Modern.az

Türkiyənin media təmsilçiləri Bakıda...

Türkiyənin media təmsilçiləri Bakıda...

Mədəni̇yyət

1 Dekabr 2010, 19:34


Azərbaycana səfərə gələn Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. Nümayəndə heyətinin tərkibinə Türkiyə Cumhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakaya, qurumun təmsilçiləri Bahəddin Akyön, Abdullah Uzun, İsmail Kozan, həmçinin TRT-nin təmsilçiləri, Türkiyənin nüfuzlu ali məktəblərinin jurnalistika fakultələrinin mütəxəssisləri daxildir.

Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin tarixindən söhbət açıb. Bildirib ki, Azərbaycan ictimai fikri həmişə ümumtürk ictimai fikrindən qidalanıb. «Əli bəy Hüseyenzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi müştərək dühalarımız var» - deyə o bildirib.

Ə.Amaşov gənc müstəqil dövlət olan Azərbaycanın Türkiyə ilə münasibətlərində media faktorunu önə çəkib. Onun sözlərinə görə, hər iki ölkənin mediası müasir dövrdə bir sıra tarixi sınaqlardan üzüağ çıxmağı bacarıb. Müxtəlif siyasi proseslərə, o cümlədən Türkiyə və Azərbaycan arasındakı əlaqələrə maneə olan qüvvələrə qarşı ortaq mövqe nümayişini bacarıb.

Türkiyə mediasının Qərb mediasının mühüm tərkib hissəsi olduğunu deyən Şura sədri onun təcrübəsinin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu önə çəkib: «Azərbaycan Mətbuat Şurası Türkiyə təcrübəsinin öyrənilməsinə böyük önəm verir. Müxtəlif illərdə Şuranın təşəbbüsü və Türkiyənin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə hər iki ölkənin media təmsilçilərinin iştirak etdikləri konfranslar və seminarlar keçirilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərləri təşkil olunub», - deyən Ə.Amaşov bütün bunları qarşılıqlı əməkdaşlığın gücləndirilməsində vacib amillər kimi sadalayıb.

MŞ sədri hər iki ölkənin media sahəsindəki əlaqələrinin dərinləşməsində, səmərəli əməkdaşlığın qorunmasındakı xidmətlərinə görə Türkiyə Cumhuriyyəti Başbakanlıq Basın-Yayın və Enformasiyon Genel müdiri Murat Karakayanı Azərbaycan Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib. Mətbuat Şurasına təşəkkürünü bildirən cənab Karakaya Azərbaycana hər bir səfərin böyük əhəmiyyət daşıdığını bildirib. O deyib ki, müxtəlif sahələrdə birgə uğurlu nəticələr əldə edən ölkələrin media sahəsində də əməkdaşlığının sistemli xarakter alması zəruridir. Qarşılıqlı əlaqələrin mövcud durumuna toxunan M.Karakaya təmsil olunduğu qurumun təcrübəsinin Azərbaycan mediasında daha yaxından tətbiqi üçün zəruri tədbirlərə dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikr mübadilələri aparılıb.




Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir