Modern.az

Azay Quliyev: “ATƏT NATO-dan cəsarətsiz çıxdı”

Azay Quliyev: “ATƏT  NATO-dan cəsarətsiz çıxdı”

4 Dekabr 2010, 15:11

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Astana sammiti bu qurumun pərakəndə təşkilat olduğunu bir daha təsdiq etdi. Mövzuyla bağlı Modern.az saytı Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyevdən müsahibə alıb.  


- Azay müəlim, ATƏT-in Astana sammitini nəticə etibarilə necə dəyərləndirirsiz?

- Fikrimcə ümumi yanaşsaq, bu o qədər də  uğurlu sammit olmadı. Çünki sammitdən gözlədiyimiz ciddi və təsirli qərarların şahidi olmadıq. Baxmayaraq ki, 11 il ildən sonra ATƏT-in zirvə toplantısının baş tutması özü-özlüyündə böyük hadisə və fürsət idi, ancaq təəssüf ki, bu fürsət qaçırıldı. Sammitdə ATƏT-in nizamnaməsinə və prinsiplərinə uyğun bir sıra ciddi məsələlərlə bağlı konkret mövqe ortaya qoyulmalı idi. Bunlardan ən birincisi mövcud konfliktlərin həlli, ölkələrnin ərazi bütövlüyünun təminatı və  beynəlxalq cinayətkarlıqla   mübarizə məsələsi idi. Bu məsələyə ayrı-ayrı çıxışlarda toxunulsa da,  amma bütövlükdə yekun bəyannamədə  bu prinsiplər öz əksini tapmadı. Bu da bir  daha onu göstərir ki,  ATƏT bir beynəlxalq təşkilat olaraq özünü doğrultmur və üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirə bilmir. Bu sammit bir daha göstərdi ki, ATƏT-də ciddi şəkildə islahatlara ehtiyac var. Əgər bu durum  ciddi dəyərləndirilməzsə, ATƏT-in lazımsız və gərəgsiz bir  quruma çevrilməsi təhlükəsi ciddi şəkildə arta bilər.
Azərbaycan prizmasından baxdıqda isə biz bir daha bu tribunadan istifadə edərək, öz mövqeyimizi açıq və konkret şəkildə ifadə etdik. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin çıxışı bütün iştirakçılar tərəfindən həm diqqətlə, həm maraqla,  həm də hörmətlə qarşılandı. Cənab Prezident nəhayət 20 il davam edən ATƏT səviyyəsində aparılan danışıqların bir nəticə vermədiyini təəssüflə qeyd etdi. Bir daha həmin fikri vurğuladı ki, doğurdan da ATƏT və onun Minsk qurupu konkret olaraq təcavüzkarı yerində oturda bilmirsə, ATƏT-in nizamnamə prinsiplərini, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini saya salmayan və ümumiyyətlə beynəlxalq hüquq normalarını nümayişkarcasına  pozan Ermənistana əgər “dur” demirsə, deməli artıq bu təşkilat yerində deyil. Unutmaq lazım deyil ki, ATƏT məhz ona görə yaradılıb ki, Avropa da sülh, təhlükəsizlik və əməkdaşlıq məsələlərini həll etsin. Azərbaycan NATO-nun üzvü olmasa da, bu qurum Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox vacib sənəd qəbul edib. Ancaq Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsinin həllini beynəlxalq müstəvidə üzərinə götürən ATƏT bu istiqamətdə bir addım belə ata bilmir. Bu da onu deməyə əsas verir ki, ATƏT NATO-dan cəsarətsiz çıxdı.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çox haqlı olaraq ATƏT-i məhz bu baxımdan tənqid etdi və onun 20 illik nəticəsiz fəaliyyətini xüsusilə qabartdı.

- Azərbaycanın ən böyük problemi Qarabağ məsələsinin həllini beynəlxalq  müstəvidə ATƏT-in Minsk qrupu öz üzərinə götürüb. Bu qurumun fəaliyyəti bu şəkildədirsə, Minsk qrupundan nə gözləmək olar?

- Cənab Prezidentin çıxışına diqqət yetirsəniz görərsiniz ki, dediyiniz məsələ orada açıq şəkildə qeyd olunub. Ermənistanın təcavüzkarlığını bütün faktlarla sadalayan Prezident öz ölkəsinin mövqeyini də acıq şəkildə bildirdi. Biz ATƏT-in Minsk qrupunun yaradılmasına o ümidlə  razılıq verdik ki, bu qrup  konkret olaraq tərəflərin bir saziş imzalanmasına və Azərbaycanın ərazi bütövlüyünün  bərpasına, işğalın sona çatmasına kömək etsin. Amma  təəssüf ki, bu, baş vermədi. Təsəlli də olsa, keçən müddət ərzində biz Ermənistana qarşı nə bir sanksiyanın, nə də  ciddi bir beynəlxalq təzyiqin də şahidi olmadıq. Nəticədə məsələnin sülh yolu ilə  həllinə hələ də  ümid bəsləyənlərin inamı Astana sammitindən sonra  birdəfəlik sarsıldı. Bu həm də Minsk qrupunun arbitr və ya vasitəçi kimi tam iflası deməkdir.  Mənə elə gəlir ki, gələcəkdə Azərbaycanın başqa qərar qəbul etməsini, yəni güc yolu ilə torpaqlarını azad etməsini heç kim təəccüblə qarşılamamalı və onu qınamamalıdır. Çünki artıq bütün dünya, beynəlxalq təşkilatlar Ermənisatanın  qeyri-konstruktiv hərəkətinin və məsələnin  sülh yolu ilə həllini istəməməyinin bir daha şahidi oldu. Elə cənab Prezidentin çıxışının da əsas məzmunu bu idi ki, Ermənistan çalışır ki, bu danışıqlar mənasız bir mərhələyə çatsın və süni şəkildə uzadılsın. Buna isə yol vermək olmaz.

- ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ən fəal nümayəndə heyətlərindən biridir. Buna rəğmən, ATƏT PA ATƏT-in sammitlərində hansısa sənədlərin qəbul olunmasında nə kimi rol oynayır?

- ATƏT-in Parlament Assambleyası Kiyev şəhərində ATƏT ərazisində olan konfliktlərin həllinə dair  2007-ci ilin iyul ayında qətnamə qəbul etdi. Qətnamədə açıq şəkildə bildirilirdi ki,  mövcud konfliktlər yalnız dövlətlərin ərazi büytövlüyü və suverenliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edimiş sərhədlərin toxunulmazlığı şərti ilə həll oluna bilər. ATƏT-in Parlament Assambleyasında dəfələrlə biz bu məsələni qaldırmışıq. Amma heç bir nəticə olmayıb və ATƏT-in Minsk qurupunun fəaliyyətində bu, öz əksini tapmayıb. ATƏT-in Parlament Assambleyasında məni qane etməyən ən mühüm məqam ondan ibarətdir ki,  bu qurumun prezidentinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi və məruzəçi Qoran Lenmarker  kecən müddət ərzində təəssüflər olsun ki, mövcud durumla bağlı hesabatı hazırlayıb parlament assambleyasının müzakirəsinə təqdim etmədi. Baxmayaraq ki, Azərbaycan nümayəndə heyəti dəfələrlə bu məsələni qaldırdı. Hər dəfə də müxtəlif bəhanələr irəli sürüldü. Qoran Lenmarker hər dəfə gələndə “Qızıl imkan ”dan danışdı. Hesab edirəm ki, o, bu məsələlərdə səmimi deyil. Təklikdə görüşəndə də bu məsələni dəfələrlə onun özünə demişik. Məncə bu hesabatın hazırlanmaması balanslaşdırma adı altında Ermənistanın xeyirinə olan jestdir. Çünki, hesabat hazırlanacağı təqdirdə, acıq şəkildə Ermənistan təcəvüzkar dövlət kimi qiymətləndirilməli idi. Onun işğal etdiyi ərazilər, qacqın düşmüş 1 milyon insanın hüquqları qeyd olunmalı idi. Ermənistanın qeyri-qanuni olaraq ərazilərin demoqrafik göstəricilərini dəyişdirməsi və etnik təmizləmə siyasəti qeyd olunmalı idi. Beləcə, balanslaşma adı ilə balans pozuldu. Hesabatda bütövlükdə Ermənistanın bütün əməlləri, bunu nəticəsində Azərbaycanın düşdüyü vəziyyət  qeyd olunmadı. Biz ATƏT-in Parlament Assambleyasının yeni formalaşan rəhbərliyindən xahiş edəcəyik ki, bu məsələyə yenidən qayıdılsın.

- Azay müəllim, Astana sammitindən öncə dünyanın bir çox ölkələrinin rəhbərləri bildirirdi ki, bu sammit Qarabağ problemini həllində irəliyə doğru ciddi bir addım ola bilər. Ancaq ATƏT-in mövqeyində bir pərakəndəlik hiss etdik, sizcə bu nədən irəli gəlir?

- Məncə, Astana sammitinə bəzi dövlətlər səmimi dəstək vermədilər. Bəlkə də bəziləri üçün  bu məsələnin Astanada  olması o qədər məqbul sayılmazdı. Dövlətlərarası münasibətlər, Minsk qurupunun həmsədr ölkələri arasında yanaşma fərqlidir və qısqanclıq və ya rəqabət açıq şəkildə hiss olunur. Bu prosesdə önə kecmək istəkləri hiss olunur. Mənim fikrimcə,  ABŞ prezidenti Barak Obamanın  və Fransa prezidenti Nikolo Sarkozinin Astana sammitinə qatılmaması da  proseslərin  nisbətən sönük məcrada kecəcəyini əvvəlcədən söyləməyə əsas verirdi. Əvvəlcədən deyilirdi ki, həmsədr ölkələrin-ABŞ, Rusiya və Fransanın dövlət başcıları bu məsələdə daha çox fəallıq göstərəcək. Bu ölkələrin səyi nəticəsində Dağlıq Qarabağla bağlı ciddi bir addım atılacaq. Əldə olunan razılaşmalar müəyyən bir sənəddə öz əksini tapacaq. Biz də ictimaiyyət olaraq gözləyirdik ki, nəhayət, Ermənistana müəyyən təzyiqlər olacaq və  Ermənistanın tutduğu absurd və qeyri-müəyyən, eləcə də qeyri-konstruktiv mövqeyi yumşaldılacaq, danışıqların önü açılacaq. Sülh sazişinə yaxınlaşmaq üçün ciddi bir məsafə qət olunacaq.
Amma bu baş vermədi və görünür bunu istəmədilər. Hesab edirəm ki, Minsk qrupu həmsədr ölkələrinin arasında olan münasibətlərin  mövcud durumu buna imkan vermədi. Türkiyənin prezidenti cənəb Abdulla Gülə bir daha təşəkkür etmək lazımdır ki, o, Azərbaycanın mövqeyini bir daha orada səsləndirdi. Ermənistan prezidentinin sərsəm çıxışından sonra, Gül öz çıxışının bir hissəsini Qarabağa həsr etdi və Qarabağ probleminin yalnız və yalnız Azərbaycanın  ərazi bütövlüyü, suverenliyi çərçivəsində mümkün ola biləcəyini bildirdi.

- Butün bunlardan sonra Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzərinə hansı vəzifələr düşür, şəxsən Azay Quliyev  hansı təkliflərlə çıxış etmək fikrindədir? 

- Nümayəndə heyətinin tərkibində kimin olmasından asılı olmayaraq, hər kəs cənab Prezidentin Astanadakı çıxışının tezislərini əsas götürməli və fəaliyyətini bu istiqamətdə qurmalıdır. Bu baxımdan  nümayəndə heyəti  əvvəllər olduğu kimi, gələcəkdə də  bu məsələni gündəmdə saxlamalıdır. Hər bir iclasda, toplantıda Dağlıq Qarabağ haqqında danışmalı, Ermənistanın işğalçılıq siyasətini dönə-dönə ifşa etməliyik. Çalışmalıyıq ki, ATƏT-in Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bir qətnamə qəbul etsin və Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə ittiham etsin. Bu Parlament Assambleyası  tərəfindən ən doğru və ədalətli yanaşma olardı.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir