Modern.az

Ramiz Mehdiyev: “Absurd teatrı mövsümü”

Ramiz Mehdiyev: “Absurd teatrı mövsümü”

Ölkə

3 Dekabr 2010, 11:02

Prezident Administrasiyasının rəhbəri, fəlsəfə elmələri doktoru, akademik Ramiz Mehidyev  erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma və yalanlarla çaşdırmaq cəhdlərini yeni elmi dəlillərlə ifşa edib. Modern.az-ın məlumatına görə, R.Mehdiyev Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını özünün yeni kitabında tarixi faktlarla sübut edib.

Ramiz Mehidyevin çapdan çıxmış “Gorus-2010: Absurd teatrın mövsümü” adlı yeni kitabında bu ilin oktyabr ayında Qərbi Azərbaycandakı Gorus şəhərində olan Ermənistan prezidenti Serj Sərkisyanın erməni tarixi və erməni dili ilə bağlı səsləndirdiyi absurd iddialara cavab olaraq mötəbər tarixi mənbələrə istinadən əsl həqiqət açıqlanıb.    
Məsələn, Sərkisyan iddia edib ki, guya erməni dilinin 8 min il yaşı var və bu guya erməni xalqının nə qədər qədim olduğunun göstəricisidir.

Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, linqvistikada qəbul edilmiş qaydaya əsasən, hay dili yüz seçim əlamətinə görə 11 qrupa və 44 dialektə bölünür.
“Dilçi mütəxəssislərin fikrincə, xalqın bu qədər çoxsaylı dil və dialekt şaxələrinin olması bunu deməyə əsas verir ki, hay dili bir xalqın dili deyildir. Bu, Ermənistan ərazisində qədim məzarlıqlarda tapılmış kəllələrlə də təsdiqlənir. Həmin kəllələrin baş göstəriciləri müasir ermənilərin baş göstəricilərindən kəskin fərqlənir. Ermənilərin 16 antropoloji tipə bölünməsi tədqiqatçıları heyrətləndirir. Bir xalqın bu qədər antropoloji fərqləri ola bilməz. Belə çıxır ki, haylar və ermənilər arasında əlaqə məsələsini cəsarətlə şübhə altına almaq olar. Ola bilsin ki, Ermənistan prezidentinin komandasında bu barədə fikirləşərək başa düşərlər ki, yaşayış məntəqəsi 200-300 il bundan əvvəl məhz Azərbaycan adına necə malik ola bilərdi”.

Akademik kitabda yazır ki,  ermənilər antropoloji baxımdan Cənubi Qafqaz xalqlarının tipinə uyğun gəlmirlər.
“Başqa bir məsələ barədə də fikirləşmək pis olmazdı. Ermənilər antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış antropoloji tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antopoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər”- deyə yazan R.Mehdiyev qeyd edib ki, ermənilərin diş – çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir.

Akademik həmçinin Ermənistanın qədim Azərbaycan yer adlarının qəsdən dəyişdirilməsi siyasətinə toxunaraq bunun heç bir məntiqə sığmadığını sübutlarla göstərir.

“Arsax” toponimi də “erməni” toponimi olmuş və əlüstü “Vararakn” adlı “erməni məskəni” uydurulmuşdur. Heç bir mənbədə “Vararakn” deyilən məskən adı çəkilmir. Əlbəttə, əgər ermənilərin tarixi saxtalaşdırmaq laboratoriyalarında belə bir şey uydurmağa və əsası Qarabağ xanları tərəfindən qoyulmuş Xankəndinin yerləşdiyi əraziyə bağlamağa hələ macal tapmayıblarsa, berdzor, karvaçar, kaşataq və bir sıra uydurma “qədim erməni” adları kimi, bu “vararakn” da erməni təbliğatının faydasız icadıdır. Məsələn, onlar Azərbaycanın işğal edilmiş Ağdam rayonunda qanunsuz arxeoloji qazıntılar zamanı aşkar edlimiş tikilinin bünövrəsinin ətrafındakı yeri özbaşına, ciddi elmi faktlara əsaslanmadan “Tiqranakert” adlandırmağı qərara almışlar. Sual edilir: nə üçün başqa ad deyil, məhz “Tirqanakert” və nə üçün başqa yerdə deyil, məhz bu yerdə? Təkcə ona görəmi ki, bu yer ermənilərin xoşuna gəlmişdir və tarixi saxtalaşdırmaq laboratoriyasının ilhaqçı planlarının həyata keçirilməsinə kömək etmək üçün ədətləri üzrə saxta şəhadətlərə və salnamələrə istinad edir və indi özləri də alimnüma görkəmlə bu mənbələrə istinad edir”.

Kitabda qeyd edilir ki, əvvəllər Azərbaycana (məhz Azərbaycana!) məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulub.
“Bizim dildə mənası olan bu toponimlərin erməni dilində heç bir mənası yoxdur. Bu toponimlər haraya yox olmuşdur? Şübhə yoxdur ki, elə həmin tarixi saxtalaşdırmaq laboratoriyaları bu suala cavab axtararkən Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Qarakilsə (Sisyan), Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Uluxanlı və ya Zəngibasar (Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli (Ararat qəsəbəsi), Gözlü Kəmərli (Metsamor), Üç-Müədzin (Eçmiədzin), Alagöz (Araqats), Göyçə (Sevan), Arpaçay (Axuryan) və yüzlərlə başqa keçmiş Azərbaycan toponimləri üçün minlərlə yeni “vararakn”lar icad edəcəklər. Az qala Nuh əyyamından qalmış yeni “qədim erməni” adlarınının guya qeydə alındığı saxta “salnamələr” üzə çıxacaqdır. Elə həmin laboratoriyalar işğal edilmiş şəhərlər və kəndlər üçün yeni adlar fikirləşib tapmış və bir müddətdən sonra Ermənistan rəhbərləri yüksək tribunalardan çıxış edərək yeni “vararakn”lar barədə dünyaya car çəkəcəklər. Ermənilər artıq Ukraynanın Lvov şəhərinin də adını dəyişdirərək onu Aryuts adlandırmaq istəyirlər!”

Akademik yazır ki, “erməni” mənşəli Arsax toponiminə gəldikdə isə, onun erməni dilinə və Ermənistanın erkən tarixinə heç bir aidiyyəti yoxdur. “Ermənistan prezidentinin Gorusda səsləndirdiyi tezis savadsızlıq dərəcəsinə görə adamı mat qoyur: “Bu yerin erməni adı – Arsax miladdan əvvəl VIII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Arqiştinin oğlu II Sarduri təsdiq etmişdir”. Əvvələn, I Arqişti və II Sarduri hay çarları deyil, Urartu çarları olmuşdur. Urartu və hay xalqları müxtəlif xalqlar olmuş və müxtəlif dil ailələrinə aid olan müxtəlif dillərdə danışmışlar. Görünür, Sarkisyan “yeri gəlmişkən” təkcə albanların deyil, həm də urartuluların mədəni-tarixi irsinə tamah salmışdır. Ikincisi, bu ad nə münasibətlə birdən – birə erməni adı oldu? Urartu çarı yalnız Arsax adını təsdiqləmiş, lakin onun erməni toponimi olmasını təsdiqləməmişdir! O yalnız qeyd etmişdir ki, belə bir vilayət var, vəssalam.  Belə çıxır ki, əgər Qafqazda Arsax adlı bir vilayət olması barədə Misir fironları və Çin imperatorları məlumat vermiş olsaydı, onda bu toponim həmin an Misir və ya Çin toponimi olacaqdı? Axı Arsax toponimi təkcə Bizans mənbələrində onun adının çəkilməsinə görə antik toponim olmamışdır!”.

R.Mehdiyevin Azərbycanın qədim və müasir xəritələrinin də verildiyi kitabı tarixçilər, politoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü