Modern.az

Pulqıran maşınlar...

Pulqıran maşınlar...

Ölkə

3 Dekabr 2010, 16:58

“Aqrolizinq” 6 ildə traktorların və kombaynların alınmasına üst-üstə 59,35 milyon, özünün maddi texniki bazasına 36 milyon manat xərcləyib


Azərbaycan hökuməti kənd təsərrüfatı sektoruna diqqət göstərməyi, bu sahəni inkişaf etdirməyi prioritet vəzifə elan edib. 2004-cü ildə "Aqrolizinq" ASC-nin yaradılması və dövlət vəsaitləri hesabına kənd təsərrüfatı texnikasının alınaraq lizinq yolu ilə fermerlərə satılmasını da bu istəkdən doğan addım hesab etmək olar. Üstəlik, hökumət hər il kənd təsərrüfatı məhsulları istehsalçılarının əkin zamanı sərf etdiyi gübrə və yanacaq xərclərini önləmək üçün hər hektara görə fermerlərə 40 manat həcmində birdəfəlik yardım da verir.

23 oktyabrı 2004-cü il tarixli prezident sərəncamı ilə yaradılmış “Aqrolizinq” ASC-nin bu yaxınlarda 6 yaşı tamam oldu. Bəs, bu 6 ildə nə dəyişdi? Milyonlarla vəsait hesabına xaricdən gətirilən texnika fermerlərin və kiçik torpaq sahiblərinin işinə yarayırmı? Bu texnikalardan nə dərəcədə səmərəli istifadə olunur?

Məhsuldarlıq üçün milyonlar...

Öncə onu deyək ki, dövlətin aqrar sektorda məhsuldarlığın artırılmasına göstərdiyi dəstəyin maliyyə məsrəfləri milyon manatlarla ölçülür. Təkcə bu ilin ilk yarısı ərzində dövlət büdcəsindən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” ASC-yə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılıb.

2009-cu ildə isə “Aqrolizinq”ə ayrılmış 37,5 milyon manatın 29,1 milyon manatı traktor, kombayn və digər kənd təsərrüfatı texnikasının, 3,9 milyon manatı texnoloji avadanlıqların, 4,5 milyon manatı isə mineral gübrələrin alınmasına sərf olunub.

Bununla belə, “Aqrolizinq” vasitəsilə xaricdən alınıb ölkəyə gətirilmiş kənd təsərrüfatı texnikasının heç də hamısının lizinqə verilmədiyi barədə məlumatlar var. Hətta  indiyədək alınmış kombayn, traktor, ekskavator və digər texnikanın cəmi 40 faizinin lizinq yolu ilə satıldığı deyilir. Yerdə qalanı isə servis xidmətlərinin anbarlarında saxlanılır.

Xatırladaq ki, səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan “Aqrolizinq” ASC-yə ilk vaxtlar İqtisadi İnkişaf Nazirliyi nəzarət edirdi. 2009-cu il iyulun 21-də isə ölkə başçısının sərəncamı ilə qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi.

Dövlət başçısı indiyədək ASC-nin funksiyalarının genişləndirilməsinə dair 3 dəfə (2007, 2008, 2009-cu illərdə) sərəncam imzalayıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” dövlət büdcəsi hesabına alınan texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərtilə lizinqə verir. “Aqrolizinq”in həmçinin gübrələri - superfosfat, azot gübrəsi və pestisidlər -  damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmaq səlahiyyəti var.

Hazırda "Aqrolizinq"in rayonlarda aqroservis filialları, Bakı Mərkəzi Təchizat Bazası və 4 rayonlararası təchizat bazası fəaliyyət göstərir.

“Traktor almaq istədim, amma...”

Bərdədən olan fermer Əfqan Məmmədov deyir ki, lizinq yolu ilə texnika almaq üçün bir neçə dəfə “Aqrolizinq” ASC-nin rayon filialına müraciət edib. Ancaq hər dəfə müxtəlif maneələrlə rastlaşıb. Fermer üzləşdiyi maneəni 2 səbəblə əlaqələndirir: Lizinqə verilən texnikaların qiymətinin bahalığı və rayona gətirilən texnikanın bir neçə nəfərin əlində cəmləşməsi.

Müsahibimiz söyləyir ki, “Aqorlizinq”in fermerlərə təklif etdiyi “Belarus” traktorunun təkcə özünün satış qiyməti 36 min 500 manatdır. Kotanla bir yerdə isə  qiymət təxminən 38-40 min manatadək yüksəlir. Ən kiçik traktorun qiyməti isə 11-14 min manat arasında dəyişir. Amma bu traktorların gücü çox zəif olduğundan onlar yalnız kiçik torpaq sahələri üçün yararlıdır.

Kombaynların qiyməti modifikasiyasından və istehsal olunduğu ölkələrdən asılıdır. Əfqan Məmmədov deyir ki, Rusiya istehsallı traktorlar 57-60 min manata satılır. Finlandiya istehsalı olan kombaynların qiyməti 80 min manat, Almaniyadan gətirilən eyni texnika isə 120-150 min avrodur.

Əfqan Məmmədov texnikaların lizinqə verilməsində fermerlərdən rüşvət istənildiyini də deyir: “Şəxsən mənim özüm hələ iki il əvvəl lizinqlə traktor almaq istədim. Aqorservis xidmətinə müraciət elədim. Bir ay məni get-gələ saldılar, lazım olan sənədləri topladım, axırda 1500 manat istədilər. Dedilər, yuxarının razılığını almaq üçün vasitəçiyə hörmət eləmək lazımdır”.

Müsahibimizin sözlərinə görə, bu cür qeyri-rəsmi ödəmələr, bürokratik əngəllər sadə fermerlərin lizinq yolu ilə texnika almaq imkanlarını məhdudlaşdırır: “Tövləmdə bir-iki baş inəyim var, satıb traktor almaq istədim. Amma sonra gördüm özbaşınalıqdır, traktor öz qiymətindən 2 min manata qədər baha başa gəlir. Ona görə də əl çəkdim”.

Texnika bir qrup adamın ixtiyarındadır

Bərdədə həmsöhbət olduğumuz fermerlərin dediyinə görə, “Aqrolizinq”in rayondakı aqroservis xidmətlərində müxtəlif markalı kombayn və traktorlar, otbiçən, otbağlayan, otyığan, çiyidsəpən, taxılsəpən, gübrəsəpən, çiləyicilər və digər aqreqatlar olsa da, hamı onlardan istifadə edə bilmir. Çünki rayon icra hakimiyyətinə yaxınlığı ilə seçilən şəxslər bir neçə ad altında kəndli-fermer aqroservis xidmətləri yaradaraq texnikaları öz əllərində cəmləşdiriblər. Bu aqroservis xidmətləri isə həmin texnikaları digər fermerlərə və pay torpaqlarını əkib-becərənlərə yüksək qiymətə icarəyə verib özləri üçün pul qazanmaq məqsədi seçiblər.

Onu da qeyd edək ki, ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından olan Bərdədə "Aqrolizinq" ASC-nin cəmi 43 texnika və aqreqat var. Bunlardan 27-si əkin traktoru, 4-ü səpin aqreqatı, 9 taxılbiçən kombayn, yerdə qalanı isə kiçik aqreqatlardır. Həmçinin “Fərid”, “Azal” və “Şakir” kəndli-fermer təsərrüfatları da öz öhdəsində olan texnikaları torpaq payçılarının pullu xidmətinə verir.

Amma dövlət vəsaiti ilə xaricdən alınan texnikalardan istifadənin qiymətlə bağlı Bərdənin öz tarifləri var. Məsələn, “Aqolizinq” ASC-nin müəyyən etdiyi tarif cədvəlinə görə, 1 hektar taxıl sahəsinin biçilməsi üçün vətəndaşlar 27 manat ödəməli olduğu halda,  Bərdədə torpaq payçıları bu xidmətə görə ən azı 40 manat ödəyir. Hətta biçinin qızğın dövründə bu qiymət 45-50 manatadək qalxır.

Bundan başqa, “Aqrosevis” ASC-nin Bərdə filialının istismarında olan texnikalarda tez-tez baş verən nasazlığın aradan qaldırılması həmin texnikanı bir neçə saatlıq icarəyə götürən kəndlilərin üzərinə düşür. Filialın rəhbərliyi texniki qulluq işləri, maşın mexanizmlərin işlək, tam hazır vəziyyətdə olmaması ilə maraqlanmır.

“Aqrolizinq” narahatlıqları gizlətmir də...

Bərdəli fermerlərin narazı və narahatlığının səbəbsiz olmadığını “Aqrolizinq”in texnikalardan istifadə vəziyyətinə dair rəsmi məlumatları da təsdiqləyir. Səhmdar Cəmiyyətdə bildirirlər ki, indiyədək “Aqrolizinq” ölkəyə gətirdiyi kənd təsərrüfatı texnikalarının heç də hamısını lizinqə verməyib.

Belə ki, ASC-nin 6 ildə aldığı 990 taxılyığan kombayndan cəmi 93-ü, 2767 traktordan isə 1299-cu lizinq yolu ilə satılıb. Ümumilikdə Səhmdar Cəmiyyətin dövlət vəsaiti hesabına aldığı 10 min 334 kənd təsərrüfatı texnikasından cəmi 4 min 254-ü lizinq yolu ilə satmaq mümkün olub. Yerdə qalan 6 min 80 texnika ya fermerlərə icarəyə verilib, yaxud da aqroservis mərkəzlərinin anbarlarında saxlanılır. Bu texnikalar 55 rayonda aqroservis filiallarının nəzdindəki 100-dən artıq mexanikləşdirilmiş dəstələr vasitəsilə fermerlərə pullu xidmət göstərir. Həmin dəstələr isə qazandıqları böyük məbləğli vəsaitlərdən çox cüzi miqdarda ASC-yə icarəhaqqı ödəyirlər.

Xərclər ildən-ilə çoxalıb, məhsuldarlıq isə azalıb

Rəsmi məlumata görə, “Aqolizinq” fəaliyyətə başladığı 2005-ci ildən indiyədək dövlət vəsaiti hesabına 10334 ədəd kənd təsərrüfatı texnikası alıb. Bunlardan 990-ı taxılyığan kombayn, 2767-si müxtəlif gücə malik traktor, 140-ı ekskavator, 6437-si müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqulardır.

Son 6 ildə "Aqrolizinq"ə dövlət büdcəsindən, Prezidentin Ehtiyat Fondundan, Dövlət Neft Fondundan və Yaponiya hökumətinin ayırdığı qrant və təkrar vəsait hesabına ümumilikdə 328,9 milyon manat vəsait ayrılıb. Bu vəsaitlərin 161 milyon manatı təkcə texnikaların və texnoloji avadanlıqların alınmasına xərclənib. Traktorların alınmasına 55,46 milyon, taxılyığan kombaynlara 3,89 milyon, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarına 28,02 milyon, texnoloji avadanlıqların alınmasına isə 25 milyon manat sərf olunub.

Bundan başqa, ASC-yə ayrılan vəsaitlərdən mineral gübrə və pestisidlərin alınmasına 85,72 milyon, buğda toxumlarının alınmasına 4,12 milyon, cins damazlıq heyvanların alınmasına 9,5 milyon, cəmiyyətin fəaliyyətinin təşkilinə və maddi texniki bazasının yaxşılaşdırılmasına 35,99 milyon manat xərclənib. Beləliklə, “Aqrolizinq” son 6 ildə traktorların və kombaynların alınmasına 59,35 milyon, təkcə özünün maddi-texniki bazasına 36 milyon sərf edib.

"Aqrolizinq"in 6 ildə xərclədiyi vəsaitlərin xülasəsi

İllər

Ayrılan vəsaitlər, min manat

2005

25,0

2006

41,6

2007

44,33

2008

94,92

2009

74,29

2010

46,6 + 2,1 (Yaponiya hökumətinin ayırdığı qrant)

Maraqlıdır ki, 6 ildə “Aqrolizinq” vasitəsilə kənd təsərrüfatının inkişafına yönəldilən 328,8 milyon manat məhsuldarlığın səviyyəsi baxımından da gözlənilən nəticəni verməyib. Belə ki, 2004-cü ilə müqayisədə 2009-cu ildə Azərbaycanda taxıl üzrə məhsuldarlıq cəmi 0,1 sentner artıb. 2008-ci illə müqayisədə isə ötən il bu sahədə məhsuldarlıq 4,7 faiz aşağı düşüb.

Halbuki 2009-cu ildə təkcə ASC vasitəsilə bu istiqamətə xərclənən vəsaitlərin həcmi 2005-ci ildəkindən 49,29 milyon manat çox olub.

Məhkəmə mənimsəmə faktlarını təsdiqləyib

İldən-ilə artan xərclərin məhsuldarlığın səviyyəsində özünü göstərməməsi, əksinə istehsalın aşağı düşməsindən sonra, deyəsən, hökumət qurumları da narahat olmağa başlayıblar. Bu narahatlıq bölgələrdə aqroservis mərkəzlərinin fəaliyyətindəki qüsurların üzə çıxarılması ilə yekunlaşıb. Belə görünür ki, günahkarların cəzalandırılmasına 2008-ci ildən start verilib.    

2008-2009-cu illərdə aparılan araşdırmalarda “Aqrolizinq”in nəzdindəki “Aqroservis” ASC-nin Qusar və Ağcabədi rayon filiallarında 123 min manat həcmində dövlət əmlakını mənimsəmə haqqında məlumat ortaya çıxıb. “Aqrolizinq”in mətbuat xidmətinin rəhbəri  Pirvəli Həsənovun dediyinə görə, bu qanunsuzluqla bağlı Səhmdar Cəmiyyətinin rəhbərliyi özü Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Fakta görə “Aqrolizinq”in Qusar rayon filialının müdiri 9 il azadlıqdan məhrum edilib.

Ağcabədi rayon “Aqroservis” filialının rəhbəri Qasım Kərimov barəsində cinayət işinin istintaqı da Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2009-cu ilin əvvəlində aparılıb.

Müəyyən edilib ki, Ağcabədi rayon “Aqroservis” filialına ayrılmış gübrələr filialın müdiri tərəfindən anbardan, bir çox hallarda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılaraq əldə olunmuş 307260.78 manat pul mənimsəmə və israf yolu ilə talanıb.

Qasım Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə filial rəhbərinə qarşı irəli sürülən ittihamın sübuta yetirib və 2009-cu il iyulun 7-də sonuncu məhkəmə prosesində Qasım Kərimovu 5 il müddətinə azadlıqdan məhrum edib.

“Aqrolizinq”in neçə işçisi barədə cinayət işi açılıb?

“Aqrolizinq”də dövlət əmlakının talançılığı üzrə faktlar təkcə bunlarla məhdudlaşmır. Araşdırma zamanı onu da öyrəndik ki, analoji mənimsəmə faktları Bərdə rayonunda da qeydə alınıb. ASC-nin Bərdə filialının rəhbəri bu ilin avqustunda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum olunub. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilən Vüqar Zeynalov da Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaqa cəlb edilib. Təxminən bir il davam edən istintaq və məhkəmə prosesində onun 160 min manat dövlət vəsaitinin mənimsədiyi hüquqi təsdiqini tapıb.

Əldə etdiyimiz məlumatlara görə, analoji araşdırmalar “Aqrolizinqin” Saatlı, Tərtər, Kürdəmir, İmişli, Biləsuvar rayonlarındakı filiallarında da aparılır. Hətta dövlət əmlakını taladığına görə bir neçə vəzifəli şəxsin yenidən istintaqa cəlb olunduğu bildirilir. “Aqrolizinq”in mətbuat xidmətinin rəhbəri isə bu məlumatları təkzib edir və bildirir ki, hazırda ASC-nin heç bir strukturunda belə hal qeydə alınmayıb.

Maraqlıdır ki, Pirvəli Həsənov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin barəsində hökm çıxardığı Vüqar Zeynalovun da onların işçisi olmadığını söyləyir. Onun dediyinə görə, həmin şəxs sadəcə ASC-nin Bərdə filialından icarəyə texnika götürüb, texnikanın pulunu qaytarmadığından həbsə alınıb.

Mətbuat xidmətinin rəhbəri onu da söyləyir ki, yoxlamalar artıq başa çatıb və “Aqrolizinq”in işçilərindən heç biri günahkar bilinməyib.

Yeri gəlmişkən, bir müddət əvvəl “Azadlıq” radiosu Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsinin “Aqrolizinq”dəki saxtakarlıq və mənimsəmə faktlarına dair xüsusi hesabat hazırladığı haqda məlumat yaymışdı. Bu ilin martında hazırlanmış arayışdan bəzi seçmələri təqdim edirik.

Bildirilir ki, “Aqrolizinq”in aldığı texnikanın yalnız 38,9 faizi lizinqə verilib. Bu texnikanın 46,5 faizi istifadə üçün aqroservislərə paylanıb, digər 13,6 faizi (1293) bazalarda istifadəsiz qalıb.

Hesabatda 2005-2009-cu illərdə “Aqrolizinq”in Azərbaycana 100,1 milyon manat dəyərində 8085 ədəd texnika gətirdiyi bildirilir. Ancaq Dövlət Gömrük Komitəsi həmin dövrdə ölkəyə 84,9 milyon manatlıq 6089 ədəd texnika gətirilməsi haqqında rəsmi məlumat verir. Bu o deməkdir ki, ASC rəsmi elan etdiyindən 15,2 milyon manatlıq 1996 ədəd az texnika gətirib.

Gəncə Avtomobil Zavodundan 2009-cu ildə 500 traktor alındığını bildirsə də, “Aqrolizinq”in ötən ilin yekununa dair hesabatında bu rəqəmin 700-ə yaxın olduğu qeyd olunur.

Bu nə texnikadı belə?

“Aqrolizinq” ASC-nin ölkəyə gətirdiyi maşınların keyfiyyətinin qənaətbəxş olmadığını iddia edənlər az deyil. Fermerlər söyləyir ki, rayonlara gətirilmiş texnikaların 30-40 faizi ya keyfiyyətsizlik, ya da tələbata cavab verməməsi üzündən anbarlarda qalır. Elə texnika var ki, cəmi iki mövsüm işləyir. Çoxunun ehtiyat hissələri tapılmır.

Bərdə və Tərtər rayonlarında həmsöhbət olduğumuz torpaq sahibləri bildirirlər ki, belə texnikalar daha çox Çin şirkətlərinin kombaynlarıdır. “HOWO”, “Foton”, “Cohn Deere”, “Sinoharv”, “Dong Feng”, “Tie Ma”, “Chang Lin”, “Lin Gong” kimi Çin şirkətlərinin istehsalı olan texnikalar tez sıradan çıxdığından onlar uzunmüddətli istifadəyə yarasızdır.

“Aqroservis” ASC-nin Bərdə rayon filialında bu narahatlıqları da bölüşürlər. Filialın nümayəndələri bildirirlər ki, 2005 və 2006-cı illərdə Çindən müxtəlif növ kənd təsərrüfatı texnikaları gətirilib. Əsasən taxılbiçən kombaynlardan ibarət bu texnikalar məhsuldarlıq və məhsulu itkisiz biçmək baxımından Yaponiya və Koreya istehsallı texnikalardan geri qalır. Üstəlik bu kombaynlar azca çökək ərazilərdə hərəkət edə bilmir və nəticədə biçilən məhsulun bir hissəsi itkiyə gedir.

Kənd təsərrüfatı insanlardan yeyir

Beləliklə, “Aqrolizinq” ASC dəyəri milyon manatlarla ölçülən çoxlu sayda kənd təsərrüfatı texnikası gətirsə də, onların çoxu işə yaramır. Ya zəlzələdən, ya da vəlvələdən. Nəticə eynidir – hətta güzəştli şərtlər əsasında belə, fermerlərə təklif olunan texnikaları almağa çoxlarının imkanı çatmır. “Aqrolizinq”in texnikasının yarıya qədəri hələ də lizinqə verilməyib. Səhmdar Cəmiyyətin və ona aid strukturların da fəaliyyəti şəffaf və açıq deyil. Bütün bunlar fermerlərin dövlətə olan inamını, əkib-becərməyə marağını itirir. Kənd təsərrüfatı nəinki insanları yedirən, əksinə insanlardan yeyən sistemə çevrilir...

Qurban YAQUBOĞLU

P.S. Yazı Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun jurnalistlər üçün keçirdiyi müsabiqə çərçivəsində hazırlanıb

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür