Modern.az

Deputat Sevinc Fətəliyeva: "Özümə indidən peşəkar siyasətçi deyə bilmərəm"

Deputat Sevinc Fətəliyeva: "Özümə indidən peşəkar siyasətçi deyə bilmərəm"

3 Dekabr 2010, 18:00

Bakı Slavyan Universitetinin kafedra müdiri Sevinc Fətəliyevanın deputat kimi ilk müsahibəsi…

- Sevinc xanım, siz 4-cü çağırış parlamentin yeni üzvlərindən, həm də ən gənc millət vəkillərindənsiniz. Bu baxımdan, parlamentdə təmsil olunmaq sizin üçün nə deməkdir?

- Bir gənc millət vəkili olaraq parlamentdə təmsil olunmaq mənim üçün böyük şərəf və məsuliyyət deməkdir. Eyni zamanda, parlamentdə yeni təmsil olunmağıma baxmayaraq, özümü burada tam rahat hiss edirəm. Mən parlamentdə Azərbaycan gəncliyini təmsil edən millət vəkillərindən biriyəm və bunun özü Azərbaycanda gəncliyə, gənclərə qayğı, diqqətin olduğuna bir nümunədir. Gəncliyə, gənclərə diqqət, qayğı da dövlət siyasətinin tərkib hissəsidir və bu  siyasətin də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də onun bu yöndəki siyasəti cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirir. Şəxsən mən də belə hesab edirəm,  bu gün gənclərə daha çox önəm verilməli, onlar daha çox irəli çəkilməli, həmçinin gənclər parlamentdə daha çox təmsil olunmalıdırlar. Fərəhli haldır ki, bu gün parlamentimizdə də gənclərin sayı çoxdur, həmin gənclərdən biri olduğuma görə də özümü xoşbəxt sayıram. Biz inkişaf dövründə yaşayırıq və təbii ki, gənclərsiz inkişaf olmur.

- Bu yaxınlarda 4-cü çağırış parlamentin ilk iclası keçirildi. Həmin iclasda özünüzü necə hiss etdiniz? Ümumiyyətlə, ilk iclas barədə təəssüratınız necə oldu?

- Bilirsiniz, hamı kimi mən də özümü parlamentdə çox normal, rahat hiss etdim. İlk iclasla da bağlı təəssüratım çox yüksəkdir. Bu iclasda millət vəkilləri ilə yanaşı, dövlət başçımız İlham Əliyev, eləcə də digər rəhbər şəxslər iştirak edirdi. Onlarla bir yerdə olmaq mənim üçün çox xoşuydu. Bu, mənim üçün böyük şərəfdir. Şərəf, qürur duyuram ki, mən də bu insanların arasındayam, 125 millət  vəkilindən biriyəm və digərləri kimi mən də xalqıma, dövlətimə qulluq edəcəyəm, xidmət göstərəcəyəm. Bundan artıq nə ola bilər ki?

- Hazırda parlamentdə kiminlə yanaşı əyləşirsiniz?

- Bu, mənim həm deputat həmkarım, həm də işlədiyim Bakı Slavyan Universitetinin prorektoru Sahibə xanım Qafarovadır. Bunun özü də mənim üçün şərəfdir.

- Bəzi ölkələrdə, xüsusilə, Skandinaviya ölkələrində həm dövlət idarəçilik orqanlarında, həm də parlamentdə qadınların təmsilçiliyi ilə bağlı kvota müəyyən olunub. Bizdə də bu məsələ ilə bağlı çeşidli fikirlər səslənir. Bəziləri bunu lazım bilir, bəziləri isə buna ehtiyac olmadığını vurğulayırlar. Siz bir  xanım millət vəkili olaraq, bu haqda nə fikirdəsiniz - qadınlarla bağlı kvotanın müəyyənləşdirilməsinə ehtiyac görürsünüzmü?

- 4-cü çağırış parlamentdə əvvəlki çağırışlardan  fərqli olaraq, qadın deputatların sayı xeyli artıb. Hazırda 125 millət vəkilindən 20-si qadın parlamentaridir. Ancaq  şəxsən mənim üçün bu məsələnin bir o qədər də fərqi yoxdur. Fərqi yoxdur ki, millət vəkili kişidir, yoxsa qadındır. Əsas odur ki, öz işini, öz fəaliyyətini düzgün qura, müəyyənləşdirə biləsən, xalqına, dövlətinə, səni seçənlərə, sənə səs verənlərə sədaqətlə, ləyaqətlə xidmət edəsən. Ona görə qadınlarla bağlı xüsusi kvotanın müəyyənləşdirilməsinə bir o qədər də ehtiyac duymuram.

- Ancaq bəzən də belə fikirlər səslənir ki, qadınlara qarşı dövlət  idarəçiliyində, o cümlədən, parlamentdə iştirakla bağlı bir qısqanclıq, dözümsüzlük var…

- Bu, əslində qadınların təşşəbbüskarlığının az olmasından irəli gəlir. Hesab edirəm ki, qadınlar özləri daha çox təşəbbüskar olmalıdır, irəliyə, getməyə özləri can atmalıdırlar.

Əgər belə olarsa, bu cür söz-söhbətlərə də ehtiyac qalmaz. Eləcə də qadınlar özləri-özlərinin problemlərinin daha çox həllinə nail ola bilərlər. Mən bu məsələdə qadınları daha çox təqsirkar hesab edirəm. Ancaq onu qeyd edim ki, Azərbaycanda istər dövlət idarəçiliyində, istərsə də digər sahələrdə qadınlarla bağlı hansısa məhdudiyyətlər, qadağalar yoxdur. Bu gün xeyli sayda qadınlarımız məsul vəzifədə çalışırlar. Lakin bir daha qeyd edirəm ki, bu məsələdə daha çox qadınlar özləri fəal, təşşəbbüskar olmalıdırlar.

- Deputatlıq sizin üçün nədir, vasitə, yoxsa məqsəd?

- Təbii ki, məqsəd.

- Belə olan halda, deputat kimi məqsədiniz nədir, bilmək olarmı?

- Məqsədim dövlətimə, xalqıma, seçicilərimə qulluq etməkdir. Məsələn, mən özüm Suraxanı rayonundan millət vəkili seçilmişəm. Seçilməzdən əvvəl, yəni, təbliğat-təşviqat kampaniyası zamanı  təxminən bir ay təbliğat-təşviqatla məşğul olmuşam, insanlarla görüşmüşəm, onları narahat edən məsələlərlə maraqlanmışam və demək olar ki, lazım olan bütün məlumatların toplamışam.

Düzdür, həmin rayonun sakini deyildim, ora ilə elə bir əlaqəm yoxuydu, amma bununla belə, bir ay ərzində həmin rayonun, namizədi olduğum, seçildiyim dairənin insanları ilə qaynayıb-qarışa bildim, onlardan biri oldum. Demək istəyirəm ki, artıq həmin rayonun problemlərini yaxşı bilirəm və bütün fəaliyyətimi də həmin problemlərin həllinə yönəltmişəm. Çalışacağam ki, bir millət vəkili kimi seçicilərimə, dövlətimə, xalqıma, ləyaqətlə, şərəflə, vicdanla xidmət edim. Bunu özüm üçün bir borc, vəzifə hesab edirəm.

- Özünüzü peşəkar siyasətçi necə, hesab edirsinizmi?

- Xeyr. Mən siyasətdə hələ ilk addımlarımı  atıram. Ona görə də özümə indidən peşəkar siyasətçi deyə bilmərəm.

- Siz seçkilərdə hakim partiyanın rəsmi namizədlərindən biri olaraq  iştirak edirdiniz. Ona görə bilmək istərdik ki, bu partiyaya nə vaxtdan gəlmisiniz?

- Mən bu partiyada 2006-cı ildən təmsil olunuram və bundan böyük qürur hissi keçirir, fəxr duyuram. Belə bir partiyanın üzvü olmağıma görə də özümü xoşbəxt sayıram. Partiyamız da mənə inanıb, etimad göstərib və namizəd olaraq seçkilərdə dəstəkləyib. Məhz partiyamızın və Suraxanı seçicilərinin dəstəyi sayəsində də parlamentə üzv seçilmişəm. Onu da qeyd edim ki, 1993-cü ildən bu yana ölkədəki bütün uğurların, nailiyyətlərin hamısı bu partiyanın, onun yaradıcısının - mərhum dövlət başçımız Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Belə bir partiyada təmsil olunmaq insana ancaq şərəf gətirər.

- Bildiyimizə görə, siz həm də ailəlisiniz. Belə olan təqdirdə, ailəli olmaq sizin həm millət vəkili, həm də gənc siyasətçi kimi fəaliyyətinizə hər hansı mənfi bir təsir göstərmir ki?

- Mən bu yanaşmanı bir o qədər də düzgün saymıram. Bu, əksinə, qadınların ictimai-siyasi həyatda, fəaliyyətdə rolunu azaldır. Mənim fikrimcə, bütün xanımlar ailəli olmalıdırlar. Ancaq bu o demək deyil ki, biz evdə oturmalıyıq. Ailənin öz yeri var, ictimai-siyasi həyatın, fəaliyyətin öz yeri. Şəxsən mən hesab edirəm ki, bunlar bir-birinə  mane olmur və olmamalıdır.

- YAP-çı bir millət vəkili kimi, istər parlamentdə, istərsə də bütövlükdə cəmiyyətdə müxalifətin olmasına tərəfdarsınızmı, bunu istəyirsinizmi?

- Əlbəttə, istəyirəm. Dünyanın bütün demokratik dövlətlərində  və  parlamentlərində həm müxalifət, həm iqtidar partiyasının, həm də heç bir partiyanın üzvü olmayan, ancaq aktiv siyasətlə məşğul olan insanlar təmsil olunurlar. Parlament təkcə iqtidarın parlamenti deyil ki... Bu, bütövlükdə ölkəmizin, xalqımızın seçkili orqanıdır. Bu baxımdan, xalqın etimadına malik olan bütün qüvvələr istər parlamentdə, istərsə də cəmiyyət həyatında təmsil olunmalı, iştirak etməlidirlər.

- Parlamentin yaxın iclaslarından birində Milli Məclisin komitələrinin tərkibləri formalaşdırılacaq. Siz, bu komitələrdən hansında təmsil olunmaq istərdiniz?

- Mən özüm Bakı Slavyan Universitetinin ingilis filologiyası kafedrasının müdiriyəm, ingilis dili mütəxəssisiyəm. Ona görə özümü həm təhsillə, həm də beynəlxalq əlaqələrlə bağlı komitələrdə görürəm. Ancaq buna yəqin ki, parlament qərar verəcək.

- Bununla  yanaşı, parlamentin əksər beynəlxalq  təşkilatlarda  Avropa Şurası, ATƏT, NATO, MDB, İKP parlament assambleyalarında və sair, nümayəndə heyətləri var. Bu nümayəndə heyətlərindən bəs hansında təmsil olunmaq istərdiniz?

- Bu təşkilatların hamısı mənim üçün maraqlıdır. Eyni zamanda, Azərbaycanı, Azərbaycan parlamentini həmin təşkilatların hər hansı  birində təmsil etmək mənim üçün böyük şərəfdir. Ancaq bu məsələ də tək mənim istəyimlə bağlı deyil. Milli Məclis rəhbərliyi harada məsləhət bilsə, orada da fəaliyyət göstərəcəyəm.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir