyə göstəricilərini açıqlamayıb.

Mərkəzi Bankın son qərarlarına münasibət bildirən iqtisadçı-alim Vüqar Bayramov bank sektorunda analoji qərarların veriləcəyinin gözlənilən olduğunu deyir: “Hətta qlobal maliyyə böhranının birinci mərhələsi başlayan zaman (2008-ci ildə) fəaliyyət göstərməyən, eləcə də Mərkəzi Bankın minimum nizamnamə kapitalı  ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyən bankların lisenziyalarının alınacağı   proqnozlaşdırılırdı”.

Mərkəzi Bankın  kommersiya bankları üçün minimum nizamnamə kapitalını 10 milyon manat müəyyən etdiyin xatırladan V.Bayramov bir sıra bankların nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə yetirə bilmədiklərini söyləyir. İqtisadçı bildirir ki, hətta bəziləri tam şəkildə fəaliyyət göstərmirlər: “Lisenziyası ləğv edilən baklar heç də cari ildə Mərkəzi Bankın şərtlərini yerinə yetirə bilməyən banklar deyil. Son iki ildə “Debütbank” ASC  və “Kövsərbank” ASC-nin    fəaliyyəti  hiss edilməyib. Sadəcə Mərkəzi Bank  böhran dövründə bu bankların  lisenziyasını  geri almaqla   digər bankların fəaliyyətinə mənfi təsir göstərməkdən, banklara inamın azalmasından ehtiyatlanıb konkret qərar qəbul etməyib.  Artiq bank sektorunda müəyyən stabilləşmə meyilləri hiss edilməkdədir. Qlobal maliyyə böhranının birinci mərhələsi başa çatıb. Mərkəzi Bank minimum məcmu kapital tələbinə əməl etməyən, cari fəaliyyəti etibarlı olmayan, fəaliyyətini prudensial qaydada həyata keçirməyən   bankların lisenziyalarını geri almaq imkanlarına malikdir”.

V.Bayramovun qənaətincə, iki bankın lisenziyasının geri alınması bank sektoruna inamın azalmasına gətirib çıxarmayacaq: “Söhbət o banklarınlisenziyalarının ləğvindən gedir ki, onların bank sektoruna və sisteminə adiyyatı çox az idi. İki bankın lisenziyasının geri alınması kredit faizlərinin yüksəlməsinə də gətirib çıxara bilməz. Çünki onlar kreditə olan təbatın ödənilməsində iştirak etmirdilər”.

İqtisadçı deyir ki, 10 yaxın bank tam bank funksiyalarını yerinə yetirə bilmir: “Elə banklar var ki, Əmanətlərin Sığortalanması Fondunun belə üzvü deyillər. Bunun fonunda iki bankın lisenziyasının geri alınması Mərkəzi Bankın hələ də lisenziyaların geri alınmasının bank sektoruna mənfi təsir edəcəyindən ehtiyatlanmasına dəlalət edir. Hesablamalarımız göstərir ki, tam fəaliyyət göstərə bilməyən bankların sayi heç də iki deyil. Onların sayı kifayət qədərdir”.

Bu gün tam fəaliyyət göstərə bilməyən bankların sayının çox olduğu halda Mərkəzi Bankın yalnız “Debütbank” və “Kövsərbank”ın lisenziyalarını ləğv etməsinin səbəblərinə gəlincə, V.Bayramov deyir ki, MB prosesi mərhələli olaraq həyata keçirməyə çalışır. Mütəxəssis güman edir ki,  Mərkəzi Bank yaxın gələcəkdə də bankların lisenziyalarının geri alınması barədə qərarlar qəbul edəcək: “ Mərkəzi Bank 2011-ci ildə çalışacaq ki, nizamnamə kapitalını yerinə yetirə bilməyən, bank funksiyalarını tam həyata keçirmək imkanına malik olmayan bankların lisenziyasını geri almaqla təmizləmə siyasəti həyata keçirsin”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir